“Javelin”lər Donbasdan uzaqda saxlanılacaq, yoxsa...

2018/01/IMG-20180105-WA0014_1515165884.jpg
Oxunub: 4028     23:17     05 Yanvar 2018    
ABŞ-ın Ukraynanı silahlandırma planı Rusiyanı qəzəbləndirib və pisləşən münasibətləri bir az da şiddətləndirib. Lakin ABŞ tərəfi üçün daha böyük təhlükə isə “Javelin” tank əleyhinə raketlərin onun rəqibin əlinə keçməsidir.

Ordu.az xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin Ukrayna bürosunun məqaləsində qeyd olunub.

“Ukraynaya silah təminatı hökumət qüvvələrinin potensial üsyançı hücumlara qarşı müdafiə imkanlarını gücləndirməklə münaqişənin qızğın bir müharibəyə çevrilməsinin qarşısını almalıdır. ABŞ rəsmiləri bütün təhlükələrin diqqətlə nəzərdən keçirildiyini bildirib. Bu silahlar Ukraynanın şərqindəki cəbhə xəttindən uzaqda xidmət göstərən dəstələr üçün verilib. Bununla da Ukraynanın silahlardan hücum məqsədilə istifadə etmədiyindən və onların düşmənin əlinə keçməyəcəyindən əmin olunacaq”, - deyə məqalədə qeyd olunur.

ABŞ nümayəndələrinin bu tipli narahatlıqları təsadüfü deyil. Çünki keçmişdə belə hallar Gürcüstan, Suriya və elə Ukraynada baş verib.

ABŞ 2008-ci il hadisələri zamanı Gürcüstana təlimlər və ləvazimat yardımı edib. Bu ləvazimatlar daha sonra separatçılar tərəfində Gürcüstan bazalarından ələ keçirildi. Eyni hal Suriyada da yaşandı. ABŞ və onun NATO-dakı müttəfiqləri Suriyada üsyançıları silahla təmin etdilər. Həmin silahlar isə İŞİD terrorçularının nəzarətinə keçdi.

2014-cü ildə separatçıların artilleriya hücumları etdikləri yerləri müəyyənləşdirmək üçün ABŞ tərəfindən Ukrayna Silahlı Qüvvələrinə verilən və Donetsk regionunda yerləşdirilən qısa mənzilli radar sistemləri də sonradan separatçıların əlinə keçdi. Lakin o zaman Ukrayna Silahlı Qüvvələrinin nümayəndəsi qoşunların ərazidən çəkilməzdən əvvəl bu radarların hissələrinin məhv edildiyini bildirdi.

ABŞ və Ukrayna rəsmiləri bu məsələnin ciddi olduğunu bildirirlər. Çünki separatçılar “Javelin” raketlərini ələ keçirsələr, onlar Ukrayna tanklarına qarşı çox böyük üstünlük əldə edəcəklər.

Qeyd edək ki, dekabrın 25-də yayılan məlumata görə, Donald Trampın yaxın zamanlarda Ukraynaya “Javelin” tank əleyhinə raketlərin satılması ilə bağlı qərarı təsdiqləyəcək.

Hazırlanan müdafiə paketi 47 milyon dollarlıq 210 ədəd raket və 35 ədəd raket atıcını ehtiva edir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Javelin   Donbas   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin