Rusiyanın daxili sivilizasiya savaşı: Moskvada pravoslav kimliyi ilə avrasiyaçılıq doktrinası niyə toqquşur?

2026/06/1780300660.jpg
Oxunub: 350     11:54     01 İyun 2026    
“Rus xalqının və pravoslav inancının maraqlarını müdafiə edən” ictimai xadimlər arasında son xəbərlər qəzəb dalğasına səbəb olub. Bu barədə “Nezavisimaya qazeta” 30 may tarixli redaksiya məqaləsində yazıb və konkret olaraq qeyd edib:

“Qazaxıstan rəhbərliyi ölkəni Qızıl Ordanın varisi elan edib. Təxminən eyni vaxtda Rusiya Federasiyasının Baykalətrafı respublikalarından biri qədim rus şəhərlərinə qarşı amansız yürüşlər həyata keçirmiş monqol sərkərdəsinin adını daşıyan orden təsis edildiyini açıqlayıb”.

Nəşr ehtiyatlı ifadələr işlədib. Söhbət Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun “kiçik vətəni” olan Tuva Respublikasının parlamentinin qərarından gedir. Tuvalılar Çingiz xanın sərkərdəsi Sabutayın adını daşıyan orden təsis ediblər. Bu orden Ukraynaya qarşı müharibədə “Rusiyanın suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etmiş könüllülərə” təqdim olunmalıdır.

“Rus xalqının və pravoslav inancının maraqlarını müdafiə edən” ictimai xadimləri nə narahat edib?

“Nezavisimaya qazeta” Moskva və Bütün Rusiyanın Patriarxlığının təsis etdiyi Müqəddəs Tixon Humanitar Universitetinin araşdırmasına istinad edib. Araşdırmanın nəticələrinə görə, Rusiyada əhalinin yalnız 65 faizi özünü Pravoslav Kilsəsinin tərəfdarı hesab edir. Halbuki 2011-ci ildə pravoslav məzhəbinin tərəfdarları əhalinin 78 faizini təşkil edirdi.

Təxminən eyni və ya daha da düşündürücü nəticə Sosioloji Sorğular Mərkəzi tərəfindən qeydə alınıb. Mərkəzin məlumatına görə, 2025-ci ildə pravoslav məzhəbinin tərəfdarları Rusiya əhalisinin 67 faizini təşkil edib. Halbuki 2017-ci ildə bu göstərici 75 faiz idi.

Nəşrin fikrincə, Rusiyada “insanların metafizikaya marağı həmişə Moskva Patriarxlığının çərçivəsində özünü göstərmir”.

Son dövrlərdə Rusiya KİV-ləri Ermənistanla bağlı təbliğat apararaq bildirirlər ki, “Erməni Apostol Kilsəsi hakimiyyət tərəfindən təqiblərə məruz qalır”.

“Nezavisimaya qazeta”nın redaksiya məqaləsi göstərir ki, Rusiyanın dövlət siyasəti Rus Pravoslav Kilsəsinin təsirinin kəskin azalmasına gətirib çıxarıb. Məqalənin alt qatında hiss olunan işarələrdən başa düşüldüyü qədərilə, problem daha çox dini deyil, sivilizasiya xarakterlidir və milli-dövlət kimliyi ilə bağlıdır.

Vladimir Putin Qızıl Ordanı “Qərb işğalçıları”ndan daha dözümlü hesab etdiyini bildirib. Görünür, bu sivilizasiya seçimi Rusiyanın ictimai dairələrində dəstək qazanmır.

Ermənistanın gələcəyi baxımından Rusiyada yaşanan bu “böhran” çox prinsipial əhəmiyyət daşıyır. Erməni kimliyinin Qızıl Orda ilə heç bir ortaq cəhəti yoxdur.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Moskva   Kilsə  


Bizi "telegram"da izləyin