Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, “Boeing 767” tipli təyyarə yerli vaxtla saat 18:00 radələrində havaya qalxıb. Təyyarədə 190 sərnişin və 12 ekipaj üzvü olub.
Lakin saat 21:37 radələrində hava gəmisi yenidən Nyuark hava limanına eniş edib. Hava hərəkətinin idarə olunmasına dair danışıqlardan məlum olub ki, təhlükəsizlik xidmətinin diqqətini təyyarədəki “Bluetooth” cihazlarından birinin adında yer alan müəyyən dördhərfli söz cəlb edib.
Ekipaj sərnişinlərdən dəfələrlə “Bluetooth” cihazlarını söndürməyi tələb etsə də, şahidlərin sözlərinə görə, iki cihaz aktiv qalmaqda davam edib. Çikaqoda yerləşən mərkəzi ofislə məsləhətləşmədən sonra ekipaj təyyarəni geri qaytarmaq qərarı verib.
Enişdən sonra sərnişinlər təxliyə olunub və təyyarə liman administrasiyasının polisi tərəfindən yoxlanılıb. Daha sonra bütün sərnişinlər yenidən təhlükəsizlik yoxlamasından keçirilib və təyyarəyə minmələrinə icazə verilib. Aviaşirkət yeni ekipajla ehtiyat reys təşkil edib. Təyyarə bazar günü səhər tezdən yola düşərək günorta saatlarında Palma de Malyorkaya çatıb.
“United Airlines” hadisənin səbəbləri ilə bağlı ətraflı şərh verməkdən imtina edib və yalnız reysin geri qayıtması faktını təsdiqləyib.
Qeyd olunur ki, bu, aviaşirkətin son dövrlərdə üzləşdiyi problemlər silsiləsinin növbəti hadisəsidir. Daha əvvəl bir reys qayda pozan sərnişin səbəbindən marşrutunu dəyişmiş, digər təyyarə isə Nyuark hava limanında eniş zamanı yük maşını və işıqlandırma dirəyi ilə toqquşmuşdu.
Sevinc Əliyeva
Ordu.az