Xorvatiyanın korvet tenderində rəqabət qızışır

2026/05/corve-1778261527.jpg
Oxunub: 294     12:41     01 İyun 2026    
İspaniyanın “Navantia” şirkəti Xorvatiyanın korvet proqramı çərçivəsində “Uljanik Brodogradnja 1856” və “Nortes Blue” şirkətləri ilə iki ayrı Anlaşma Memorandumu imzalayıb.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın Zaqrebdəki səfirliyinin rəsmi “X” hesabında məlumat paylaşılıb.

Məlumata görə, İspaniyanın gəmiqayırma nəhəngi “Navantia” Xorvatiyada fəaliyyət göstərən “Uljanik Brodogradnja 1856” gəmiqayırma zavodu və “Nortes Blue” şirkəti ilə iki ayrı Anlaşma Memorandumu imzalayıb.

İspaniyanın Zaqrebdəki səfiri Xose Ramon Qarsia Hernandesin iştirakı ilə imzalanan sənəddə “Nortes Blue” adından direktor Yuvel Çokiç, “Uljanik Brodogradnja 1856” adından direktor Samir Haciç, “Navantia” adından isə Avropa və Türkiyə üzrə ticarət direktoru Alfonso Valea iştirak edib.

Səfir bildirib ki, bu memorandumların imzalanması “Navantia”nın Xorvatiya üçün böyük əhəmiyyət daşıyan layihəyə sadiqliyini nümayiş etdirir. Şirkətin Xorvatiya Hərbi Dəniz Qüvvələrinə təklif etdiyi AVANTE 2200/ALFA 3000 korveti NATO standartlarına uyğun müasir platformadır.

Əməkdaşlıq Xorvatiya sənayesinin prosesdə fəal iştirakını təmin etməyi hədəfləyir.

Təklif yalnız qabaqcıl dəniz platformasını deyil, həm də yerli sənayenin inkişafını, məşğulluğun artırılmasını və texnologiya transferini də dəstəkləyir.

Mart ayında niyyət məktubu imzalanmışdı

“Navantia” 2026-cı ilin mart ayında Zaqreb Ticarət Palatasında “Sənaye Günü” tədbiri keçirərək “Uljanik” və “Nortes Blue” ilə niyyət məktubu imzalamışdı. Paketə iki gəminin inşası, İnteqrə Edilmiş Logistika Dəstəyi (ILS), təlim, simulyator və İspaniya Hərbi Dəniz Qüvvələrinin əməliyyat dəstəyi daxildir.

Tenderdə başqa hansı ölkələr iştirak edir?

Xorvatiyanın korvet tenderinə Türkiyə, ABŞ, Almaniya, Fransa, İtaliya, İsrail, Niderland, İsveç, Cənubi Koreya və digər ölkələr də maraq göstərir. Tenderin dəyərinin 660 milyon avro ilə 1,6 milyard avro arasında dəyişəcəyi bildirilir. İlk korvetin 2029-2030-cu illərdə təhvil verilməsi gözlənilir.

Tenderdə adı çəkilən bəzi platformalar bunlardır:

İspaniya - AVANTE 2200/ALFA 3000
Fransa - “Gowind”
Almaniya - K-130
İtaliya - FCX30
Niderland - “Sigma”
Türkiyə - ADA sinfinə məxsus korvetlər, “Hisar” sinfinə məxsus korvetlər və “Dearsan C92”
Digər layihələr - “Arrowhead 120”, “Reshef” və s.


Türkiyə də seçimlər arasındadır

Türkiyə ilə Xorvatiya arasında köklü əlaqələr mövcuddur. ADA sinfinə məxsus korvetlərdən biri olan TCG “Burgazada” daha əvvəl Xorvatiyaya liman səfəri etmişdi.

Türkiyə bu tenderdə fəal iştirak edir. Xorvatiya Müdafiə Nazirliyinin yaxın aylarda qısa siyahını açıqlayacağı, müqavilənin isə 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində imzalana biləcəyi bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Korvet  


Bizi "telegram"da izləyin