Ordu.az xəbər verir ki, bu barədə iyunun 1-də “Axios” portalının jurnalisti Barak Ravid məlumat yayıb.
“Rubio son 48 saat ərzində Livan Prezidenti Jozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə əlaqə saxlayaraq atəşkəsin təmin olunmasına yönəlmiş yeni təşəbbüsü irəli aparmağa çalışıb”, - deyə Ravid “X” sosial şəbəkəsində yazıb.
Vaşinqtonun təklif etdiyi plana əsasən, ilk mərhələdə “Hizbullah” İsrailə qarşı hücumları dayandırmalı, İsrail tərəfi isə hərbi əməliyyatları genişləndirməkdən, o cümlədən Beyruta zərbələr endirməkdən imtina etməlidir.
Jurnalistin iddiasına görə, bu addım döyüş əməliyyatlarının mərhələli şəkildə dayandırılması üçün şərait yarada bilər.
Bununla yanaşı, amerikalı rəsmilərdən biri Ravidə bildirib ki, təşəbbüslə bağlı razılıq əldə etmək cəhdləri hələlik nəticə verməyib.
Onun sözlərinə görə, “Hizbullah” adından danışıqlar aparan Livan parlamentinin sədri Nəbih Berrinin mövqeyi razılaşmanın əldə olunmasına doğru irəliləməyə imkan verməyib.
Həmin gün “The Jerusalem Post” qəzeti əlavə edib ki, İsrail rəsmiləri Vaşinqtona müraciət edərək İsrail ordusunun Beyrutdakı əməliyyatlarının genişləndirilməsinə razılıq verilməsini istəyiblər.
Mənbələrin məlumatına görə, nəzərəçarpacaq irəliləyişin olmaması fonunda İsrail ABŞ-dən müsbət cavab gözləyir.
Mayın 31-də Netanyahu İsrail ordusuna “Hizbullah”a qarşı əməliyyatları genişləndirməyi və təşkilatın nəzarət etdiyi ərazilər üzərində nəzarəti gücləndirməyi tapşırıb.
O həmçinin bildirib ki, son bir ay ərzində İsrail hərbçiləri “Hizbullah”ın 700 döyüşçüsünü öldürüblər.
Daha sonra Livanın Səhiyyə Nazirliyi açıqlayıb ki, martın 2-dən etibarən Livana endirilən İsrail zərbələri nəticəsində ölənlərin sayı 3412 nəfərə çatıb.
Sevinc Əliyeva
Ordu.az