“İnqilab rəhbəri” kimi ifadə olunan İran lideri Ayətullah Əli Xameneyi və çoxsaylı yüksək vəzifəli iranlı rəsmilərin ölümü ilə nəticələnən ABŞ və İsrail tərəfdaşlığı ilə həyata keçirilən hərbi əməliyyat müharibələr baxımından texnoloji sahədə baş verən inkişafları göstərməsi baxımından son dərəcə diqqətçəkicidir. Bu əməliyyat təkcə hədəfli sui-qəsd kimi deyil, həm də kiber vasitələrin və süni zəka texnologiyalarının olduqca effektiv istifadəsinə nümunə olan bir hadisə kimi yeni nəsil müharibələrdə yerini aldı.
Texnologiyaların və rəqəmsal vasitələrin müharibələrdə getdikcə daha geniş istifadə edildiyi bu dövrdə İrana qarşı həyata keçirilən bu əməliyyat bir çox baxımdan ilk xüsusiyyətlərə malikdir. Hədəfə yönəlmiş bombaların atılmasından xeyli əvvəl rəqəmsal müstəvidə nəticə əldə etməyi qarşısına məqsəd qoyan bu əməliyyat gələcək müharibə ssenariləri üçün kritik əhəmiyyət daşıyır.
ABŞ və İsrailin kiber komandanlıqlarının birgə fəaliyyəti
Pentaqonda keçirilən mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Den Keynin açıqlamaları Xameneyinin ölümünə səbəb olan hava zərbələrinə aparan prosesin əsasını təşkil edən rəqəmsal hücumların miqyasını açıq şəkildə göstərir. Keyn bildirib ki, ABŞ Kiber Komandanlığı (USCYBERCOM) Kosmik Komandanlıq (SPACECOM) ilə birlikdə İranın rabitə kanallarına qarşı koordinasiyalı kiber əməliyyatlar həyata keçirib, bununla da İranın bütün rabitə və sensor şəbəkələrini tamamilə sıradan çıxararaq təhlükəsizlik qüvvələrini “görmək, aşkar etmək və ya cavab vermək” imkanından məhrum edib.
Açıqlamadakı əsas məqam əməliyyatın kiber komandanlıqla yanaşı kosmik komandanlığın da iştirakı ilə həyata keçirilməsidir. Hələlik detallı məlumat yoxdur, lakin GPS sistemləri və ya “Starlink” kimi texnologiyalar hücumlar zamanı müəyyən formada istifadə edilmiş ola bilər. Məsələn, hərbi əməliyyat zamanı peyk rabitəsinin təhlükəsizliyi, İranın peyk şəbəkələrinin bloklanması, siqnalın pozulması kimi fəaliyyətlərin həyata keçirilməsi mümkündür. Bu ehtimalla yanaşı qeyd etmək lazımdır ki, bu əməliyyatda kiber və radioelektron mübarizə texnologiyaları bütün proses üçün demək olar ki, həlledici rol oynayıb.
ABŞ ilə yanaşı İsrailin sahədə həyata keçirdiyi kiber fəaliyyətlərin də olduqca effektiv olduğu “Financial Times” qəzetinin məlumatı ilə aydın şəkildə ortaya çıxıb. Məlumata görə, İsrail hərbi əməliyyatdan əvvəl Tehrandakı demək olar ki, bütün yol kameralarına sızaraq görüntüləri şifrələyib və bütün məlumatları birbaşa Təl-Əvivdə yerləşən serverlərə ötürüb.
Şənbə günü həyata keçirilən hava zərbələrindən əvvəl Xameneyinin olduğu Tehranın Pasteur küçəsi ətrafında hərəkət edən təhlükəsizlik qrupu İsrail tərəfindən real vaxt rejimində izlənirdi. Beləliklə, yüksək vəzifəli şəxslərin və təhlükəsizlik qruplarının gündəlik fəaliyyətləri də əldə edilirdi.
Daha kritik addım isə Pasteur küçəsi yaxınlığında yerləşən təxminən 12 mobil rabitə anteninin müəyyən komponentlərinin İsrail tərəfindən sıradan çıxarılması olub. Telefonların davamlı olaraq “məşğul” siqnalı verməsinə səbəb olan bu müdaxilə nəticəsində Xameneyinin təhlükəsizlik qrupu yaxınlaşan böyük hücumla bağlı heç bir xəbərdarlıq ala bilməyib.
Bu məlumat və görüntülərlə yanaşı İsrailin hərbi kiber kəşfiyyat xidməti olan “Unit 8200” tərəfindən toplanan məlumatlar və MOSSAD tərəfindən həyata keçirilən insan kəşfiyyatı fəaliyyəti müxtəlif süni zəka vasitələri və alqoritmlərlə təhlil edilib. İsrail və ABŞ bu məlumatlara əsaslanaraq əməliyyat prosesini qurub.
Süni zəka silah kimi istifadə olunur
ABŞ və İsrailin bu əməliyyatında süni zəkanın bu dərəcədə mühüm rol oynaması Vaşinqton tərəfdə mülki-hərbi texnologiya əməkdaşlıqları ilə bağlı xəbərlərlə birlikdə ümumi mənzərəni ortaya qoyur. “OpenAI” şirkətinin baş direktoru Sem Altman Pentaqonun gizli şəbəkəsində şirkətin süni zəka modellərinin istifadəsinə imkan verən böyük bir müqavilənin imzalandığını açıqlayıb.
Bu addım Pentaqon ilə “OpenAI”nin rəqibi olan “Anthropic” arasında yaranmış anlaşılmazlıqdan sonra atılıb. Pentaqonun Venesuelada həyata keçirdiyi hərbi əməliyyatda da effektiv şəkildə istifadə olunan “Anthropic” şirkətinin “Claude” adlı məhsulu İrana qarşı əməliyyat prosesinin əvvəlindən etibarən istifadə olunurdu. “Anthropic” məhsullarının bu cür hərbi əməliyyatlarda istifadəsini rədd etdiyinə görə qısa müddət sonra Tramp administrasiyası bütün federal qurumlarda şirkətin məhsullarını qadağan edib.
Yeni əməkdaşlıq isə “OpenAI” ilə qurulub. Altman bildirib ki, “OpenAI” texnologiyaları ilə yalnız ABŞ vətəndaşlarının izlənməsi və nəzarətdə saxlanılması qadağandır. Bu istisna “ChatGPT” və oxşar məhsulların İran kimi xarici ərazilərdə sərhəd tanımayan bir silah kimi istifadəsinin önünü açmış oldu.
“OpenAI” ilə Pentaqon arasında bağlanan bu razılaşma göstərir ki, artıq dövlətlər yalnız peyk texnologiyalarına və kiber/radioelektron vasitələrə deyil, həm də LLM (böyük dil modelləri) kimi süni zəka vasitələrinə “strateji silah” kimi yanaşırlar.
Müharibənin digər iştirakçısı: “Starlink”
2026-cı il yanvar ayında İran rejiminin internet bağlantısını tam məhdudlaşdırmasından sonra etirazçıların və müxalifətin tələbi ilə “Starlink” peykləri aktivləşdirilmişdi. “Starlink” terminallarının gizli yollarla İrana gətirildiyi bu prosesdə İranın rəsmi rabitə şəbəkələri kiber hücumlarla çökdürülərkən, küçədəki insanların dünya ilə əlaqəsi qorunmağa çalışılıb.
Bu müddətdə iki maraqlı hadisə baş verib. ABŞ prezidenti Donald Trampın təsdiqi ilə İrana təxminən 6 min “Starlink” terminalı qeyri-qanuni yollarla gətirilib. Vaşinqtonun “Starlink”i İrana ilk dəfə “birbaşa” çatdırması kimi qiymətləndirilən bu addımın İran tərəfindən təhdid kimi qəbul edildiyi və “Starlink” sistemlərinin Çin mənşəli olduğu ehtimal edilən bir siqnal pozucu sistemlə bloklandığı məlum olub.
Bundan əlavə, 2026-cı il yanvarın 28-də İmam Xomeyni Beynəlxalq Hava Limanında baş verən hadisə də diqqət çəkir. Hava limanına enən yüksək vəzifəli niderlandlı diplomat “Starlink” terminallarını və bir neçə peyk telefonunu ölkəyə gətirməyə çalışarkən saxlanılıb. İran televiziyasında bu cihazların diplomatın çamadanından çıxarıldığını əks etdirən görüntülər yayımlanıb. Bu hadisədən sonra İran Xarici İşlər Nazirliyi Niderlandın Tehrandakı səfiri Emiel Frederik Dupontu çağıraraq etirazını bildirib.
Yanvar ayından müharibənin başladığı günlərə qədər “Starlink” sistemlərinin ciddi təsirə malik olduğu söylənilə bilər. Bu gün İranda aktiv terminalların olub-olmadığı məlum deyil. Lakin qeyri-qanuni yollarla əldə edilən bu terminalların açıq mənbələrdə asanlıqla izlənə bilməməsi ehtimalını nəzərə alsaq, Xameneyinin öldürüldüyü hücumlar zamanı belə ABŞ və İsrailin “Starlink”dən istifadə etmiş ola biləcəyini demək mümkündür.
Milli təhlükəsizliyə rəqəmsal təhdidlər: “Starlink” və süni zəka vasitələri
İran, İsrail və ABŞ üçbucağında baş verən bu müharibə ənənəvi hərbi əməliyyatların dəyişdiyi yeni nəsil müharibə dövrünə işarə edir. Kosmosdan təmin olunan alternativ internet bağlantıları, peyk sistemlərinin sıradan çıxarılması, yol kameralarına sızan kiber vasitələr, mobil rabitə və hüceyrə antenlərini kor edən radioelektron mübarizə taktikaları və milyardlarla məlumatı saniyələr ərzində ölümcül kəşfiyyata çevirən nəhəng süni zəka sistemləri bu dövrün yalnız görünən tərəfidir.
ABŞ və İsrailin həyata keçirdiyi bu əməliyyat texnologiya nəhəngləri ilə orduların iç-içə keçdiyi, kodların və məlumatın silahlardan daha təsirli olduğu yeni bir dövrün başlandığını göstərir. Müasir müharibələrin ayrılmaz vasitələri kimi kiber alətlər, “Starlink” kimi peyk xidmətləri və dünya üzrə milyardlarla istifadəçisi olan süni zəka çatbotları artıq müharibələrdə həlledici qüvvə amilinə çevrilib.
Mövcud vəziyyət milli təhlükəsizlik üçün təhdid kimi qiymətləndirilməlidir. Rabitə şəbəkələri, internet və peyk sistemləri kimi kritik infrastrukturun müstəqil və təhlükəsiz şəkildə inkişaf etdirilməsi bu təhdidlərin aradan qaldırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sevinc Əliyeva
Ordu.az