Ordu.az xəbər verir ki, bunu Rusiyanın RBC telekanalına müsahibəsində Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun deputatlığa namizədlər siyahısına rəhbərlik edən Robert Köçəryan bildirib.
Köçəryan qeyd edib ki, əlaqələrin hipotetik şəkildə qırılmasının nəticələri İrəvan üçün dağıdıcı ola bilər.
Onun sözlərinə görə, belə bir ssenaridə bu qədər böyük həcmdə məhsulun hara yönəldiləcəyi bilinmir və hazırkı hakimiyyətin belə konkret istiqamətə malik olduğunu göstərən heç bir əlamət yoxdur.
Sabiq erməni prezidentin sözlərinə görə, Moskva üçün isə belə bir addım demək olar ki, hiss olunmaz qalacaq, çünki Rusiyanın xarici ticarətində Ermənistanın payı cəmi 0,7 faiz civarındadır. “Rusiya tərəfi tərəvəzləri, çiçəkləri və digər məhsulları çox asanlıqla başqa ölkələrin istehsalı ilə əvəz edə bilər”, - deyə Köçəryan vurğulayıb.
Erməni siyasətçi iqtisadi əlaqələr üzərində oynamağa yönələn istənilən cəhdi “axmaqlıq” adlandırıb.
“Ölkə iqtisadiyyatını və inkişaf imkanlarını qidalandıran hər şeylə oynamaq sadəcə qısamüddətli düşüncədir”, - deyə o bildirib.
Köçəryan ölkə iqtisadiyyatının Rusiya büdcəsindən birbaşa maliyyələşmədən deyil, nəhəng bazarın sabit fəaliyyətindən asılı olduğunu deyib.
“Burada söhbət ondan getmir ki, Rusiya büdcəsi bizi hansısa formada maliyyələşdirir. Söhbət Rusiya rublundan gedir ki, bu da Ermənistan iqtisadiyyatına nəfəs almağa imkan verir”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, həmin bazar o qədər böyükdür ki, onun alıcılıq qabiliyyəti idxal həcmlərinə yalnız cüzi təsir göstərə bilər. Köçəryan münasibətlərin pisləşməsinin qaçılmaz olaraq qaz qiymətlərinin artmasına səbəb olacağını da bildirib.
“Əsas sual budur - yeni texniki və iqtisadi şərtlər altında iqtisadiyyatlarımız rəqabətqabiliyyətli qalacaq, ya yox?”, - deyə o qeyd edib.
Sabiq erməni prezident hazırkı hökuməti sərt şəkildə tənqid edərək bildirib ki, bu gün Ermənistan hökuməti ölkənin iqtisadi maraqlarına zidd olan xarici siyasət aparır. O əlavə edib ki, bu, beynəlxalq praktikada yeganə haldır.
Onun fikrincə, “Ermənistan qaz qiymətlərinin artmasına dözəcək” tipli yanaşmalar məsuliyyətsizdir.
“Dözmək, əlbəttə, mümkündür, amma məsələ ondadır ki, hansı qiymətə?”, - deyə Köçəryan vurğulayıb.
O, kiçik dövlət üçün nəhəng bazardan sərbəst istifadə imkanının öz sənayesini qorumağın və kənd təsərrüfatını inkişaf etdirməyin yeganə yolu olduğunu bildirib.
“Hazırkı vəziyyətdə Avropa İttifaqına sürətli üzvlüklə bağlı istənilən danışıq sadəcə gözəl nağıldır. Onun haqqında bəlkə xəyal qurmaq faydalıdır, amma hər hansı siyasətçi dünya barədə nağılvari təsəvvürlərlə yaşamağa başlayanda bunun qiymətini xalq ödəyir”, - deyə sabiq etməni prezident sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az