Çexiyanın Baş naziri Avropa üçün tarixi tənəzzül proqnozlaşdırıb

2026/05/1780224600.jpg
Oxunub: 364     14:46     31 May 2026    
Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqının tarixi tənəzzül yolunda irəlilədiyini bildirib və onu Roma İmperiyasının son dövrləri ilə müqayisə edib.

Ordu.az xəbər verir ki, bu barədə o, “Financial Times” nəşrinə müsahibəsində danışıb.

“Avropa İttifaqı hazırda, yəqin ki, Roma İmperiyasının son dövrlərdə keçdiyi yolla irəliləyir”, - deyə Babiş bildirib.

O, Brüsselin iqtisadi siyasətini və dekarbonizasiya kursunu tənqid edərək, bunun Avropa iqtisadiyyatını uçuruma apardığını iddia edib.

NATO sammitinə hazırlıq fonunda Baş nazir müdafiə xərcləri məsələsinə də toxunub.

Babiş qeyd edib ki, Çexiya böyük ehtimalla bu il ÜDM-in 2 faizi həcmində müdafiə xərcləri hədəfinə çata bilməyəcək.

“Əlimizdən gələni edəcəyik, amma yəqin ki, 2 faizə çatmayacağıq. Bununla belə, ölkə formal olaraq alyansın yeni məqsədlərinə doğru irəliləyir. Çexiya 2035-ci ilə qədər müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı öhdəsinə götürüb”, - deyə Babiş əlavə edib.

O eyni zamanda vurğulayıb ki, NATO faiz göstəricilərinə deyil, real hərbi imkanlara daha çox diqqət yetirməlidir.

Məlumata görə, alyans daxilində müdafiə yükünün bölüşdürülməsi və hərbi xərclərin səviyyəsi ilə bağlı, xüsusilə də ABŞ-nin sammit öncəsi təzyiqləri fonunda gərgin müzakirələrin aparılması gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çexiya   Avropa  


Bizi "telegram"da izləyin