“Apsny.ge” onlayn nəşrinin məlumatına görə, ABŞ nümayəndə heyəti “Gürcüstan və ABŞ arasındakı münasibətlərin təməlini təşkil edən sivilizasiya əlaqələrini” vurğulayıb.
Məlumatda deyilir ki, ABŞ “dostluğun əsası kimi Gürcüstanın fundamental dəyərlərini, o cümlədən inancı, ailəni, milli kimliyi və insan ləyaqətini təmin edən Tanrı tərəfindən verilmiş hüquqlara hörməti” qəbul edir.
ABŞ nümayəndə heyəti ümid etdiyini bildirib ki, Gürcü Pravoslav Kilsəsi “milli birliyin möhkəmləndirilməsi missiyasını yeni ruhla davam etdirəcək”. Bununla əlaqədar olaraq ABŞ “Gürcü Pravoslav Kilsəsi ilə münasibətləri dərinləşdirməyi səbirsizliklə gözlədiyini” bəyan edib.
III Şio Gürcü Pravoslav Kilsəsinin Sinodu tərəfindən Bütün Gürcüstanın katolikos-patriarxı seçilib. Son on ildən artıq müddətdə o, katolikos-patriarxın müavini olub və kilsə-hakimiyyət münasibətlərini də əlaqələndirib. III Şio ali dini təhsilini Moskvada alıb və “Rusiyayönlü” din xadimi kimi tanınır.
Görünür, ABŞ Dövlət Departamenti nümayəndələrinin onunla görüşü də bununla bağlıdır. Diqqət çəkən məqam ondan ibarətdir ki, amerikalı nümayəndələr Gürcüstanın dəyərlər sisteminə ABŞ-nin hörmətlə yanaşdığını vurğulayıblar.
Hakim “Gürcü Arzusu” partiyası müxalif qərbyönlü rəqiblərini “ənənəvi dəyərlərə xəyanətdə” ittiham edir. Bu mövqeyi Gürcü Pravoslav Kilsəsi də dəstəkləyir.
ABŞ-nin Tbilisidəki səfirliyinin məlumatından belə başa düşülür ki, Dövlət Departamentinin nümayəndələri III Şionu əmin etməyə çalışıblar ki, ABŞ Gürcüstanla münasibətlərdə gürcü milli kimliyinə, inancına və ailə dəyərlərinə zidd olan heç bir tələb irəli sürmür.
Onların Bütün Gürcüstanın katolikos-patriarxında nə dərəcədə inam yaratdıqları məlum deyil. Lakin rəsmi məlumatda III Şionun hər hansı fikrinə yer verilməyibsə, deməli, o, ABŞ nümayəndələrinin “təklifini sadəcə nəzərə alıb”.
Qeyd etmək lazımdır ki, Bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində və III Şionun taxta çıxma mərasimində Rus Pravoslav Kilsəsinin heç bir nümayəndəsi iştirak etməyib. Bu fakt, ehtimal ki, ABŞ Dövlət Departamentinə Gürcü Pravoslav Kilsəsinin “yenidən istiqamətləndirilə biləcəyinə” ümid etməyə əsas verib.
Aqil Məmmədov
Ordu.az