Ordu.az “The Telegraph” qəzetinə istinadən xəbər verir ki, Birləşmiş Krallıq hökuməti 2035-ci ilə qədər yeni nəsil Kral Hərbi Hava Qüvvələri yaratmaq hədəfini qoruyub saxlasa da, “Tempest” proqramı üçün zəruri maliyyənin yalnız 2030-cu illərin ortalarında ayrılmasının planlaşdırıldığı bildirilir.
Bu vəziyyət yeni döyüş təyyarəsinin xidmətə qəbul tarixini 2030-cu illərin sonlarına, hətta 2040-cı illərə qədər təxirə sala bilər.
“Tempest” “Eurofighter Typhoon”un yerini alacaq
GCAP (Qlobal Döyüş Hava Proqramı) çərçivəsində hazırlanan “Tempest” Birləşmiş Krallıq Kral Hərbi Hava Qüvvələrinin inventarındakı “Eurofighter Typhoon” döyüş təyyarələrini əvəz etmək üçün nəzərdə tutulur.
Hazırda Birləşmiş Krallığın 100-dən çox əməliyyat qabiliyyətli “Typhoon” təyyarəsi mövcuddur və onların təxminən 2040-cı ildə xidmətdən çıxarılması planlaşdırılır.
“Tempest”in isə Kral Hərbi Hava Qüvvələrinin əsas döyüş təyyarəsinə çevrilməsi nəzərdə tutulur.
İlkin plana görə, təyyarə 2035-ci ildə xidmətə qəbul edilməli idi. Lakin son qiymətləndirmələr göstərir ki, maliyyə qeyri-müəyyənliyi proqramın qrafikinə ciddi təsir göstərə bilər.
Maliyyələşdirmə planındakı qeyri-müəyyənliklər prosesi ləngidir
Məlumata görə, Müdafiə Nazirliyi ilə Xəzinədarlıq arasında müdafiə büdcəsinin həcmi və maliyyə mənbələri ilə bağlı fikir ayrılıqları Müdafiə İnvestisiya Planının açıqlanmasını dəfələrlə gecikdirib.
Birləşmiş Krallıq, Yaponiya və İtaliya arasında 2026-cı ilin aprelində “Tempest” proqramı üçün 686 milyon funt sterlinq dəyərində müvəqqəti inkişaf müqaviləsi imzalanmışdı.
Lakin həmin müqavilənin iyun ayında başa çatacağı və daha genişmiqyaslı uzunmüddətli müqavilənin hələ yekunlaşdırılmadığı bildirilib.
Proqramın ümumi xərcinin 12 milyard funt sterlinqdən çox olacağı gözlənilir.
Müxalifətdən sərt tənqidlər
Birləşmiş Krallığın kölgə müdafiə naziri Ceyms Kartric proqramda yarana biləcək gecikmələri tənqid edib.
Kartric bildirib: “Qarşılaşdığımız təhdidlər və iki cəbhəli müharibə ehtimalı nəzərə alınarsa, hökumətin təhlükəsizliyimizi artıracaq proqramları sürətləndirmək əvəzinə onları illərlə gecikdirməsi qəbuledilməzdir”.
Onun sözlərinə görə, “Tempest” proqramındakı gecikmələr həm Kral Hərbi Hava Qüvvələri, həm də müttəfiqlər üçün ciddi nəticələr doğura bilər.
Hərbi ekspertlərdən xəbərdarlıq
Məqalədə fikirlərinə yer verilən ehtiyatda olan britaniyalı polkovnik Riçard Kemp də hökumətin müdafiə siyasətini tənqid edib.
Kemp bildirib: “Hökumət artan təhdidlərdən danışır, lakin müdafiə investisiyaları məsələsində eyni qətiyyəti nümayiş etdirmir. Bu gün Birləşmiş Krallığın özünü tam və effektiv şəkildə müdafiə edə biləcək bütün imkanlara malik olduğunu söyləmək çətindir”.
Ehtiyatda olan general-mayor Timoti Kross isə müdafiə sahəsində çətin qərarların daim təxirə salındığını qeyd edib. “Çətin qərarları gələcəyə saxlamaq həmişə ən asan həll yoludur”, - deyə o vurğulayıb.
İnsansız sistemlər prioritetə çevrilir
“The Telegraph”ın məlumatına görə, Müdafiə İnvestisiya Planında insansız sistemlərə və avtonom texnologiyalara üstünlük veriləcəyi gözlənilir.
Xüsusilə Ukrayna müharibəsi və son münaqişələr insansız sistemlərin müasir döyüş meydanındakı əhəmiyyətini ortaya qoyub. Bu səbəbdən Birləşmiş Krallıq Müdafiə Nazirliyinin resurslarını bu sahələrə yönəltməyi qiymətləndirdiyi bildirilir.
Müdafiə naziri Con Hili tərəfindən gələn ay açıqlanması gözlənilən Müdafiə İnvestisiya Planında aktiv ehtiyat qüvvələrin 20 faiz artırılması və Müdafiə Nazirliyinin mülki personal xərclərində 10 faiz qənaət edilməsi kimi hədəflərin də yer alacağı gözlənilir.
Birləşmiş Krallıq GCAP proqramına sadiq qalır
Birləşmiş Krallıq Müdafiə Nazirliyi isə “Tempest” proqramına sadiqliyin davam etdiyini vurğulayıb.
Nazirliyin sözçüsü bildirib: “Birləşmiş Krallıq yeni nəsil hava döyüş qabiliyyətinin yaradılmasını hədəfləyən Qlobal Döyüş Hava Proqramına sadiqliyini davam etdirir. İtaliya və Yaponiya ilə tammiqyaslı beynəlxalq müqavilə üzrə işlərimizi davam etdiririk”.
Sevinc Əliyeva
Ordu.az