“Elbit Systems” adı açıqlanmayan ölkəyə tədarük həyata keçirəcək

2026/06/vxcvx-1780293499.jpg
Oxunub: 294     09:53     01 İyun 2026    
“Elbit Systems” adı açıqlanmayan bir Avropa ölkəsi ilə təxminən 1,4 milyard dollarlıq genişmiqyaslı modernizasiya müqaviləsi imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, “Elbit Systems” rəsmi X hesabında etdiyi paylaşımda adı açıqlanmayan Avropa ölkəsi ilə müqavilə imzaladığını bildirib.

Bu çərçivədə təxminən 1,4 milyard dollar dəyərində olan müqavilə üzrə təhvil prosesinin 5 illik qrafik daxilində tamamlanması planlaşdırılır.

Çoxsaylı əməliyyat mühitlərini əhatə edən bu tədarük proqramı müasir döyüş meydanının ehtiyac duyduğu bir çox kritik texnologiyanı vahid çərçivədə birləşdirəcək. Belə ki, razılaşma çərçivəsində istifadəçi ölkəyə insansız avtonom sistemlər, şəbəkə mərkəzli inkişaf etmiş quru radioelektron mübarizə sistemləri, dəqiq idarə olunan sursatlar və elektro-optik kəşfiyyat və nişanalma həlləri tədarük ediləcək.

Bundan əlavə, sistemlər arasında fasiləsiz məlumat ötürülməsi və müştərək əməliyyat qabiliyyəti proqram təminatı əsaslı radiosistemlər şəbəkələri vasitəsilə təmin olunacaq. Bununla yanaşı, tədarük ediləcək inteqrasiya olunmuş imkanların müasir və getdikcə daha mürəkkəbləşən döyüş mühitlərində istifadəçi qüvvələrinin manevr qabiliyyətini, sağqalma imkanını və ümumi əməliyyat səmərəliliyini strateji səviyyədə artırması hədəflənir.

İsraildən Rumıniyaya yönəli genişlənmə

Digər tərəfdən, “Elbit Systems” 2026-cı ilin may ayının əvvəlində Rumıniyanın Çitila şəhərində yeni pilotsuz uçuş aparatı istehsal müəssisəsi açdığını açıqlayıb. Şirkətin bəyanatında bu sərmayənin “Elbit”in Rumıniyadakı yeddinci istehsal müəssisəsi olduğu və ölkənin müdafiə sənayesi ilə uzun illərdir davam edən strateji tərəfdaşlıqda yeni mərhələni təmsil etdiyi vurğulanıb.

“Watchkeeper XR” proqramı çərçivəsində yaradılan müəssisə inkişaf etmiş pilotsuz uçuş aparatı platformalarının istehsalı, inteqrasiyası, sınaq prosesi və təmiri üçün tam inteqrasiya olunmuş yerli imkan formalaşdırmağı hədəfləyir. Bundan əlavə, burada istehsal olunacaq sistemlərin Rumıniya Silahlı Qüvvələrinin əməliyyat ehtiyaclarını ödəyərkən ölkənin müdafiə qabiliyyətini və uzunmüddətli logistika dayanıqlığını da gücləndirməsi planlaşdırılır.

Müəssisənin açılışında “Elbit Systems”in Havaçılıq və Kosmos Bölməsinin baş direktoru Yoram Şmueli ilə rumın yüksəkvəzifəli rəsmilərin iştirak etdiyi bildirilib. Rumıniyada 30 ildən çoxdur fəaliyyət göstərən və 1000-dən çox yerli əməkdaş çalışdıran “Elbit Systems” texnologiya transferi, yerli istehsal və həyat dövrü dəstəyini birləşdirərək “Made in Romania” baxışına sərmayə qoymağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Elbit-Systems   İsrail  


Bizi "telegram"da izləyin