Əgər Donald Trampa hansısa məsələdə arxalanmaq mümkündürsə, bu, hamının demədiyini açıq deməsidir.
Ötən günlərdə Ağ Evdə Pasxa naharı tədbirində prezident izah edib ki, müharibənin dəyəri ABŞ hökumətinin amerikalıların əsas ehtiyaclarını qarşılamağa kömək etmək üçün pul xərcləməsinə imkan vermir:
“ABŞ uşaq baxımı xərclərini qarşılaya bilməz. Bu, ştatların işi olmalıdır. Biz böyük ölkəyik. Əlli ştatımız var. Başqa çox işimiz var, müharibələr aparırıq. Uşaq baxımı ilə məşğul ola bilmərik. Qoy bunu ştatlar həll etsin, ödənişi də onlar etsin. “Medicaid”, “Medicare”, bütün bu fərdi məsələlər... Bunları federal səviyyədə həll etmək olmaz. Biz yalnız bir məsələ ilə məşğul olmalıyıq: hərbi müdafiə. Ölkəni qorumalıyıq”.
Amerikalıların böyük əksəriyyəti hökumətin səhiyyə və uşaq baxımına pul ayıra bilməməsinin səbəbinin bütün ictimai vəsaitin hərbi sahəyə yönəldilməsi olduğunu eşitməkdən, yəqin ki, heç də məmnun olmayacaq. Amma Trampın bu sözləri çox güman ki, ABŞ-nin İrana qarşı hazırkı müharibəsinin son dərəcə baha başa gəldiyini bilməsindən qaynaqlanır.
ABŞ İranla müharibəyə nə qədər xərcləyib?
Tramp administrasiyası bunu demir və xərc mövzusunun ümumiyyətlə müzakirə olunmamasına üstünlük verir.
ABŞ İranla müharibənin ilk iki həftəsində təxminən 28,7 milyard dollar, yəni gündə orta hesabla 2,1 milyard dollar xərcləyib. Bu nəticə bizim rəsmilərin açıqlamalarına, federal satınalma və əməliyyat məlumatlarına, eləcə də hərbi yerləşdirmələr və silah istifadəsi ilə bağlı materiallara əsaslanan təhlilimizə söykənir. Bu hesablamaya yalnız müharibənin birbaşa xərcləri, yəni hərbi əməliyyatlar, sursat və buna bənzər qısamüddətli xərclər daxildir, dolayı xərclər isə daxil deyil. Dolayı xərclərə iqtisadi təsir və veteranlara qayğı kimi daha geniş və uzunmüddətli amillər aiddir.
Bu, yəqin ki, başqa yerlərdə gördüyünüz rəqəmlərdən daha yüksəkdir. Həmin hesablamalar olduqca aşağıdır. Bu hesablamanın özü də aşağı ola bilər.
ABŞ İran müharibəsinə gündə təxminən 2,1 milyard dollar xərcləyir. 2026-cı il fevralın 28-dən martın 13-dək olan dövr üzrə hesablamalara görə, əməliyyatlara 4,25 milyard dollar, silahlara 20,77 milyard dollar, itkilərə 2,71 milyard dollar, İsrailin bombaları və ələkeçiricilərinin maliyyələşdirilməsinə isə 1,01 milyard dollar sərf olunub, ilk iki həftənin ümumi dəyəri 28,74 milyard dollar, gündəlik orta xərc isə 2,05 milyard dollar təşkil edib.
Niyə əksər hesablamalar həddindən artıq aşağıdır?
Pentaqon rəsmiləri son günlərdə seçilmiş qanunvericilərlə keçirdikləri qapalı brifinqdə müharibənin ilk həftədə 11,3 milyard dollara başa gəldiyini qiymətləndiriblər. Bu rəqəm, sursat xərclərindən başqa demək olar ki, heç nəyi nəzərə almasa da, Tramp administrasiyasının İranla müharibəyə nə qədər pul xərclədiyini deməyə ən çox yaxınlaşdığı haldır. Əsas media orqanları hökumət rəsmilərinin açıqladığı rəqəmlərə istinad etmək vərdişləri ilə rəsmilərin faktiki rəqəm açıqlamaması arasındakı ziddiyyət fonunda bu rəqəmi dönə-dönə təkrarlayırlar. Bu həm də beyin mərkəzlərinin populyar xərc hesablamaları üçün əsas olub.
Məsələn, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) əvvəlcə bildirmişdi ki, müharibə ilk yüz saat ərzində 3,7 milyard dollara başa gəlib. Bu, ən çox istinad edilən hesablamalardan birinə çevrildi, hərçənd yəqin ki, CSIS-in istədiyi səbəbə görə yox. Medianda CSIS və Pentaqon hesablamaları arasındakı uçurum İranla müharibənin xərcinin gözləntiləri darmadağın etməsinin simvolik nümunəsinə çevrildi. Sonra CSIS başqa bir hesablamanı darc etdi, bu hesablamanın əsasında demək olar ki, tamamilə Pentaqonun rəqəmləri dayanırdı və bu da ayrıca populyarlıq qazandı, hətta xəbər qurumları və digər beyin mərkəzlərinin hesablamaları üçün əsas oldu.
Müharibənin yayğın xərc hesablamalarının iki ortaq cəhəti var. Birincisi, onların hamısı süni zəka tərəfindən yaradılmış onlarla “müharibə xərc izləyicisi”ndən daha yaxşıdır, həmin alətlər faktiki baxımdan boş məzmun daşıyır. Daha pisi isə odur ki, onlara görə kimsə cavabdeh deyil. Rəqəmlər səhv çıxdısa, günahı modelin üzərinə at. Haqlı tənqidini eşidəcək heç kim yoxdur, sanki sürücüsüz maşın gəlib sənin yolunu kəsib.
İkincisi, üstünlük təşkil edən xərc hesablamaları sonda Pentaqonun hesablamalarına əsaslandığı üçün onun daxili qüsurlarını da təkrarlayır. Ən böyüyü sursat xərcləridir, Pentaqonun hesablamasına, demək olar ki, yalnız bunlar daxil idi, çünki o, müharibə xərclərinin başqa növlərini nəzərə almamışdı. Nəticədə İranla müharibənin əslində nə qədər bahalı olduğu sistemli şəkildə olduğundan az göstərilir.
Pentaqon sursatın “istifadə sürəti” ilə bağlı xərcləri əməliyyat logistikasını, nəyin, hansı sayda atıldığını maliyyə dəyərləri ilə birləşdirərək hesablayır. Bizim iradımız onun vahid xərci necə müəyyənləşdirməsinədir. Pentaqonun üsulunun səhv olduğunu düşünmürük, sadəcə onun əhəmiyyətsiz olduğunu düşünürük, departamentdaxili mühasibat məntiqinə o qədər qapılıb ki, gəldiyi nəticələr çox qapalıdır və geniş istifadə üçün yararsızdır. Pentaqonun balansında görünən müharibə xərcləri ilə ABŞ ictimaiyyətinin ödəməyə məcbur ediləcəyi müharibə xərcləri eyni deyil, yəni daha aşağıdır.
Məsələn, Hərbi Dəniz Qüvvələri atdığı SM-2 önləyici raketlərinin sayını Sursat İzləmə Sisteminə daxil edir, bu say daha sonra Hərbi Dəniz Qüvvələrinin Korporativ Resurs Planlaşdırması sisteminə ötürülür və orada bildirilmiş say SM-2-nin mövcud vahid dəyərinə vurulur, bu rəqəm isə Maliyyə Hesabatına düşür və sonda Pentaqonun birləşdirilmiş maliyyə hesabatlarına daxil edilir. Bir SM-2-nin atılma dəyəri “hərəkətli orta xərc” adlanan göstəriciyə əsasən hesablanır, bu göstərici ümumi ehtiyat dəyərini həmin ehtiyatdakı SM-2-lərin sayına bölməklə vahid dəyəri müəyyən edir. Sursat ehtiyatının dəyəri həmin sursatın hər yeni alınması ilə dəyişən tarixi orta göstəricidir. Əgər vahid dəyəri 1,1 milyon dollardırsa və ehtiyatdan 50 ədəd çıxarılıb atılırsa, Pentaqonun balansında bu sursatların istifadəsi nəticəsində 55 milyon dollar xərc göstəriləcək. Pentaqonun adı açıqlanmayan rəsmilərinin qanunvericilərə təqdim etdiyi müharibə xərc hesablaması çox güman ki, məhz bu mühasibat metodunu əks etdirir, çünki bu, departamentin standartıdır.
Bəs bu standart müharibə xərclərinin niyə az göstərilməsinə səbəb olur? Yuxarıda adı çəkilən önləyici raket bunu mükəmməl şəkildə izah edir: məlumatlara görə, ABŞ ordusu İranla müharibə zamanı çoxlu sayda SM-2 önləyici raketi atıb, amma Pentaqon artıq SM-2 almır, onlar mərhələli şəkildə dövriyyədən çıxarılır. Əvəzində daha qabaqcıl və daha bahalı varisi olan SM-6 alınır. Deməli, davam edən müharibədə hər dəfə bir SM-2 atılanda, Pentaqonun mühasibat sistemi onun dəyərini 2026-cı ildə SM-6-nın 5,3 milyon dollarlıq vahid dəyərinə yox, 2011-ci ildəki 1,1 milyon dollarlıq SM-2 vahid dəyərinə yaxın göstərir. ABŞ vergi ödəyiciləri üçün 50 SM-2-nin atılma dəyəri 55 milyon dollar deyil, 265 milyon dollardır.
Bəzi yayğın hesablamalarda əvəzetmə xərclərindən istifadə olunub, amma bunu Pentaqonun 11,3 milyard dollarlıq rəqəminə sığacaq şəkildə ediblər, həmin rəqəm isə “hərəkətli orta xərc”i əks etdirir. Əvəzetmə dəyərlərindən istifadə etmək çox aşağı göstərilmiş ümumi məbləğ daxilində işləyərkən problemi ciddi şəkildə düzəltmir.
Niyə bu hesablamanın özü də aşağı ola bilər?
Bunun bir neçə səbəbi var, həm də təkcə bunlar yox:
ABŞ-nin hərbi aktivləri və şəxsi heyəti müharibə ərəfəsində tarixi miqyasda gücləndirmənin bir hissəsi kimi Yaxın Şərqə və Avropaya axışdırıldı. Biz hələlik aktivlərin əvvəlcədən yerləşdirilməsini hesablamaya daxil etməmişik və şəxsi heyətlə bağlı hesablamız da yəqin ki, aşağıdır. Müharibədən əvvəl şəxsi heyətlə bağlı daxil etdiyim yeganə xərc ehtiyat qüvvələrin aktivləşdirilməsi ilə bağlıdır, bu da ötən il İranla müharibənin miqyasındakı səfərbərliyi əks etdirir və 2026-cı ildə hərbçilərin maaşında 3,8 faizlik artıma uyğunlaşdırılıb. 2025-ci ilin iyun müharibəsi üçün ABŞ 17 193 ehtiyatçını səfərbər etmişdi, onlardan 12 396 nəfəri CENTCOM-a, 4 797 nəfəri isə EUCOM-a yerləşdirilmişdi və bizim Ordu, Hərbi Dəniz Qüvvələri, Dəniz Piyadaları və Hərbi Hava Qüvvələrinin büdcə sənədlərinə əsaslanan təhlilimizə görə, bu, ümumilikdə 1,96 milyard dollara başa gəlmişdi. Bu vəsait 119-4 saylı qanunun 1421-ci bölməsi ilə əlçatan olmuş 8 milyard dollarlıq müharibə fondundan ayrılmış və 2025-ci il iyunun 16-da icra edilmişdi. Bu tarix Pentaqon rəhbəri Pit Heqsetin ABŞ-nin qüvvələri “müdafiə xarakterli” manevr çərçivəsində Yaxın Şərqə yönəltdiyini elan etməsindən bir gün sonraydı. ABŞ beş gün sonra Co Baydenin İsrailə yardım qanunundan ayrılmış vəsaitlərlə İranı bombaladı. Bu, Fələstinlə bağlı narahatlığın niyə insanı yalnız bir mövzuya fokuslanan seçici etmədiyinin daha az görünən səbəblərindən biridir. Biz hələlik 2026-cı il hesablamamın konkret olaraq nə qədər artırılmalı olduğunu göstərən məlumat tapa bilməmişik.
Məlumata görə, İran qüvvələri tərəfindən zədələnmiş və ya məhv edilmiş ən bahalı ABŞ hərbi aktivlərindən biri Qətərdəki ABŞ bazasında yerləşən 1,3 milyard dollarlıq AN/FPS-132 erkən xəbərdarlıq radar sistemidir. Radar ilkin olaraq ABŞ-nin Qətərə xarici hərbi satış proqramı çərçivəsində maliyyələşdirildiyi üçün onun bərpası ilə bağlı mümkün xərcləri hesablamamıza daxil etməmişik. Metodoloji baxımdan bu, şübhəli qərardır, çünki guya Qətərin ABŞ-yə, demək olar ki, əyləncə xatirinə başlatdığı bir müharibədə məhv edilmiş milyard dollarlıq radarın əvəzlənməsi üçün yenidən ödəniş etmək istəyi olduğunu fərz edir. Halbuki bu, qətiyyən zərurətdən doğan müharibə deyildi.
Heqset bildirib ki, davam edən müharibə “İsrailin 12 günlük müharibə zamanı İrana qarşı əvvəlki əməliyyatlarından yeddi dəfə daha intensivdir”. Əgər bu, xərc baxımından da yeddi dəfəyə yaxın artım deməkdirsə, deməli biz ABŞ-nin müharibə xərclərini ciddi şəkildə az hesablamışıq.
Bizim İsrail büdcə sənədlərinə əsaslanan təhlilimizə görə, İsrail 2025-ci ilin iyununda baş vermiş On İki Günlük Müharibəyə təxminən 6,7 milyard dollar xərcləyib. 2025-ci ilin sentyabrında Knesset iyunda İranla müharibə və may ayında Qəzzanın planlaşdırılan “fəth edilməsi” ilə bağlı hərbi xərcləri qarşılamaq üçün əlavə qanun layihəsini təsdiqlədi. Qanun layihəsinin izah hissəsindəki cədvəl aşağıdakı məbləğləri göstərir: ordu üçün 22,7 milyard şekel, milli sığorta müavinətləri üçün 245 milyon, kəşfiyyat agentlikləri üçün 6,2 milyard və faiz ödənişləri üçün 1,7 milyard.
Kəşfiyyat agentlikləri üçün ayrılmış vəsait də daxil ediləndə, qanun layihəsində ümumilikdə 28,94 milyard şekel hərbi xərc nəzərdə tutulurdu, bunun 6,4 milyard şekeli İsrail Müdafiə Qüvvələrinin şəxsi heyəti üçün idi, qanun layihəsi şəxsi heyət xərclərini 39,02 milyard şekelə qaldırmışdı, halbuki ilkin 2025-ci il büdcəsində bu rəqəm 32,66 milyard şekel idi. İsrail hökuməti əlavə şəxsi heyət maliyyəsini 2025-ci ilin may-avqust aylarında Qəzzadakı hücumla əlaqələndirdi, qalan 22,5 milyard şekeli, yəni 6,7 milyard dolları isə İranla müharibəyə aid etdi.
Bu məntiqli görünür. 2025-ci ilin ilkin büdcəsi İsrailin mart hücumunu (qüvvədə olan atəşkəs dövründə) nəzərdə tuturdu, lakin çox güman ki, may hücumunun tam xərclərini (o da guya qüvvədə olan atəşkəs dövründə baş vermişdi) nəzərə almırdı. İsrail may əməliyyatı üçün on minlərlə ehtiyat hərbçini çağırmışdı və bu əməliyyat uğursuzluqlarla müşayiət olunaraq nəticədə fiaskoya uğramışdı ki, bu da şəxsi heyət xərclərində ciddi artıqların olduğunu göstərir. Həmçinin ehtimal etmək olar ki, əlavə maliyyələşdirmənin əsas hissəsi 2025-ci ilin iyun müharibəsinə yönəlmişdi, çünki bu müharibə əməliyyatlar səbəbindən (o cümlədən bombardman missiyaları və İranda MOSSAD əməliyyatları üçün on minlərlə uçuş saatı), sursatlar səbəbindən (məsələn, İsrailin İrana atdığı minlərlə bomba) və önləyici raketlər üçün təxminən 1,25 milyard dollar xərc səbəbindən tez bir zamanda büdcəni aşmışdı.
Əgər Heqset “yeddi dəfə daha intensiv” deyərkən 2025-ci ilin iyun müharibəsinin xərcinin yeddi qatını nəzərdə tuturdusa, deməli bizim hesablamamız təxminən 20 milyard dollar azdır.
Metodologiya və maddələr üzrə müharibə xərcləri
Əməliyyatlar
Təxmini xərc: 4,25 milyard dollar
ABŞ Konqresinin Büdcə Ofisinin (CBO) müxtəlif döyüş bölmələrinin istismarının nə qədər başa gəldiyini göstərən məlumatları var. Biz İranla müharibədə iştirak edən bölmələrin növünü və sayını açıq mənbə kəşfiyyatına və media məlumatlarına əsaslanaraq qiymətləndirdik. Məsələn, USNI-nin donanma izləmə məlumatlarından istifadə edərək, müharibənin əvvəlində Ərəbistan dənizi, Fars körfəzi, Qırmızı dəniz və Şərqi Aralıq dənizində fəaliyyət göstərən on beş esminesi saydıq.
Lakin CBO-nun məlumatları sülh dövrünə uyğunlaşdırılıb, müharibə dövrünə yox, halbuki müharibə hər şeyi, o cümlədən müharibənin özünü də daha bahalı edir.
Müharibənin hərbi əməliyyat xərclərini nə qədər artırdığını hesablamaq üçün biz 2003-2014-cü illər arasında Pentaqonun müntəzəm və ya “əsas” büdcəsində, eləcə də əlavə müharibə büdcəsində əməliyyat xərclərini, daha dəqiqi, Əməliyyat və Dəstək xərclərini təhlil etdik.
Müharibə ilə bağlı əməliyyat xərclərindəki proporsional artımı ayırmaq üçün iki addım atdıq. Birincisi, müharibə dövründəki əməliyyat xərclərini mütləq məbləğlə deyil, əsas əməliyyat xərclərinə nisbətdə ölçdük ki, müharibə ilə birbaşa bağlı olmayan xərc artımını nəzarətdə saxlaya bilək. Əsas əməliyyat xərcləri 2003-2014-cü illərdə inflyasiyadan əlavə təxminən 13 faiz artmışdı. İkincisi, əməliyyat xərclərini aktiv xidmətdə olan hərbçi başına ölçdüm ki, bu da yalnız İraq və Əfqanıstan müharibələrinin miqyası ilə bağlı xərc artımını nəzarətdə saxlamağa kömək etsin.
Müharibə 2003-2014-cü illərdə əməliyyat xərclərini orta hesabla 33 faiz artırıb ki, bu da 1,33-lük müharibə dövrü əməliyyat xərc əmsalına uyğun gəlir və biz CBO məlumatlarını sülh dövrü xərclərindən müharibə dövrü xərclərinə çevirmək üçün bundan istifadə etdik. Bu əmsal müəyyən bir zaman kəsiyi (2003-2014) və məkan (İraq, Əfqanıstan) üzrə məlumatlardan çıxarılsa da, davamlı döyüşlərin əməliyyat xərclərini tarixən necə artırdığını göstərən etalon rolunu oynayır. Biz daha detallı araşdırmalarımıza əsasən bu əmsalın aşağı olduğunu düşünürük. Təkcə bir nümunə göstərək: CH-47D, UH-60L və AH-64D olmaqla üç helikopter üzrə əməliyyat xərclərinin inflyasiyaya uyğunlaşdırılmış artımı 1998-ci ildən (sülh dövrü) 2007-ci ilə (müharibə dövrü) qədər müvafiq olaraq 140 faiz, 262 faiz və 541 faiz olmuşdu.
Silahlar
Təxmini xərc: 20,77 milyard dollar
Aşağıda maddələr üzrə göstərilən silahlar hücum və müdafiə sursatlarına bölünüb. Biz bu fərqi ona görə edirik ki, hər qrup üçün ayrıca metodologiya tələb olunur.
Hücum
Pentaqonun müharibə zamanı atdığı və ya buraxdığı sursatların sayı barədə son dəfə rəqəm açıqladığı tarix 2026-cı il martın 3-ü olub. Həmin gün CENTCOM komandanı Bredli Kuper demişdi ki, ABŞ “2 000-dən çox sursatla təxminən 2 000 hədəfi vurub”. Martın 4-də Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuata belə deyib: “Bilirəm ki, sursatlarla bağlı çoxlu suallar var... Sizə demək istəyirəm, komanda yoldaşları, bir qayda olaraq biz saylar barədə danışmaq istəmirik... Biz bunu əməliyyat təhlükəsizliyi məsələsi hesab edirik”. Tramp administrasiyasının insanların müharibə xərcləri barədə danışmasını həqiqətən istəmədiyini onun ən ümumi göstəricilər üzrə belə şəffaflığı rədd etməsindən də görmək olur.
Lakin Pentaqon vurduğu hədəflərin sayını, hərçənd qeyri-dəqiq formada, açıqlayır (general Keynin 2026-cı il martın 13-də keçirdiyi brifinqdə dediyi kimi, “6 000-dən çox”) və bu göstəricidən sursat xərclərini təxmin etmək üçün istifadə etmək olar.
Yalnız hədəflərin sayına əsaslanaraq sursat xərclərini necə hesablamaq olar?
Birincisi, general Keynin “6 000-dən çox” deyərkən nəyi nəzərdə tutduğunu təxmin edin. Bizim təxminimiz: 6 400.
İkincisi, təxmin edilən hədəf sayını ABŞ və ya NATO qüvvələrinin son müharibələrdən birində hər hədəfə orta hesabla istifadə etdiyi sursat sayına vurun. Vaxt idarəçiliyi zəif olan özünü göstərməyi sevən birisinizsə, lap üç müharibə üzrə də edə bilərsiniz.
İraqın Azadlığı Əməliyyatı - yalnız ilk otuz gün - İraq, 2003-cü il martın 19-dan 2003-cü il aprelin 18-dək
Buraxılmış 29 199 sursat/vurulmuş 19 898 hədəf = hər hədəfə 1,47 sursat
Dəqiq idarə olunmayan sursatları nəzərə almaq üçün hər hədəfə 1,01 sursata uyğunlaşdırılıb, hərçənd bu, həddindən artıq düzəliş ola bilər.
Birləşmiş Qoruyucu Əməliyyatı - NATO - Liviya, 2011-ci il martın 31-dən 2011-ci il oktyabrın 31-dək
Buraxılmış 8 112 sursat/vurulmuş təxminən 6 000 hədəf = hər hədəfə 1,35 sursat
Daxili Qətiyyət Əməliyyatı, İraq və Suriya, 2014-cü il oktyabrın 16-dan 2017-ci il yanvarın 20-dək
Buraxılmış 65 461 sursat/vurulmuş 39 608 hədəf = hər hədəfə 1,65 sursat
Bu müharibələr üzrə orta göstəricilərin ortalaması = hər hədəfə 1,36 sursat. 6 400 hədəf x hər hədəfə 1,36 sursat = 4 624 sursat.
Bu 4 624 sursatdan biz müharibənin ilk günlərində kütləvi şəkildə istifadə olunan çox bahalı, uzaqmənzilli “stend-off” sursatları ilə sonrakı dövrdə ABŞ-nin daha tez-tez istifadə etdiyi daha ucuz, qısamənzilli “stend-in” sursatları arasında 35-65 faiz bölgüsü fərz etdik. Bu təxmini bölgü rəsmilərin açıqlamalarına əsaslanır.
“Stend-off” sursatları
Miqdarlar media məlumatları, açıq mənbə kəşfiyyatı, tarixi məlumatlar və silah-sursat istifadəsinin məhkəmə-təhlili əsasında hesablanıb. Sursatlar vahid dəyəri ilə birlikdə bunlardır: “Tomahawk” - 2 milyon dollar, ATACMS - 1,6 milyon dollar, “PrSM” - 2,5 milyon dollar, AGM-88 HARM/AARGM/AARGM-ER - AARGM-ER üçün 1,9 milyon dollar, çünki AARGM-ER AARGM-ni, AARGM isə HARM-ı əvəz edir, JASSM - 2,9 milyon dollar, JSOW - vahid dəyəri JASSM ilə eyni, yəni 2,9 milyon dollar, çünki JASSM JSOW-u əvəz edir. Lakin JASSM-in döyüş yükü JSOW-dan iki dəfə çox olduğu üçün əlaqəli xərci yarıya endirdik.
Buraya 725 “Tomahawk” raketi daxildir və bu say onların İraqın Azadlığı Əməliyyatının ilk iki həftəsində istifadə sürətinə uyğundur, təxminən 400-ü həm 2003-cü il İraq müharibəsinin, həm də 2026-cı il İran müharibəsinin ilk dörd günü ərzində atılmışdı. Digər təxmini miqdarlar bunlardır: 75 ATACMS, 55 “PrSM”, 1 016 JASSM, 600 AGM-88, 575 JSOW.
“Stend-in” sursatları
Aşağıdakı idarə olunan bombaların təxmini miqdarları 2003-cü il İraq müharibəsinin ilk 30 günü ərzində atılmış idarə olunan bombaların bölgüsünə əsaslanır: 2 000 funtluq bombalar 36 faiz, 1 000 funtluq bombalar 17 faiz, 500 funtluq bombalar 47 faiz.
2 000 funtluq GBU-31 - MK84/BLU-109 döyüş başlığı + JDAM
Miqdar: 674
Vahid dəyəri: 107 266 dollar - döyüş başlığı 39 250 dollar + JDAM 68 016 dollar
1 000 funtluq GBU-32 - MK83/BLU-110 döyüş başlığı + JDAM
Miqdar: 330
Vahid dəyəri: 78 923 dollar
500 funtluq GBU-38 - MK82/BLU-111 döyüş başlığı + JDAM
Miqdar: 877
Vahid dəyəri: 74 975 dollar
Təxmini “Hellfire” xərcləri media məlumatları və açıq mənbə kəşfiyyatı əsasında hesablanıb.
“Hellfire” raketi
Miqdar: 200
Vahid dəyəri: 249 506 dollar - JAGM əvəzetmə dəyəri, çünki JAGM “Hellfire”ı əvəz edir
Bu rəqəmlərə çox güman ki, əsasən konkret hədəfləri məhv etməkdən çox düşmən müdafiəsini doyurma məqsədilə istifadə edilmiş, sayı göstərilməyən, lakin məlumatlara görə çox olan LUCAS birdəfəlik pilotsuz uçuş aparatları daxil deyil: hər biri təxminən 35 000 dollar. Kuper çox güman ki, 2026-cı il martın 3-də sursat sayını açıqlayanda bu aparatları həmin hesablamaya daxil etməmişdi. General Keynin 2026-cı il martın 2-də atıldığını dediyi “on minlərlə sursat vahidi”nin bir çoxu da bu rəqəmlərə daxil edilməyib.
Müdafiə
Raketdən müdafiə
İranın buraxdığı raketlərin sayı: 1 224
İran raketlərinin sürətləndirmə mərhələsindən salamat çıxan hissəsi: 93 faiz
2025-ci ilin iyun müharibəsi zamanı İran raketlərinin 93 faizi, 588-dən 546-sı sürətləndirmə mərhələsindən salamat çıxmışdı.
Salamat çıxmış raketlərin təhdid hesab edilən və Amerika, İsrail və ya Körfəz hava hücumundan müdafiə sistemləri tərəfindən qarşılanan hissəsi: 81 faiz
Bu göstərici 2025-ci ilin iyun müharibəsi zamanı 62 faiz idi, lakin İranla Körfəzdəki ABŞ bazaları arasındakı məsafənin azalması (bu da raketin təhdid olub-olmadığını müəyyənləşdirmək üçün vaxtı azaldır) səbəbindən biz 2025-ci ildə təhdid sayılmayan raketlərin yarısının 2026-cı ildə təhdid sayıldığını fərz etdik.
ABŞ və ABŞ-yə dost qüvvələrin vurmağa cəhd etdiyi raketlərin sayı: 922
Hər İran raketini vurmaq üçün istifadə edilən önləyici raketlərin orta sayı, yəni yaxınlaşan raketləri vurmaq üçün istifadə olunan raketlər - 1,7.
Baxmayaraq ki, 2025-ci ilin iyun müharibəsində hər İran raketi üçün 1,1 önləyici raket istifadə olunmuşdu (339 raket üçün 361 önləyici raket), ABŞ qüvvələri 2024-2025-ci illərdə hər husi raketi üçün orta hesabla iki önləyici raket istifadə etmişdi və İranın “Əl-Udeyd” Hava Bazasına atılacağını əvvəlcədən xəbər verdiyi 13 İran raketini vurmaq üçün 30 “Patriot” önləyici raketi işlətmişdi.
İran raketlərinə qarşı atılmış önləyici raketlər: 1 567
ABŞ qüvvələrinin atdığı önləyici raketlərin payı: 86 faiz
2025-ci ilin iyun müharibəsi zamanı ABŞ önləyici raketlərin 72 faizini atmışdı, İsrail 101, ABŞ isə İsraili müdafiə etmək üçün 230 və “Əl-Udeyd”i müdafiə etmək üçün 30 önləyici raket atmışdı. 2026-cı il müharibəsi üçün biz mühafizəkar yanaşma ilə hesab etdik ki, İranın diqqəti ABŞ hərbi bazalarına hücumlara yönəldiyi və Körfəz ölkələrinin hava hücumundan müdafiə sistemləri imkanları İsraillə müqayisədə nisbi olaraq zəiflədiyi üçün ABŞ 2025-ci ildə ABŞ-dən kənar tərəflərin daşıdığı yükün yarısını öz üzərinə götürəcək.
ABŞ qüvvələrinin atdığı önləyici raketlər: 1 348
Biz ABŞ-nin 2025-ci ilin iyununda atdığı önləyici raketlərin tərs qarışığını əsas götürdük, burada SM-3-lər SM-6/SM-2-lərlə bərabər bölünmüşdü, çünki hədəf kimi ABŞ hərbi bazalarına üstünlük verilirdi və bu bazalarda “Patriot” batareyaları geniş yayılıb. Bu, 778 “Patriot” önləyici raketinin atıldığına dair təxmini nəticə verdi, sonradan isə rəsmilərin açıqladığı rəqəmə uyğunlaşmaq üçün bunu cüzi şəkildə artıraraq 800-ə çatdırdıq. Nəticədə yaranan artımı isə önləyici raketlərin ehtiyatlarda nisbətən daha az sayda olması səbəbindən SM-3 ümumi sayından 22 çıxmaqla kompensasiya etdik.
“Patriot”
Miqdar: 800
Vahid dəyəri: 4,6 milyon dollar
THAAD
Miqdar: 156
Vahid dəyəri: 15,5 milyon dollar
SM-3
Miqdar: 185
Vahid dəyəri: 28,7 milyon dollar
SM-6/SM-2
Miqdar: 207
Vahid dəyəri: 5,3 milyon dollar - SM-6 vahid dəyəri, çünki o, SM-2-ni əvəz edir
Pilotsuz uçuş aparatlarına qarşı
İranın atdığı pilotsuz uçuş aparatlarının sayı: 2 700
Təhdid hesab edilən və hava hücumundan müdafiə sistemləri tərəfindən qarşılanan pilotsuz uçuş aparatlarının payı: 87 faiz
Bu göstərici 2025-ci ilin iyun müharibəsi zamanı 73 faiz idi, lakin biz mənşə nöqtəsi ilə hədəf arasındakı məsafənin xeyli qısalması səbəbindən təhdid yaratmayan pilotsuz uçuş aparatlarının sayını yarıya endirdik.
ABŞ tərəfindən vurulan pilotsuz uçuş aparatlarının faizi: 70 faiz
ABŞ 2025-ci ilin iyun müharibəsi zamanı bunların 18 faizini vurmuşdu, lakin 2026-cı il üçün biz bu göstəricini dörd dəfə artırdıq, çünki hədəf kimi ABŞ bazaları seçilmişdi.
ABŞ qüvvələrinin vurduğu pilotsuz uçuş aparatları: 1 648
Hər pilotsuz uçuş aparatını vurmaq üçün tələb olunan önləyici raket sayı: iki
Bu, hətta səxavətli hesab oluna bilər, çünki 2023-cü ildə ABŞ qırıcı təyyarələri Huron gölü üzərindəki bir hava şarını vurmaq üçün iki “Sidewinder” raketindən istifadə etmişdi.
İran pilotsuz uçuş aparatlarına qarşı istifadə edilən ABŞ sursatları: 3 297
Bu 3 297 sursatın təxmini qarışığı ABŞ qüvvələrinin husi pilotsuz uçuş aparatlarını vurmaq üçün istifadə etdiyi qarışığa (bu da təxmini hesablanıb) əsaslanır. Məsələn, “Rough Rider” əməliyyatı zamanı vurulan husi pilotsuz uçuş aparatlarının 40 faizi APKWS vasitəsilə vurulmuşdu, buna görə də burada da eyni göstəricini əsas götürdük.
AMRAAM
Miqdar: 330
Vahid dəyəri: 1,4 milyon dollar
AIM-9X “Sidewinder”
Miqdar: 989
Vahid dəyəri: 485 000 dollar
APKWS
Miqdar: 1 319
Vahid dəyəri: 39 494 dollar
“Coyote”
Miqdar: 330
Vahid dəyəri: 126 538 dollar
Digərləri
Ümumi xərc - təxmini: 1,6 milyon dollar
Buraya İran pilotsuz uçuş aparatlarını vurmaq üçün istifadə edildiyi bildirilən digər müxtəlif sursatlar, məsələn, “Apache” helikopterlərindən atılan 30 millimetrlik mərmilər və C-RAM sistemlərindən atılan 20 millimetrlik mərmilər daxildir. Bu, çox kobud hesablamadır.
İtkilər
Təxmini xərc: 2,71 milyard dollar
Bunun böyük hissəsi Körfəzdəki ABŞ bazalarında zədələnmiş infrastruktura, əsasən radar sistemlərinə aiddir. Əvvəlcə bildirilən ziyanın peyk görüntüləri araşdırıldıqdan sonra adətən daha ağır olduğu ortaya çıxır. Təəssüf ki, peyk görüntüləri gecikmə ilə yayımlana bilər və ya daha pisi baş verə bilər. ABC-nin məlumatında qeyd edilir: “Münaqişə başlayandan etibarən “Planet Labs” regiondan görüntülərin yayılmasına 14 günlük gecikmə tətbiq edib, “Vantor” isə ABŞ hərbi obyektlərinə dair görüntüləri paylaşmır”. Bu, itaətkar, qorxaq və nəticə etibarilə qeyri-demokratik davranışdır. Bu şirkətlər rəhbər vəzifələrə onurğasız şəxslərin gətirilməsinə imkan verən siyasətlər də daxil olmaqla öz siyasətlərinə yenidən baxmalıdırlar.
Texnika itkisi baxımından diqqətçəkən hadisələrdən biri martın 1-də Küveyt üzərində vurulan üç F-15 qırıcı təyyarəsi idi. Onların hər birinin dəyəri hansı media orqanına baxmağınızdan asılıdır. Məsələn, “Good Morning America” onların hər birinin 31 milyon dollar olduğunu deyir. Pentaqon isə 2025-ci ildə hər biri üçün 103 milyon dollar ödəmişdi.
Subsidiyalar
Təxmini xərc: 1,01 milyard dollar
ABŞ-İsrailin İranla müharibəsi yalnız İsrailin strateji maraqlarına xidmət edir. Bu, ABŞ-nin strateji maraqlarına ziddir. Üstəlik, ABŞ İsrailin müharibə xərclərinin əhəmiyyətli hissəsini qarşılayır. Bu, gözləmədə olan silah satışlarında da aydın görünür, həmin satışlara on minlərlə bomba daxildir və onların çoxu birbaşa ABŞ ehtiyatlarından götürülür, podratçının onları istehsal etməsi üçün aylarla və ya illərlə gözlənilmir. Bunlar satış kimi təsnif edilir, lakin adi mənada satış deyil. ABŞ hərbi yardımı hədiyyə kartı kimi işləyir: alıcı İsraildir, amma maliyyələşdirən o deyil. Bu silah sazişlərinin pulunu amerikalılar ödəyir.
1,01 milyard dollarlıq hesablamada İsrailin istifadə etdiyi və hərbi yardım hesabına qarşılanması mümkün olan bombaların və önləyici raketlərin dəyəri əks olunub.
Bombalar
Məlumata görə, İsrail müharibənin ilk iki həftəsində 11 000 bomba atıb. Xərci hesablamaq üçün biz bildirilən miqdarı aşağıdakı dəqiq idarə olunan bombaların bərabər qarışığına vurduq, vahid dəyərlər 2026-cı il satınalma məlumatlarını əks etdirir və tətbiq olunduğu halda döyüş başlığının və yönləndirmə dəstinin dəyərini də ehtiva edir: 2 000 funtluq GBU-31 - 107 266 dollar, 1 000 funtluq GBU-32 - 78 923 dollar, 500 funtluq GBU-38 - 74 975 dollar, 250 funtluq kiçik çaplı bomba - 67 000 dollar.
Önləyici raketlər
İsrailin müharibənin təxminən ilk iki həftəsi ərzində “David’s Sling”, “Iron Dome” və “Arrow 3” platformalarından təxminən 820 önləyici raket atdığı hesablanır. 2025-ci ildə ABŞ bu sistemlər üçün müvafiq olaraq 40 milyon, 110 milyon və 50 milyon dollar raket yardımı göstərmişdi ki, bu da “David’s Sling” üçün 40 önləyici raketin, “Iron Dome” üçün 2 750 önləyici raketin və “Arrow 3” üçün 17 önləyici raketin maliyyələşdirilməsinə kifayət edirdi. Gözləmək olar ki, Tramp müharibə maliyyələşdirilməsi ilə bağlı hər hansı sorğuya İsrail üçün önləyici raketlərə ayrılacaq milyardlarla dolları da daxil edəcək.
Biz bu metodologiyaya yenidən qayıda bilərik. Bombalar üzrə niyə sadəcə gözləmədə olan silah sazişlərinin dəyərini götürmədik? Önləyici raketlər üzrə niyə yalnız satınalma üçün ayrılmış 200 milyon dollarlıq ABŞ raket yardımını daxil etdik, amma tədqiqat və işlənməyə ayrılmış digər 300 milyon dolları daxil etmədik, halbuki sonuncu İsrailin raket satınalmasına yönəldə biləcəyi vəsaiti azad edir?
Sonsuz müharibə zamanı metodoloji düzəlişlər etmək üçün həmişə vaxt tapılır.
Firuz Bağırov
Ordu.az