SEPAH komandirinin müavini: “İran qalib gəlib və qlobal güc mövqeyini möhkəmləndirib”

2026/06/1780290911.jpg
Oxunub: 351     09:10     01 İyun 2026    
İranın SEPAH-ının siyasi məsələlər üzrə komandir müavini, briqada generalı Yadolla Cəvani Şimali Xorasan əyalətinin Bocnurd şəhərinə səfəri zamanı bildirib ki, Hörmüz boğazı üzərində İranın suverenliyinin həyata keçirilməsi və möhkəmləndirilməsi nüvə silahından daha güclü vasitədir və ölkəyə təcavüzkarları cəzalandırmaq imkanı verir.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, “düşmənin hazırkı məqsədi gərginlik yaratmaq və cəmiyyətdə mövcud olan müqəddəs birliyi pozmaqdır”.

Cəvani həmçinin qeyd edib ki, İran ABŞ və İsraillə baş vermiş son qarşıdurmaya əvvəlcədən hazır olub.

“Bu müharibə qaçılmaz idi və onun başlaması bizim üçün gözlənilməz olmadı. Biz həmişə bu qarşıdurmaya hazırlaşmışıq və bunun sübutu son illərdə inqilab rəhbərlərinin rəhbərliyi altında güclü İranın qurulmasıdır”, - deyə o bildirib.

Generalın fikrincə, İran təkcə müdafiə sahəsində deyil, ümumilikdə bu müharibədən qlobal güc kimi çıxıb.

O, xüsusilə Hörmüz boğazının strateji əhəmiyyətini vurğulayıb.

“Hörmüz boğazı üzərində İranın suverenliyinin inkişafı və möhkəmləndirilməsi nüvə silahından da üstün vasitədir və İrana təcavüzkarları cəzalandırmaq imkanı verir”, - deyə iranlı general qeyd edib.

Onun sözlərinə görə, qələbənin əsas amili milli birlikdir. General dövlət institutlarına göstərilən ictimai dəstəyi də yüksək qiymətləndirib.

“Xalq daimi iştirakı ilə böyük iş görüb və bu iştirak böyük qələbə tam möhkəmlənənədək davam etməlidir”, - deyə Cəvani bildirib.

O əlavə edib ki, İranla ABŞ arasında danışıqlar hazırda İranın güclü mövqedə olduğu şəraitdə aparılır və istənilən yeni təcavüzə qəti cavab verilməsi zəruridir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   ABŞ   İran  


Bizi "telegram"da izləyin