Ordu.az xəbər verir ki, platformalar 28 May Respublika Günü münasibətilə keçirilən hərbi paradın hazırlıqları zamanı nümayiş etdirilib.
İrəvanda qeydə alınan görüntülərin, daha əvvəl gündəmə gələn, lakin rəsmi şəkildə təsdiqlənməyən CH-4 platformalarının Gümrü Hərbi Hava Bazasında yerləşdirilməsi ilə bağlı iddiaları faktiki olaraq təsdiqlədiyi bildirilir. Ermənistan hökuməti və Müdafiə Nazirliyi isə bu tədarük proqramı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Açıq mənbələrin təhlillərinə görə, CH-4 platformaları 2024-2025-ci illərdə gizli şəkildə təhvil alınmış ola bilər. Ən azı iki platformanın hazırda aktiv xidmətdə olduğu ehtimal edilir.
Platformaların yaxınlığında yerləşdirilmiş altı 40 futluq ISO konteyner də diqqət çəkib. Analitiklər hesab edirlər ki, bu logistika infrastrukturu təkcə pilotsuz uçuş aparatlarının təhvilini deyil, həm də texniki xidmət imkanlarını, yerüstü idarəetmə stansiyalarını və dəstək elementlərini əhatə edən tam MALE sinfinə məxsus pilotsuz uçuş aparatı əməliyyat ekosisteminə işarə edir.
CH-4-lərin yerləşdirildiyi Gümrü Hərbi Hava Bazasının Rusiyanın Ermənistandakı əsas hərbi obyektlərindən biri olan 102-ci Rusiya Hərbi Bazasına yaxın olması da geosiyasi baxımdan diqqətçəkən məqam kimi qiymətləndirilir.
Çinin CASC şirkəti tərəfindən hazırlanan CH-4 platforması kəşfiyyat, müşahidə, hədəf təyinetmə və dəqiq zərbə missiyaları üçün nəzərdə tutulub.
Konstruksiya baxımından ABŞ istehsalı olan MQ-9 “Reaper” pilotsuz uçuş aparatına bənzədilən platformanın təxminən 30 saata qədər havada qalma müddətinə və peyk vasitəsilə uzaq məsafədən idarəetmə imkanına malik olduğu bildirilir.
CH-4 gecəgörmə, termal müşahidə və elektro-optik kamera sistemləri ilə təchiz olunub. Platforma AR-1 tank əleyhinə raketlərlə, lazerlə idarə olunan bombalarla və müxtəlif dəqiq idarə olunan sursatlarla silahlandırıla bilir. Sistemin dərin kəşfiyyat və müşahidə, hədəf koordinatlarının ötürülməsi, artilleriya atəşinin korreksiyası və zirehli hədəflərə qarşı dəqiq zərbələr üçün istifadə olunduğu qeyd edilir.
Mütəxəssislərin fikrincə, CH-4 platformalarının ortaya çıxması Ermənistanın 2020-ci il Qarabağ müharibəsindən sonra müdafiə doktrinasını yenidən formalaşdırmaq cəhdlərinin tərkib hissəsidir.
Onların qənaətinə görə, CH-4-lərin gizli şəkildə yerləşdirilməsi təkcə yeni platformaların alınması deyil, həm də əməliyyat hazırlığı, doktrina inteqrasiyası və yeni döyüş konsepsiyalarına uyğunlaşma istiqamətində atılan addım kimi qiymətləndirilə bilər.
Alpər Mövludoğlu
Ordu.az