TULPAR platformasının qülləsi ASELSAN KORHAN 35 mm sisteminə həvalə olunub - VİDEO

2026/05/Ekran-1780225773.jpg
Oxunub: 521     15:06     31 May 2026    
OTOKAR şirkətinin Hərbi Platformalar üzrə İxrac Məhsulları İdarəsinin müdiri dr. Ufuk Aybar ASELSAN istehsalı olan KORHAN 35 mm silah qülləsi ilə təchiz edilmiş TULPAR tırtıllı platforması barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə Aybar SAHA EXPO 2026 sərgisi çərçivəsində “Defensehere.com”a müsahibəsində danışıb.

Onun sözlərinə görə, sərgidə nümayiş etdirilən TULPAR platforması üzərində ASELSAN tərəfindən istehsal edilən KORHAN 35 mm silah qülləsi quraşdırılıb.

Aybar bildirib ki, TULPAR 28 tondan başlayaraq 45 tona qədər yükdaşıma imkanına malik tırtıllı platformadır və bu səbəbdən müxtəlif konfiqurasiyalarda istifadə oluna bilir.

KORHAN sistemi haqqında danışan Aybar qeyd edib ki, sistem 35 mm çaplı silahla təchiz olunub, 45 dərəcə yüksəliş və -10 dərəcə eniş bucağına malikdir.

“Qüllə üzərində radar, AKKOR aktiv müdafiə sistemi və lazer xəbərdarlıq sistemi quraşdırılıb. Biz bu tam kompleksi TULPAR platformasına inteqrasiya edirik”, - deyə Aybar vurğulayıb.

O qeyd edib ki, bu cür inteqrasiya imkanları TULPAR platformasının layihələndirilməsi zamanı nəzərdə tutulan çevik konstruksiya sayəsində mümkün olub.

Aybarın sözlərinə görə, sərgidə nümayiş etdirilən 35 mm-lik KORHAN versiyası ziyarətçilərin ən çox diqqətini çəkən nümunələrdən biri olub.

O bildirib ki, şirkət eyni zamanda 120 mm çaplı sistemləri də TULPAR platformasına inteqrasiya edir və əvvəlki sərgidə məhz həmin versiya təqdim olunmuşdu.

“TULPAR platformasına 30 mm-dən 120 mm-dək müxtəlif çaplı silah sistemləri quraşdırmaq mümkündür. Radar, AKKOR aktiv müdafiə sistemi və lazer xəbərdarlıq sistemi ilə təchiz edilən 35 mm-lik KORHAN faktiki olaraq tam döyüş kompleksidir və hazırda TULPAR platformasının ən yetkin və diqqətçəkən konfiqurasiyalarından biri hesab olunur”, - deyə Aybar vurğulayıb.

O, sərgidə çoxsaylı müştərilərin stendi ziyarət etdiyini, yeni sistemlərlə tanış olduqlarını və gələcək müqavilələr üçün əlverişli zəmin yarandığını da qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TULPAR   ASELSAN   KORHAN  


Bizi "telegram"da izləyin