“Rosselxoznadzor”: Ermənistan Rusiyaya balıq ixracı üçün sertifikatlaşdırmanı dayandırmalıdır

2026/06/1780303036.jpg
Oxunub: 291     12:31     01 İyun 2026    
Ermənistan iyunun 2-dən etibarən Rusiyaya ixrac olunan diri balıq və balıq məhsulları üçün baytarlıq sertifikatlarının verilməsini bütün yerli şirkətlər üzrə dayandırmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb.

Məhdudiyyət yalnız yoxlamalardan uğurla keçmiş iki müəssisəyə şamil olunmayacaq.

Rusiya qurumunun məlumatına görə, mayın 21-dən 27-dək Ermənistanın balıq emalı müəssisələrində və forel yetişdirmə təsərrüfatlarında yoxlamalar aparılıb. Qeyd olunub ki, erməni müəssisələrinin yarısı, 50 faizi yoxlamalardan imtina edib.

“Yoxlamaların nəticələrinə əsasən, vəziyyət aradan qaldırılanadək Ermənistan tərəfi iyunun 2-dən etibarən Rusiyadakı alıcılara göndərilən diri balıq və balıq məhsulları üçün baytarlıq sertifikatlarının verilməsini bütün erməni şirkətləri üzrə dayandırmalıdır. İstisna yalnız yoxlamadan keçmiş iki müəssisədir”, - deyə qurumun açıqlamasında bildirilir.

Açıqlamada qeyd olunur ki, icazə alan iki müəssisənin məhsulları Rusiyaya yalnız təhlükəsizlik göstəricilərinin laborator monitorinqi şərti ilə idxal ediləcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rosselxoznadzor   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin