Avstraliya AUKUS çərçivəsində ABŞ-dən ikinci əl sualtı qayıqlar alacaq

2026/06/1780293022.jpg
Oxunub: 246     09:46     01 İyun 2026    
Avstraliyanın müdafiə naziri Riçard Marls AUKUS proqramında edilən dəyişiklik çərçivəsində ABŞ-dən ikinci əl “Virginia” sinfinə məxsus sualtı qayıqlar alınacağını və bunun ölkəyə əhəmiyyətli qənaət qazandıracağını açıqlayıb.

Ordu.az
“ABC News”a istinadən xəbər verir ki, Marls Sinqapurda jurnalistlərə açıqlamasında AUKUS-un mürəkkəb təşəbbüs olduğunu və sadəliyə üstünlük verilməsinin vacibliyini bildirib.

Onun sözlərinə görə, eyni vaxtda dörd fərqli sinfə məxsus sualtı qayığın istismarda olması ehtimalı mövcuddur və buna görə daha sadə həll yolu seçilib.

“Virginia” sinfinə məxsus bütün sualtı qayıqlar eyni tipdə olacaq”, - deyə Marls bildirib.

Nazir qeyd edib ki, bu dəyişiklik Avstraliya üçün əhəmiyyətli qənaət yaradacaq, lakin bahalı və genişmiqyaslı proqramın ümumi büdcəsinə əsaslı təsir göstərməyəcək.

Avstraliya üç ikinci əl “Virginia” sinfinə məxsus sualtı qayıq alacaq

Avstraliyanın 2021-ci ildə imzalanmış AUKUS sazişi çərçivəsində ən azı iki istifadə olunmuş və bir yeni “Virginia” sinfinə məxsus sualtı qayıq alması nəzərdə tutulurdu.

Lakin ABŞ, Birləşmiş Krallıq və Avstraliya ötən gün satınalma prosesinin sadələşdirildiyini açıqlayıblar.

Yeni qərara əsasən, Avstraliya artıq yeni sualtı qayıq almayacaq və eyni sinfə məxsus üç ikinci əl sualtı qayığa sahib olacaq.

AUKUS sazişinin məqsədi

ABŞ və Birləşmiş Krallığın texnologiya transferi vasitəsilə Avstraliyaya nüvə enerjisi ilə işləyən sualtı qayıq donanması yaratmaq imkanı verməyi nəzərdə tutan AUKUS sazişi 2021-ci ilin sentyabrında imzalanıb.

Ölkələrin ingilis dilindəki adlarının baş hərflərindən formalaşan AUKUS təhlükəsizlik sazişinə əsasən, Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadakı gəmiqayrma zavodlarında nüvə enerjisi ilə işləyən ən azı səkkiz sualtı qayıq inşa ediləcək.

Sazişdə Çinin adı çəkilməsə də, üç ölkənin artan regional təhlükəsizlik narahatlıqlarına vurğu etməsi əməkdaşlığın Pekinin bölgədəki hərbi gücünü balanslaşdırmağa yönəlmiş təşəbbüs olduğu barədə şərhlərə səbəb olub.

ABŞ sazişi yenidən nəzərdən keçirmişdi

ABŞ daha əvvəl milyardlarla dollar dəyərində olan bu sazişi “Öncə Amerika” siyasəti çərçivəsində ətraflı şəkildə yenidən qiymətləndirəcəyini açıqlamışdı.

Pentaqon beş aylıq araşdırmadan sonra AUKUS sazişinə dəstəyini davam etdirmək qərarına gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   AUKUS   ABŞ  


Bizi "telegram"da izləyin