Ermənistan İK: Paşinyana qarşı sui-qəsd hazırlayan şəxslərdən birinin kimliyi müəyyən edilib

2026/06/1780298899.jpg
Oxunub: 261     11:17     01 İyun 2026    
Ermənistan İstintaq Komitəsinin İrəvan Şəhər İstintaq İdarəsində araşdırılan cinayət işi üzrə aparılan genişmiqyaslı sübut toplama və digər prosessual hərəkətlər, o cümlədən çoxsaylı axtarışlar və təxminən iyirmi nəfərin dindirilməsi nəticəsində Ermənistanın Baş nazirinə qarşı sui-qəsd hazırlayan şəxslərdən birinin kimliyi müəyyən edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Məlumata görə, 2024-cü ildən xarici dövlətdə yaşayan M.M.-nin ən azı dörd nəfərlə birlikdə qrup halında Ermənistanın Baş nazirini siyasi və dövlət fəaliyyəti ilə əlaqədar qanunsuz olaraq həyatdan məhrum etmək niyyəti ilə vasitələr əldə etdiyi və bunun üçün şərait yaratdığına dair ilkin faktlar əldə olunub.

İstintaqın məlumatına əsasən, onlar şəxsiyyətlərini gizlətmək məqsədilə xüsusi geyim və maskalar əldə edib, həmçinin baş nazirin olduğu yerlər və seçkiqabağı təşviqat marşrutları barədə məlumat toplayıblar.

Qüeyd edilir ki, bununla da qətlin hazırlanması həyata keçirilib. Daha sonra həmin geyim və maskalarla üzlərini gizlədərək Ermənistanın Baş nazirinə ünvanlanmış videomüraciət çəkib yayımlayıb və müraciətdə təhdidlər səsləndiriblər.

Bundan əlavə, 2026-cı il mayın 16-da həmin şəxslərin ümumi istifadə üçün nəzərdə tutulmayan internet saytının sistemində saxlanılan və kompüter rabitə vasitələri ilə canlı yayım zamanı ötürülən məlumatı, yəni videonu ələ keçirdikləri bildirilir.

Bildirilir ki, videomüraciəti yaymaqla onlar 2026-cı il iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəlki seçkiqabağı təşviqata mane olublar.

M.M.-yə qarşı Ermənistan Cinayət Məcəlləsinin 43-155-ci maddəsinin 2-ci hissəsinin 1-ci və 8-ci bəndləri (bir qrup şəxs tərəfindən dövlət və siyasi fəaliyyəti ilə əlaqədar şəxsin qətlə yetirilməsinə hazırlıq), həmçinin 211-ci maddəsinin 2-ci hissəsinin 2-ci və 5-ci bəndləri (bir qrup şəxs tərəfindən təşviqat fəaliyyətinə mane olma) ilə ittiham irəli sürülüb.

Onun barəsində həbs qərarı çıxarılıb. Daha əvvəl Ermənistan İstintaq Komitəsi Baş nazir Nikol Paşinyana qarşı təhdid və təhqirlər ehtiva edən videomaterialla bağlı cinayət işi açıldığını bildirmişdi.

Ermənistan İstintaq Komitəsinin məlumatına görə, bir qrup şəxs tərəfindən qətlin hazırlanması, kompüter sabotajı və odlu silahlarla döyüş sursatlarının qanunsuz dövriyyəsi faktları üzrə ibtidai istintaq davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin