Ordu.az xəbər verir ki, İTÜ-də təhsil aldıqları 2023-cü ildə Kaan Yapıcı, Ömər Faruk Güleç və Yaren Özdemir bir araya gələrək elektron cihazların əsas komponentlərindən biri olan sxem lövhələrinin yerli imkanlarla istehsalına yönəlmiş işlərə başlayıblar.
Məzun olduqdan sonra 2024-cü ildə təşəbbüslərini həyata keçirən 3 sahibkar Teknopark İstanbul daxilində qurduqları şirkətdə elektron sxem lövhəsi istehsalında istifadə olunan maşınları hazırlamağa və istehsal etməyə davam edirlər. Hazırda daxili bazarda satışa çıxarılan yerli istehsal maşının gələcəkdə xarici bazara da çıxarılması planlaşdırılır.
Sahibkarlardan Kaan Yapıcı layihənin hazırlanma prosesində TÜBİTAK, İTÜ ARI “Teknokent” və Məlumatı Ticarətləşdirmə Mərkəzindən dəstək aldıqlarını bildirərək, klassik metodlarla sxem lövhəsi istehsalında yaranan problemlərə görə alternativ texnologiyalara yönəldiklərini və bu səbəbdən “ekleməli elektronika metodu” üzərində fokuslandıqlarını, işlərin nəticəsində 3D printer texnologiyasından istifadə etməklə elektron sxem lövhəsi və çevik elektronika istehsal edə bilən yerli cihaz hazırladıqlarını deyib.
Hazırlanan cihaz sayəsində sxem lövhələrinin daha sürətli istehsal olunduğunu deyən Yapıcı, bu lövhələrin televizorlardan geyilə bilən cihazlara, mobil telefonlardan kiçik məişət texnikasına qədər bir çox sahədə istifadə oluna biləcəyini bildirib.
Sahibkar Kaan Yapıcı cihazın işləmə prinsipi barədə bunları deyib: “Hazırladığımız sistem klassik mənada filament əridərək qat yaradan 3D printerdən fərqli olaraq mikrodozalama prinsipi ilə işləyən ekleməli elektronika istehsal platformasıdır. Cihazın əsas işləmə məntiqi keçirici və ya funksional mürəkkəblərin müəyyən təzyiq, sürət və axın parametrləri altında idarəli şəkildə səthə ötürülməsinə əsaslanır. Bu sayədə sxem lövhəsi üzərindəki keçirici yollar kimyəvi aşındırma əvəzinə materialın lazım olan sahələrə seçici şəkildə ötürülməsi ilə yaradılır.
Oxşar məqsədlə istifadə olunan xarici mənşəli sistemlər çox vaxt on minlərlə avrodan başlayır və xüsusiyyət səviyyəsinə görə yüz minlərlə avroyadək yüksəlir. Bu da xüsusilə universitetlər, AR-GE laboratoriyaları, texnologiya startapları və KOB-lar üçün çıxışı çətinləşdirir”.
Yapıcı bildirib ki, hazırladıqları texnologiyanın ən mühüm üstünlüklərindən biri xərcləri azaldaraq bu texnologiyanı daha əlçatan etməsidir. “Yerli olaraq hazırladığımız mexaniki dizayn, elektron infrastruktur, idarəetmə sistemi və proqram təminatı sayəsində həm ilkin investisiya xərcini, həm də texniki xidmət, servis və dəstək xərclərini ciddi şəkildə azalda bilirik”, - deyə o qeyd edib.
“Bu töhfəni yalnız bir cihazın yerliləşdirilməsi kimi görmürük”
Yapıcı qeyd edib ki, elektronika və sxem lövhəsi istehsalında xaricdən asılılıq təkcə son məhsul təchizatı ilə bağlı məsələ deyil, həm də prototip hazırlama, sınaq, düzəliş və AR-GE proseslərindəki istehsal infrastrukturu ilə birbaşa əlaqəlidir.
Türkiyədə bir çox qurumun güclü elektron dizayn bacarığına malik olsa da, hazırlanan lövhələrin fiziki prototipə çevrilməsinin çox vaxt xarici təchizat proseslərindən asılı qaldığını deyən Yapıcı bunun sürətli inkişaf tələb edən layihələrdə ciddi zaman və xərc təzyiqi yaratdığını bildirib.
Məhsulun tamamilə yerli imkanlarla Türkiyədə istehsal olunduğunu vurğulayan Yapıcı cihazın sxem dizaynı, material seçimi, səth uyğunluğu və sair kimi prosesləri ölkə daxilində idarə etməyə imkan verdiyini qeyd edib.
“Almaniya, Niderland, İtaliya, Fransa və Birləşmiş Krallıq bizim üçün prioritet bazarlar arasındadır”
Yapıcı daxili bazarda satışlara başladıqlarını, indiyədək AR-GE və təhsil yönümlü qurumlardan tələbat aldıqlarını bildirib. O, xarici satışlar üçün əsasən Avropa bazarına fokuslandıqlarını söyləyib: “Xüsusilə Almaniya, Niderland, İtaliya, Fransa və Birləşmiş Krallıq bizim üçün prioritet bazarlar arasındadır”.
Gələcək hədəfləri barədə isə Yapıcı bildirib: “İxrac tərəfdə məqsədimiz Türkiyədə hazırladığımız bu texnologiyanı əvvəlcə Avropadakı AR-GE və tədqiqat ekosisteminə daşımaqdır”.
Sevinc Əliyeva
Ordu.az