Ordu.az xəbər verir ki, Polşa Müdafiə Təchizat Agentliyi ilə dövlət müdafiə sənayesi qurumu PGZ Qrupu arasında imzalanan müqavilələr çərçivəsində 96 ədəd “Krab” özüyeriyən haubitsası və yüz minlərlə 155 mm çaplı artilleriya sursatı tədarük olunacaq.
Qeyd olunub ki, sözügedən müqavilələrin maliyyələşdirilməsi Avropa İttifaqının üzv ölkələrin silahlı qüvvələrini və Avropa müdafiə sənayesini gücləndirməyə yönəlmiş SAFE maliyyə mexanizmi çərçivəsində ayrılan kredit hesabına həyata keçiriləcək.
96 ədəd “Krab” haubitsası tədarük ediləcək
PGZ Qrupunun yaydığı məlumata görə, onun törəmə şirkəti olan “Huta Stalowa Wola” tərəfindən istehsal ediləcək 96 ədəd “Krab” özüyeriyən haubitsası üçün təxminən 1,9 milyard avro dəyərində müqavilə imzalanıb. Təhvil prosesinin 2030-cu ilə qədər tamamlanması planlaşdırılır.
Müqavilə yalnız haubitsaları deyil, həm də “Krab” sistemləri ilə fəaliyyət göstərəcək artilleriya bölmələri üçün çoxsaylı dəstək və logistika vasitələrini də əhatə edir.
Polşa müdafiə sənayesinin hazırladığı “Krab” haubitsaları hazırda Polşa Quru Qoşunları və Ukrayna Silahlı Qüvvələri tərəfindən istifadə olunur.
Rusiya-Ukrayna müharibəsinin başlanmasından sonra Polşa Ukraynaya 54 ədəd “Krab” haubitsasını hədiyyə edib. Daha sonra 2022-ci ilin iyununda Kiyev rəhbərliyi PGZ Qrupu ilə daha 54 ədəd “Krab” üçün kommersiya müqaviləsi imzalayıb.
Ukrayna Silahlı Qüvvələri bildirir ki, “Krab” haubitsaları döyüş meydanında yüksək performans nümayiş etdirir və ölkənin müdafiəsinə mühüm töhfə verir.
“Krab”ın mənzili 40 kilometrə çatır
PGZ-nin verdiyi məlumata görə, “Krab” 52 çap uzunluğunda lüləyə malik top sistemi ilə təchiz edilmiş müasir və yüksək hərəkət qabiliyyətli özüyeriyən haubitsadır.
Standart 155 mm çaplı sursatlardan istifadə etdikdə sistem 40 kilometrədək məsafədəki hədəfləri vurmağa qadirdir. O, həmçinin yeni nəsil uzaqmənzilli və yüksək dəqiqlikli idarəolunan sursatlardan istifadə etmək üçün nəzərdə tutulub.
Yüz minlərlə 155 mm çaplı sursat istehsal ediləcək
PGZ Qrupunun üzərinə götürdüyü ikinci müqavilə Polşa Silahlı Qüvvələri üçün yüz minlərlə 155 mm çaplı artilleriya sursatının istehsalı və təhvilini nəzərdə tutur.
Polşa rəsmiləri sursatın dəqiq sayını açıqlamayıblar. Bununla belə, istehsalın PGZ tərkibində fəaliyyət göstərən şirkətlərdən ibarət konsorsium tərəfindən həyata keçiriləcəyi bildirilib.
Təxminən 3,2 milyard avro (13,5 milyard zlotı) dəyərində olan bu müqavilə 2022-ci ilin fevralından etibarən PGZ-nin imzaladığı ikinci böyük 155 mm çaplı sursat müqaviləsi olub.
Bundan əvvəl, 2023-cü ilin dekabrında Polşa Müdafiə Təchizat Agentliyi ilə PGZ arasında 283 min ədəd 155 mm çaplı artilleriya sursatının tədarükü barədə müqavilə imzalanmış və təhvil prosesinin 2029-cu ilin sonunadək tamamlanacağı açıqlanmışdı.
Yeni müqavilələrlə Polşa artilleriya sistemləri və sursat ehtiyatlarını sürətlə artıraraq Avropanın ən genişmiqyaslı quru qoşunları modernizasiya proqramlarından birini davam etdirməyi hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az