ABŞ-İsrail və İran müharibəsində kürd məsələsinin ölçüləri

2026/03/1774945661.jpg
Oxunub: 512     12:34     31 Mart 2026    
28 fevral tarixinin yaratdığı müharibə mühiti bu riskin aktivləşmə şərtlərini gücləndirsə də, İran bu şərtlərin hamısının eyni vaxtda baş verməsinin qarşısını alacaq strateji tədbirləri əvvəlcədən həyata keçirib.

Türkiyənin İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı dr. Çağatay Balcı fevralın 28-də ABŞ-İsrail və İran arasında başlayan müharibədən sonra İranda kürdlərin vəziyyətini “AA Analiz” üçün qələmə alıb.

2026-cı il fevralın 28-də başlayan və ABŞ ilə İsrailin İrana qarşı koordinasiyalı hava əməliyyatları ilə açıq müharibə ölçüsü qazanan mövcud qarşıdurma ABŞ Prezidenti Donald Trampın bəyanatları ilə birlikdə İran mərkəzli kürd məsələsini də müzakirələrin mərkəzinə çıxarıb. Tarixi nümunələr bu məsələnin daha mürəkkəb struktur problem kimi qiymətləndirilməsinə imkan verir.

İran baxımından kürd məsələsi fevralın 28-dən sonra birdən ortaya çıxmış yeni fenomen deyil. Əksinə, İranın daxili təhlükəsizlik memarlığı bu riski tarixi təcrübələrə əsaslanan kodlaşdırma sistemi çərçivəsində əvvəlcədən nəzərdə tutmuş və institusional reaksiya mexanizmlərini buna uyğun qurub. Buna görə də mövcud müharibə konjonkturası mövcud kürd dinamikasını aktivləşdirməyə çalışan xarici təzyiq kimi qiymətləndirilməli, İranın bu təzyiqə cavabı isə tarixi yaddaşa əsaslanan təhlükəsizlik reflekslərinin müharibə şəraitindəki təzahürü kimi oxunmalıdır.

Bu çərçivədə İranın təhlükəsizlik qurumlarının məsələyə yanaşması olduqca açıqlayıcıdır. Kürd dinamikası İran üçün hansı şərtlərin bir araya gəlməsi halında aktivləşəcəyi məlum olan, əvvəlcədən proqnozlaşdırılmış və buna qarşı institusional imkanlar yaradılmış risk kateqoriyası kimi qəbul edilir. 28 fevral tarixinin yaratdığı müharibə mühiti bu riskin aktivləşmə şərtlərini gücləndirsə də, İran bu şərtlərin hamısının eyni vaxtda baş verməsinin qarşısını alacaq strateji tədbirləri əvvəlcədən həyata keçirib.

Tarixi yaddaş və müharibə şəraitində təhdid kodlaşdırması

İranın təhlükəsizlik paradiqması “xarici hücum-hakimiyyət boşluğu-etnik səfərbərlik” tənliyini tarixi təcrübələrlə sabitləşmiş səbəb-nəticə zənciri kimi qəbul edir. Bu tənliyin hər halqası İran təhlükəsizlik qurumlarının kollektiv yaddaşında konkret tarixi istinadlarla möhkəmləndirilib. Birinci və İkinci Dünya müharibələri dövründə İran ərazilərinin işğala məruz qalması kürdlərin və digər etnik qrupların mərkəzi hakimiyyət boşluğunda xarici qüvvələrlə necə münasibət qurduğunu açıq şəkildə göstərib, bu proseslər İranın sonrakı təhlükəsizlik doktrinasını formalaşdırıpb. 1946-cı ildəki Məhabad Cümhuriyyəti bu nümunənin ən bariz ifadəsidir. Sovet himayəsində qurulan bu struktur xarici dəstək bitdikdən sonra qısa müddətdə ləğv edilib. Bu təcrübənin İranın strateji yaddaşına yazdığı dərs aydındır: xarici dəstək üsyançı hərəkatlar üçün həyati zərurətdir. Bu dəstək kəsildikdə, taktiki baxımdan nə qədər güclü görünsə də, hər hansı etnik siyasi struktur davamlı ola bilmir. Məhabad nümunəsi İranın fevralın 28-dən sonra da istifadə etdiyi strateji bələdçinin tarixi əsasını təşkil edir.

1979-cu il İslam İnqilabı və ardınca gələn İran-İraq müharibəsi bu nümunənin ikinci böyük sınağı olub. İnqilab prosesinin yaratdığı müvəqqəti hakimiyyət boşluğunda kürd bölgələrində baş qaldıran silahlı üsyanlar qısa müddətli ərazi nəzarəti təmin edib, lakin İranın mərkəzi hakimiyyəti bərpa etməsi və xarici dəstək kanallarının bağlanması ilə üsyançı qruplar sərt şəkildə yatırılıb. Bu tarixi mərhələ İranın müharibə şəraitində belə dövlətin bərpa imkanlarına güvəndiyini və bu imkanları ayrılıqçı kürd təhdidinə qarşı strateji sığorta kimi gördüyünü göstərir.

Bu bərpa imkanlarının yalnız mərkəzi ordu hissələri ilə deyil, eyni zamanda ideoloji motivasiyası yüksək olan “Bəsic” və İnqilab Keşikçiləri Korpusu strukturları ilə də dəstəkləndiyi nəzərə alındıqda, İranın inqilabdan bəri daxili təhlükəsizlik memarlığını kürd bölgələrindəki risklərə qarşı sistemli şəkildə gücləndirdiyi aydın olur. Fevralın 28-dən sonrakı konyunkturada da İran bu dərsi unutmayıb.

Mövcud müharibə şəraitində İranın strateji reaksiya repertuarı

ABŞ və İsrailin fevralın 28-dən etibarən həyata keçirdiyi hava əməliyyatları İranın kürd təhlükəsizliyi ilə bağlı strateji vasitələrini təsirsiz etməyib, əksinə bu vasitələrin aktiv istifadə edildiyi mühit yaradıb. İran müharibənin ilk günündən etibarən İraqın şimalında yerləşən kürd silahlı təşkilatlarının mövqelərinə qarşı qabaqlayıcı zərbələrin həm miqyasını, həm də tezliyini artırıb. Bu hücumların məqsədi yalnız ani təhdidi aradan qaldırmaq deyil, İKDP, PAK və “Komala” kimi təşkilatların logistika yenilənmə imkanlarını, sərhəd sızma infrastrukturlarını və komanda-idarəetmə xətlərini sıradan çıxarmaqdır. Bu qabaqlayıcı təzyiq kürd qruplarının müharibə şəraitindən yararlanma imkanlarını struktur baxımından məhdudlaşdırır.

Tarazlaşdırma strategiyası da bu prosesdə mühüm rol oynayır. PJAK müharibə şəraitində İranın qabaqlayıcı hücumlarından böyük ölçüdə kənarda qalır. PJAK yerləşən bölgələrə müdaxilələrin minimum səviyyədə olduğu, əvəzində İKDP və PAK mövqelərinin davamlı hədəf alındığı müşahidə edilir. Bu asimmetriya İranın müxtəlif kürd təşkilatları arasındakı ideoloji və təşkilati parçalanmadan istifadə etdiyini göstərir. Kürd siyasi coğrafiyasının parçalı strukturu İranın bölən və tarazlaşdıran strategiyasının effektivliyini artırır. Müharibə şəraitində kürd təşkilatları arasında koordinasiya çatışmazlığı potensial kütləvi hərəkatın qarşısını alır.

Regional qüvvə strukturu: hava hücumlarının sərhədləri

Fevralın 28-dən etibarən aparılan hava əməliyyatları İranın nüvə infrastrukturu, hava müdafiə sistemləri və bəzi logistika mərkəzlərini hədəfə almışdır. Bu əməliyyatların Urmiya, Sənəndəc, Kirmanşah, Məhabad, Sərdəşt, Bane, Merivan və Pave bölgələrini əhatə etməsi təsadüfi deyil. Bu ərazilər İran-İraq sərhədi boyunca kürd üsyanı baxımından strateji əhəmiyyət daşıyır. Lakin hava hücumlarının bu bölgələrdəki quru qüvvələrini tam təsirsiz hala salıb-salmadığı əsas sualdır.

Mövcud məlumatlar bu bölgələrdə yerləşdirilmiş İnqilab Keşikçiləri qüvvələrinin mümkün kürd hərəkətliliyinə qarşı imkanlarını böyük ölçüdə qoruduğunu göstərir. Hava hücumları bəzi mövqeləri dağıtsa da, quru qüvvələrinin fiziki mövcudluğunu aradan qaldırmaq yalnız hava gücü ilə mümkün deyil. Bu struktur məhdudiyyət kürd silahlı qruplarının hərəkətə keçmə həddini yüksək saxlayır. “Bəsic” qüvvələrinin bölgədəki mövcudluğu da yerli şəbəkələrə əsaslanan əlavə təhlükəsizlik qatını formalaşdırır və hakimiyyət boşluğu ehtimalını zəiflədir.

Quru əməliyyatı ssenarisi və struktur dayanıqsızlıq

Analitik baxımdan əsas sual budur: kürd silahlı təşkilatlarının taktiki üstünlük əldə etməsi hansı ssenaridə mümkündür? Tarixi nümunələr və mövcud dəyişənlər quru əməliyyatı ssenarisinə işarə edir. Yalnız quru əməliyyatı İranın bölgədəki quru qüvvələrini dağıdaraq hakimiyyət boşluğu yarada bilər. Bu boşluq kürd qruplarına müvəqqəti ərazi nəzarəti imkanı versə də, 1946 və 1979-1980 təcrübələri belə qazancların davamlı olmadığını göstərir.

Nəticə etibarilə 2026-cı il fevralın 28-də başlayan ABŞ-İsrail və İran müharibəsi İranda kürd hərəkətliliyi ehtimalını gündəmə gətirsə də, kürdlər “nizə ucu” rolundan uzaq qalmağa çalışırlar. Tarixi travmalar da mövcud status-kvoda kürdlərin sabitliyini qoruyur. Beləliklə, bölgədəki kürd dinamikası strateji dönüş aləti olmaqdan çox, konyuktural təzyiq altında aktivləşdirilə bilməyən potensial kimi qalmağa davam edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin