Sabiq erməni president: “Ya bu, ya o” yox, “həm bu, həm o” formulunu seçmək lazımdır”

2026/06/1780313527.jpg
Oxunub: 260     15:27     01 İyun 2026    
“Ya bu, ya o” formulunu yox, “həm bu, həm o” formulunu seçmək və hamımıza yaxşı tanış olan böyük Rusiya bazarında pul qazanmaq, sonra isə bu vəsaiti istəsək, Parisdə və ya Brüsseldə Avropada xərcləmək lazımdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun deputatlığa namizədlər siyahısına rəhbərlik edən Robert Köçəryan Rusiyanın RBK telekanalına müsahibəsində bildirib.

Seçkilərdə qalib gəldiyi təqdirdə blokunun ölkədə nəyi dəyişməyi planlaşdırdığı ilə bağlı suala cavab verən Köçəryan qeyd edib ki, xarici siyasət kursu tamamilə fərqli olacaq.

Eyni zamanda, Köçəryan xüsusilə vurğulayıb ki, onlar Rusiya ilə münasibətlərə qarşı deyillər, əksinə, onların daha da yaxşılaşacağına inanırlar.

Onun sözlərinə görə, kiçik dövlət güc mərkəzləri arasındakı ziddiyyətləri kəskinləşdirməməli və ya onlarla oyun qurmamalıdır, əksinə, o, mövcudluğunu həmin ziddiyyətlərin həll olunduğu məkanlarda göstərməlidir.

Köçəryan bunun öz prezidentliyi dövründə kompromis siyasəti çərçivəsində həyata keçirildiyini bildirib.

Köçəryan keçmiş illərin qonşu Gürcüstanını nümunə gətirərək orada baş verən prosesləri onun “kabusu” adlandırıb.

Onun fikrincə, Gürcüstan rəhbərliyi əks məntiqlə hərəkət edirdi, maraqların toqquşduğu zonalara daxil olur, bir tərəflə əlaqələri qıraraq digərindən fayda götürməyə çalışırdı, nəticədə Gürcüstan Rusiyadan tamamilə uzaqlaşıb, ABŞ-yə və Avropa İttifaqına yönəlib.

“Əgər insan konfliktlidir, o, həm daxili siyasətdə, həm də xaricdə daim konflikt yaradır, konfliktin içindən qazanc çıxarmağa çalışır. Amma konflikt zamanı yalnız bir tərəfdən qazana, digər tərəfdən isə uduza bilərsən”, - deyə Köçəryan izah edib.

O qeyd edib ki, Ermənistan nə qədər güclü və geosiyasi baxımdan önəmli olmasa da, özünə belə bir yol seçməsinə imkan verə bilməz.

“Buna görə də hakimiyyət vəziyyətdən öz məqsədləri üçün istifadə etməli, başqalarının mübahisələrini kəskinləşdirməməlidir. Ermənistan həmişə müəyyən sahələrdə faydalı ola bilən dövlət kimi özünü uğurla mövqeləndirə bilib. Bununla yanaşı, İrəvan heç vaxt böyük güclərin və tərəfdaşların öz təhlükəsizliklərinə təhdid kimi qəbul edə biləcəyi addımlar atmamalıdır.

Bu o deməkdir ki, biz İrandan təhlükəsizlik təhdidi yaradacaq addımlar atmamalıyıq və Rusiyanın da bizim addımlarımızı öz təhlükəsizliyinə və regiondakı mövcudluğuna təhdid kimi qəbul etməməsinə çalışmalıyıq”, - deyə sabiq erməni prezident vurğulayıb.

Ukrayna münaqişəsi fonunda Moskvanın gücünün necə qəbul edildiyinə toxunan Köçəryan qlobal arenada nəhəng imkanlara malik yeni böyük oyunçunun ortaya çıxdığını, onu öz sərhədləri yaxınlığında görməzdən gəlməyin sadəcə uzaqgörənliksizlik olduğunu bildirib. Onun sözlərinə görə, bu böhran göstərib ki, bu gün obyektiv olaraq üç supergüc mövcuddur, bunlar ABŞ, Çin və Rusiyadır.

“Sonuncu isə milli maraqları uğrunda çox şeyə hazır olduğunu göstərdi. Ermənistan yalnız öz maraqlarından çıxış edən düzgün, balanslı münasibətlər qurmalıdır, Brüssel və ya Vaşinqtonun göstərişlərinə əsaslanmamalıdır. Böyük oyunçular sonda bir-biri ilə dil tapacaqlar, amma qeyri-sabitlik dövründə uzaqgörən olmayan qərarlar vermiş olanlar əliyalın qalacaqlar”, - deyə Ermənistanın sabiq prezidenti bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin