Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Minskdə keçirilən KTMT-nin iştirakçı dövlətlərinin Xarici İşlər Nazirləri, Müdafiə Nazirləri və Təhlükəsizlik Şuralarının katiblərinin birgə iclasında Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Vigen Sarkisyan və təhlükəsizlik şurasının heyət rəhbəri vəzifəsini icra edən Aram Tananyan iştirak ediblər.
Görüşdə KTMT-yə üzv ölkələrin xarici siyasətlərinin əlaqələndirilməsi, hərbi və hərbi-texniki əməkdaşlıq, informasiya təhlükəsizliyi, terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Birgə iclasda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının daha da təkmilləşdirilməsi ilə bağlı məsələlərə də toxunulub.
İclas zamanı Ermənistan nümayəndə heyəti Qarabağ münaqişəsi ilə bağlı növbəti dəfə təxribata əl atıb.
Belə ki, nümayəndə heyəti adından çıxış edən Edvard Nalbandyan həmkarlarına Ermənistanın təşəbbüsü ilə hazırlanmış Qarabağ məsələsi ilə bağlı Kollektiv Təhlükəsizlik Şurasının bəyanat layihəsini təqdim edib.
Təbii ki, Ermənistan tərəfindən irəli sürülən təxribatçı layihə KTMT prinsiplərinə uyğun deyil. Bu baxımdan, layihənin ciddi olaraq nəzərdən keçirilməsi də inandırıcı deyil. Lakin yenə də iclas zamanı növbəti təxribatçı addımların atılması istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az