Qapalı qapılar arxasında İrəvan dilemması: Ermənistanın Aİ niyyəti sammitdə niyə rəsmi müzakirəyə çıxarılmadı?

2026/06/1780301220.jpg
Oxunub: 360     12:05     01 İyun 2026    
2014-cü il mayın 29-da Astanada “Avrasiya İqtisadi Birliyi haqqında” müqavilə imzalanıb. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin liderlərinə xatırladıb.

Qazaxıstan prezidenti təşkilata sədrlik edən ölkənin rəhbəri kimi Avrasiya İqtisadi Birliyinin sammitini açıb. O, birliyi “Avrasiya beşliyi” adlandırıb və iştirakçıları “Avrasiya İqtisadi Birliyi Günü” münasibətilə təbrik edib. Tokayev açıqlayıb ki, təşkilata üzv ölkələrin liderlərinin “məhdud tərkibli görüşündə” xarici ticarət və süni zəkanın inkişafı sahəsində təşəbbüslərin həyata keçirilməsinə dair ən mühüm məsələlər müzakirə olunacaq.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Avrasiya İqtisadi Birliyinin sammitində Ermənistanın Avropa İttifaqına qoşulmaq niyyəti “qapalı formatda” müzakirə ediləcək. Bundan əvvəl Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə demişdi ki, “Ermənistanın Avropa İttifaqına qoşulmaq niyyəti” Rusiya və Qazaxıstan prezidentlərinin təkbətək görüşündə müzakirə olunacaq.

Görünür, bu məsələ müzakirə edilib, lakin Tokayev “Avrasiya İqtisadi Birliyinin sammitində Ermənistanın statusunun müzakirəyə çıxarılması ideyasını dəstəkləməyib”. Belə qənaətə gəlmək üçün əsas Qazaxıstan prezidentinin “Avrasiya İqtisadi Birliyi haqqında” müqaviləni xatırlatmasıdır. O vurğulayıb ki, həmin sənəd Avrasiya inteqrasiyasının “mühüm təməlidir”.

Bu müqavilədə üzv dövlətin “statusunun müzakirəsi” və ya onun birlikdən çıxarılması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Qazaxıstan prezidenti ümid etdiyini bildirib ki, Avrasiya İqtisadi Birliyinin “məhdud tərkibli” sammiti ənənəvi olaraq konstruktiv və müsbət keçəcək, bütün üzv dövlətlər üçün məqbul olacaq qərarların qəbul edilməsinə imkan verəcək.

Astanadakı atmosfer haqqında əlavə təsəvvür yaratmaq üçün TASS agentliyinin Rusiya prezidentinin mətbuat katibinə ünvanladığı sualı da xatırlatmaq olar. Agentlik soruşub ki, Vladimir Putin Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanla ayrıca görüş keçirməyi planlaşdırırmı?

Dmitri Peskov cavab verib ki, Vladimir Putin “belə bir görüş planlaşdırmayıb”, lakin “bunu istisna etmək də olmaz”. Onun sözlərinə görə, əgər “onlarda belə bir istək yaranarsa”, sammit çərçivəsində “əla söhbət edə bilərlər”.

Əlbəttə, Rusiya prezidentinin Mher Qriqoryanın Avrasiya İqtisadi Birliyi çərçivəsində əməkdaşlığın “hüquq bərabərliyi əsasında” qurulması barədə müəyyən etdiyi meyarı qəbul edəcəyi nəticəsinə gəlmək çətindir. Lakin fakt budur ki, Astana “birdən Putinin səbri tükənsə və desə ki, çıxın gedin, onda nə edəcəyik?” kimi fikirləri səsləndirənlərin ümidlərini doğrultmur.

“Avrasiya İqtisadi Birliyi haqqında” müqavilədə üzv dövlətə qarşı iqtisadi və ya digər xarakterli sanksiyaların tətbiqi nəzərdə tutulmur. Hər bir ölkə özü qərar verir, birlikdə qalır, yoxsa təşkilatı tərk edir. Ermənistanın hələlik Avrasiya İqtisadi Birliyindən çıxmaq niyyəti yoxdur və Putin onu təşkilatdan çıxara bilməz. Qazaxıstan prezidentinin giriş nitqi açıq şəkildə göstərib ki, Putin Avrasiya İqtisadi Birliyində “son sözü deyən şəxs” deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İrəvan   Ermənistan     AİB  


Bizi "telegram"da izləyin