Ordu.az xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
“Bu yaxınlarda Paşinyanın bəyanatında eşitdim ki, “ərazimizdən boru kəmərləri keçəcək, bizə qazla ödəniş ediləcək və həm qazımız, həm də pulumuz çox olacaq”. Bunun nə vaxt baş verəcəyi isə hələ böyük sualdır”, - deyə Lukaşenko bildirib.
Belarus Prezidenti qeyd edib ki, insanlar məsələnin detallarına dərindən varmırlar.
“Mən bilmək istərdim ki, o niyə öz xalqına yalan danışır? Hansı borular, haradan keçəcək, onlara qazı kim verəcək və hansı məbləğlərdən söhbət gedir?”, - deyə Lukaşenko vurğulayıb.
Onun sözlərinə görə, hazırda Rusiya Ermənistana təbii qazı gömrük rüsumu olmadan və Avropa İttifaqı bazarındakı qiymətlərdən bir neçə dəfə ucuz satır.
“Min kubmetr üçün 150-160 dollar. Avropa İttifaqında isə təbii qazın qiyməti min kubmetr üçün 550-650 dollardır. Bu, yalnız qazla bağlıdır. Başqa məsələlərdən danışmıram. Əgər söhbət puldan gedirsə, burada hansı sərfəlilikdən danışmaq olar?”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az