“Aİ ilə AİB arasında seçim qeyri-mümkün arzu ilə müəyyənlik arasında seçimdir” - Köçəryan

2026/06/1780313482.jpg
Oxunub: 256     15:23     01 İyun 2026    
“Bu gün Ermənistanın qarşısında duran Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi Birliyi (AİB) arasında seçim, qeyri-mümkün bir arzu ilə iqtisadiyyatın inkişafına ciddi şəkildə kömək edən müəyyənlik arasında seçimdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun rəhbəri Robert Köçəryan Rusiyanın “RBC” telekanalına müsahibəsində bildirib.

Köçəryan bu seçimi “Ermənistanın bütün iqtisadiyyatı üçün ekzistensial” adlandırıb.

“Ortada elə konkret vəziyyət var ki, bu, sadəcə Ermənistan iqtisadiyyatının nəfəs almasına və inkişaf etməsinə imkan verir. Biz sanki həyatımıza real şəkildə müsbət təsir edən hər şeydən imtina edərək hansısa xülyanı prioritetə çeviririk”, - deyə keçmiş prezident izah edib.

O vurğulayıb ki, hazırda bölgədə “öz mövcudluğunu təmin etmək üçün geosiyasi mərkəzlər arasında mübarizə gedir”. Köçəryanın sözlərinə görə, avropalılar və amerikalılar “Rusiyanı sıxışdırıb çıxarmaq üçün mümkün olan hər şeyi edirlər”. Eyni zamanda, onun fikrincə, Ermənistan özü bu prosesin içərisinə “çəkilib”.

Keçmiş erməni prezidentin fikrincə, ən düzgün addım bütün bunlara qarışmamaq və geosiyasi tufanın səngiməsini gözləmək olardı, yalnız bundan sonra minimum itki ilə hansı tərəfə yaxınlaşacağına qərar vermək mümkün olardı.

O qeyd edib ki, Moskva ilə İrəvan arasında münasibətlərin pozulması halında nəticələrin Ermənistan üçün fəlakətli olacağına əmindir.

“Bu, Ermənistan üçün sadəcə fəlakət olacaq. Kənd təsərrüfatı məhsullarının 98 faizi Rusiyaya ixrac olunur. Avropa İttifaqı bazarı sadəcə qapalı və qorunan bazardır. Orada maneələr demək olar ki, aşılmazdır. Nəticələr həqiqətən də sadəcə fəlakətli olacaq. Ermənistan hakimiyyəti real alternativ təklif edə bilmir. Rusiya ilə münasibətlərin pisləşməsi halında erməni istehsalçılarının məhsullarını hara ixrac edə biləcəyi də aydın deyil”, - deyə Köçəryan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin