Rubio Livan prezidenti və İsrailin baş naziri ilə danışıqlar aparıb

2026/06/1780291614.jpg
Oxunub: 279     09:24     01 İyun 2026    
ABŞ dövlət katibi Marko Rubio atəşkəs təşəbbüsünü irəli aparmaq məqsədilə Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadən məlumat yayıb.

“ABŞ dövlət katibi Marko Rubio son 48 saat ərzində Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Netanyahu ilə danışıb və yeni atəşkəs təşəbbüsünü irəli aparmağa çalışıb”, - deyə Ravid “X” sosial şəbəkəsində yazıb.

Jurnalistin həmsöhbətinin sözlərinə görə, yeni təşəbbüs İsrail və Livan arasında davam edən danışıqlar çərçivəsində irəli sürülüb. Vaşinqton danışıqların irəliləməsi üçün ilk addım kimi “Hizbullah” hərəkatının İsrailə qarşı bütün hücumları dayandırmasını təklif edib.

Eyni zamanda İsrailin Beyrutda eskalasiyadan çəkinməsi nəzərdə tutulur. ABŞ rəsmisinin sözlərinə görə, bu addım mərhələli deeskalasiya və hərbi əməliyyatların effektiv şəkildə dayandırılması üçün imkan yaradacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İsrail   Livan  


Bizi "telegram"da izləyin