Müddətli erməni hərbi qulluqçuların valideynləri: “Övladlarımızın xidmət müddətinin azaldılmasını istəyirik”

2026/04/1775489688.jpg
Oxunub: 272     12:23     01 İyun 2026    
Müddətli erməni hərbi qulluqçuların valideynləri Ermənistan Baş naziri Nikol Paşinyanın doğum günü ilə əlaqədar fərqli etiraz aksiyası keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Ermənistanın müxtəlif bölgələrindən İrəvana gələn erməni sakinlər hökumət başçısına təbrik olaraq bayram tortu gətiriblər, lakin təbriki konkret tələblə birləşdiriblər: övladlarının hərbi xidmət müddətinin yenidən nəzərdən keçirilməsi.

Bu, erməni valideynlərin ilk etiraz aksiyası deyil. Onlar daha əvvəl Ermənistan Müdafiə Nazirliyinin, hökumətin və parlamentin əsas girişləri qarşısında da aksiyalar keçiriblər.

Tələbləri dəyişməz olaraq qalır: 2026-cı il yanvarın 1-dək hərbi xidmətə çağırılmış gənclərin xidmət müddətinin 1,5 ilə endirilməsi və müxtəlif çağırış dövrləri arasında ədalətin bərpa olunması.

Xatırladaq ki, Ermənistan parlamenti 2025-ci ilin dekabrında məcburi hərbi xidmət müddətinin 24 aydan 18 aya endirilməsi barədə qanunu yekun şəkildə qəbul edib.

Lakin yeni qaydalar yalnız 2026-cı il yanvarın 1-dən qüvvəyə minib və yalnız yeni çağırılanlara şamil olunub. Hazırda xidmət edən hərbçilər üçün isə əvvəlki müddət qüvvədə saxlanılıb.

Aksiya iştirakçılarından biri təşəbbüsün məqsədini belə izah edib:

“Düzünü desəm, bu gün əsas məqsədimiz baş nazirimizin doğum gününü təbrik etməkdir. Biz hamımız hazırda xidmət edən əsgərlərin valideynləriyik və ümid edirik ki, 2026-cı il yanvarın 1-dən əvvəl xidmətə başlayan övladlarımız üçün də müəyyən ədalət təmin olunacaq və xidmət müddəti müəyyən qədər azaldılacaq ki, onlar özlərini diqqətdən kənarda qalmış hiss etməsinlər. Ümid edirik ki, baş nazirimiz bu məsələdə bizə dəstək olacaq”.

İştirakçıların sözlərinə görə, aksiyaya İcevan və digər bölgələrin sakinləri də qoşulublar.

Erməni valideynlər bildiriblər ki, tədbirin bayram xarakteri daşımasına baxmayaraq, onlar övladları üçün bərabər şərtlərin yaradılması və xidmət müddətinin azaldılması uğrunda mübarizəni davam etdirəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Aksiya  


Bizi "telegram"da izləyin