Hipermüharibə və insan iradəsi: Hərbi süni zəka hara gedir?

2026/03/1774949529.jpg
Oxunub: 482     14:04     31 Mart 2026    
Süni zəka müharibəni sürətləndirə bilər, lakin təhlükəsizlik arxitekturasının da eyni ölçüdə sürətlənməsi və dərinləşməsi, yeni nəsil bir potensial formalaşdırması tələb olunur. Əks halda, hipermüharibənin millisaniyəlik qərar dövrləri daxilində strateji sabitliyin kövrəkliyi artacaq.

2026-cı il fevralın 4-5-də İspaniyanın A Korunya şəhərində hərbi sahədə süni zəkanın məsuliyyətli istifadəsinə dair REAIM 2026 (Hərbi sahədə məsuliyyətli süni zəka) adlı sammit keçirilib. Daha əvvəl 2023-cü ildə Haaqa və 2024-cü ildə Seulda keçirilən REAIM sammitində bu il 85 ölkə iştirak edib. Sammitdən sonra 20 əsas prinsipdən ibarət bir bəyannamə hazırlanıb. İştirakçı ölkələrdən 35-i bəyannaməni imzalasa da, Çin və ABŞ imza atmayıb.

Sözügedən bəyannamədə öhdəlik kimi götürülən prinsiplər arasında süni zəka dəstəyi ilə işləyən silahlar üzərində insan məsuliyyətinin qorunması, aydın komanda və idarəetmə zəncirlərinin yaradılması və milli nəzarət mexanizmləri ilə bağlı məlumat mübadiləsi yer alıb. Bundan əlavə, risk qiymətləndirmələri, genişmiqyaslı sınaq prosesləri və hərbi personalın hazırlanmasına xüsusi diqqət yetirilib.

Əvvəlki REAIM sammitlərində ABŞ-nin rəhbərlik etdiyi çoxsaylı ölkə daha çevik prinsip çərçivəsini qəbul etmişdi. Bu il isə həm ABŞ və Çin kimi süni zəka texnologiyalarında öncül iki ölkənin bəyannaməni imzalamaması, həm də təsdiq edən ölkələrin sayının məhdud qalması beynəlxalq səviyyədə qəbul olunan norma və prinsiplər toplusunun yaradılması və paylaşılmasının nə qədər məhdud olduğunu göstərdi. Süni zəka ilə bağlı beynəlxalq sistemdə hələ də minimum ortaq mövqe formalaşmayıb. Süni zəka texnologiyalarının döyüş meydanında yaratdığı dərin transformasiya ilə yanaşı, bu vəziyyət də təhlükəsizlik təhdidi kimi qiymətləndirilə bilər.

Təhlükəsizlik təhdidləri kontekstində hərbi süni zəka

Süni zəkanın hərbi sahədə istifadəsi komanda-idarəetmə və qərar dəstəyindən tutmuş radioelektron mübarizə və kiber müharibəyə, raketdən müdafiə sistemlərindən pilotsuz hava, quru və dəniz vasitələrinə qədər geniş bir spektri əhatə edir. İnsanın idrak qabiliyyətini aşan və ya böyük həcmli mürəkkəb məlumat dəstlərinin yüksək sürətlə təhlilini tələb edən ssenarilərdə süni zəka əsas komponent kimi çıxış edir. Texnologiyadakı inkişaflar da artıq müasir döyüş meydanı ilə bağlı demək olar ki, bütün ehtiyacları bu kateqoriyaya daxil edir. Başqa sözlə, süni zəka müharibəni insanın qavrama və reaksiya imkanlarından kənara çıxararaq daha fərqli bir ölçüyə daşıyır. Ədəbiyyatda “hipermüharibə” kimi adlandırılan bu yeni müharibə növündə qərar qəbuletmə və icra dövrü millisaniyələr ərzində tamamlanır.

Bu nöqtədə insan nəzarətini yalnız “tətiyi çəkən barmaq” kimi deyil, daha geniş perspektivdə qiymətləndirmək zərurəti yaranır. Bu istiqamətdə atılmalı ilk addım insan nəzarətinin süni zəkanın istifadə edildiyi prosesin bütün mərhələlərində effektiv və məzmunlu komponent kimi qurulmasıdır. Belə bir yanaşma süni zəkanın istifadəsinin etik və hüquqi məsuliyyətinin tam şəkildə insan nəzarətində qalmasını təmin edəcək. Növbəti mərhələdə isə birbaşa və ya dolayı şəkildə süni zəka tərəfindən idarə olunan sistem və proseslərin bir-birini “mənfi qidalandırmasının”, başqa sözlə qarşılıqlı təsir nəticəsində münaqişəni eskalasiya etməsinin qarşısını alan filtr və baryerlər hazırlanmalıdır. Bu cür çox təbəqəli filtr strukturu yanlış siqnalların, “süni zəka hallüsinasiyası”nın və ya arzuolunmaz nişanalmaların qarşısını ala bilər.

Hərbi süni zəkanın daxili mənbəli təhlükəsizlik risklərinin idarə olunmasında mühüm digər istiqamət alqoritmlərin və onları qidalandıran məlumat dəstlərinin təhlükəsizliyi və bütövlüyüdür. Məlumat dəstlərinin çirklənməsinin qarşısının alınması, süni zəka alqoritmlərinin hansı şərait və zamanlarda tam avtonom qərar qəbul edə bilməyəcəyinin müəyyən edilməsi, alqoritmlərin və onların işlədiyi avadanlıqların sertifikatlaşdırılması və izlənməsi bu kontekstdə əsas tədbirlər sırasına daxildir.

Bununla yanaşı vurğulamaq lazımdır ki, qlobal miqyasda hərbi süni zəka ilə bağlı minimum ortaq mövqe və niyyət birliyinin olmaması bu sahədə etik, hüquqi və normativ struktur addımlarının atılmasını ən azı qısa müddətdə qeyri-mümkün edir. Hazırda mövcud olan beynəlxalq strateji etimad çatışmazlığı hərbi süni zəkanın təqdim etdiyi imkan və qabiliyyətlərin cəlbediciliyi səbəbindən daha da artır. Bəzən müxtəlif lobbi qrupları və dövlətlər tərəfindən insan hüquqları, şəxsi həyatın və fərdi məlumatların qorunması kimi mövzular çərçivəsində irəli sürülən narahatlıqlar süni zəkanın hərbi əməliyyatlardakı rolunun gündən-günə artması fonunda zəif təsir bağışlayır. Digər tərəfdən isə bu yanaşmaların siyasi təsir aləti kimi istifadə edildiyi də müşahidə olunur. Süni zəkanın özü ilə yanaşı onun istifadəsi və ya bu qabiliyyətlərə çıxış da artıq siyasi müstəvidə müzakirə və razılaşma predmetinə çevrilib.

Süni zəkanın nəzarətdə saxlanılması: məhdudiyyətlər və zərurətlər

Bu mərhələdə bir proqramın və ya süni zəka alqoritminin təhlükəsiz və ya “insani” olub-olmadığını necə müəyyən etmək sualı ortaya çıxır. Nüvə obyektlərini yoxlayan Beynəlxalq Atom Enerjisi Agentliyinə bənzər bir qurumun hərbi süni zəka üçün yaradılması təklif olunur. Lakin qeyd etmək lazımdır ki, alqoritmi təşkil edən kodlar radioaktiv elementlər kimi iz buraxmır; kodun mənbəyini izləmək nüvə obyektinin qurulması və fəaliyyətinin yoxlanılmasından qat-qat çətindir.

Buna alternativ olaraq, ölkələrin süni zəka sistemlərinin əsas arxitektura quruluşlarını və məxfi komponentlərini açıqlamadan sınaq və təsdiq prosesindən keçirəcəkləri “Alqoritmik Nəzarət Otaqları” yaradıla bilər. Qurulacaq simulyasiya mühitlərində aparılacaq sınaqlar nəticəsində veriləcək sertifikatlar vasitəsilə həm kommersiya, həm də hərbi sahədə müəyyən normativ çərçivənin formalaşdırılması mümkün ola bilər. Lakin belə bir sınaq, təsdiq və sertifikatlaşdırma mexanizminin qurulması və işlək hala gəlməsi üçün beynəlxalq səviyyədə ciddi ölçüdə ortaq mövqe və niyyət birliyi zəruridir.

Beləliklə, əsas məsələ süni zəkanın döyüş meydanında istifadə olunub-olunmaması deyil, onun necə, kim tərəfindən və hansı sərhədlər daxilində istifadə olunacağıdır. REAIM 2026 bəyannaməsinin imzalanmaması təkbaşına “qaydasızlıq” elan edilməsi demək olmasa da, hərbi süni zəka sahəsində normativ çərçivənin formalaşdırılmasının böyük güclər arasındakı rəqabətdən ayrı düşünülə bilməyəcəyini açıq şəkildə göstərir. ABŞ və Çin kimi texnoloji liderlər prosesdə iştirak etmədikcə qlobal etik çərçivənin yaradılması cəhdləri istər-istəməz məhdud qalacaq. Lakin bu vəziyyət normativ quruculuğun təxirə salınmasını deyil, əksinə daha realist və çox təbəqəli yanaşmanın qəbul edilməsini tələb edir.

Qısa müddətdə universal və məcburi xarakter daşıyan rejimin formalaşdırılması çətin görünür. Bunun əvəzində orta müddətdə şəffaflığı artıran tədbirlər, qarşılıqlı etimad yaradan texniki dialoq mexanizmləri və məhdud sahələrdə (məsələn, tam avtonom öldürücü sistemlərin istifadə hədləri kimi) dar, lakin konkret razılaşmalar mümkün ola bilər. Milli səviyyədə isə mənalı insan nəzarəti, alqoritmik təhlükəsizlik, məlumat bütövlüyü və çox təbəqəli filtr mexanizmləri kimi tədbirlərin institusionallaşdırılması təxirə salınmaz zərurətdir. Çünki hərbi süni zəkadan qaynaqlanan risklərin böyük hissəsi qəsdən sui-istifadədən çox dizayn səhvləri, yanlış məlumatlar, gözlənilməz qarşılıqlı təsirlər və sürət təzyiqindən irəli gəlir.

Süni zəka müharibəni sürətləndirə bilər; lakin təhlükəsizlik arxitekturasının da eyni ölçüdə sürətlənməsi və dərinləşməsi, yeni nəsil potensial formalaşdırması vacibdir. Əks halda, hipermüharibənin millisaniyəlik qərar dövrləri daxilində strateji sabitliyin kövrəkliyi artacaq. Hərbi süni zəka sahəsində əsas sınaq texnoloji üstünlüyü qoruyarkən insan məsuliyyətini və siyasi düşüncəni saxlaya bilməkdir. Normlar gecikə bilər, lakin insanın son məsuliyyəti təxirə salına bilməz. Buna görə də bu gün atılacaq hər bir texniki, hüquqi və etik addım təkcə müharibənin xarakterini deyil, beynəlxalq nizamın gələcəyini də müəyyən edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hipermüharibə   Süni-zəka  


Bizi "telegram"da izləyin