“Saqinform”un məlumatına görə, Rtsxiladze həbsindən iki gün əvvəl sosial şəbəkələrdə paylaşım edərək Rusiyanın hakimiyyət orqanlarını və rusları tənqid edən şəxslərin siyahısını bir neçə digər qeyri-hökumət təşkilatı ilə birlikdə hazırladığını bildirib.
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin direktor müavini Laşa Meğradze jurnalistlərə açıqlamasında deyib ki, Rtsxiladze “iki ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib və onlara Gürcüstan barədə tələb olunan məlumatları ötürüb”.
Həmin gün Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti daha bir şəxsin casusluq ittihamı ilə həbs olunduğunu açıqlayıb. Bu dəfə söhbət “Qafqaz İnsan Hüquqları İnstitutu”nun direktoru İrakli Çixladzedən gedir.
“Apsny.ge” onlayn nəşrinin yaydığı rəsmi məlumata görə, “istintaq müəyyən edib ki, Çixladze öz ölkəsinin maraqlarına zidd olaraq jurnalist, ekspert və digər peşəkar dairələrdəki şəxsi əlaqələrindən istifadə etməklə xarici xüsusi xidmət orqanlarının maraqlarına uyğun məlumatlar əldə edib və kəşfiyyat xarakterli informasiyaları onlara ötürüb”.
Rtsxiladze ilə Çixladzenin həbsləri arasında hər hansı əlaqənin olub-olmaması, onların eyni ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib-etmədiyi və ya hər birinin ayrıca “casusluq izi”nə malik olub-olmaması barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəsmi məlumat yaymayıb.
Bununla belə, iki qeyri-hökumət təşkilatının rəhbərinin bir neçə saat fərqlə həbs olunması və onlara qarşı irəli sürülən ittihamların eyni xarakter daşıması onların eyni ölkənin xüsusi xidmət orqanlarının “himayəsi altında” fəaliyyət göstərdiyini düşünməyə əsas verir. Söhbətin Rusiya Federasiyasının xeyrinə casusluq fəaliyyətindən getdiyi ehtimal olunur.
Bu məlumat xüsusilə ona görə diqqət çəkir ki, Gürcüstan hakimiyyəti Avropa qurumları tərəfindən Rusiyayönlü siyasət yürütməkdə tənqid olunur. Rusiya xüsusi xidmət orqanlarının “agentura şəbəkəsinin ifşa edilməsi” şübhəsiz ki, siyasi əhəmiyyət daşıyır.
Keçmiş prezident Salome Zurabişvili bu həbslərlə bağlı bildirib ki, Rusiya üçün “Gürcüstan hibrid müharibənin sınaq meydanına çevrilib”.
Vəziyyətin xüsusilə həssas tərəfi ondan ibarətdir ki, Rusiya xüsusi xidmət orqanlarının “iki agentinin” həbsindən əvvəl Gürcüstan və Ukrayna arasında təmaslar baş tutub. Tərəflər xarici işlər nazirlərinin ikinci görüşündən sonra münasibətləri tam həcmdə bərpa etmək və inkişaf etdirmək niyyətində olduqlarını bəyan ediblər.
İstisna deyil ki, Tbilisidə Rusiyanın “casus şəbəkəsi” ilə bağlı məlumatı Ukrayna tərəfi və ya Avropanın “maraqlı ölkələrindən” biri ötürüb.
Aqil Məmmədov
Ordu.az