Son dövrdə Yunanıstanın Kerpe adasına, Krit ilə Rodos arasında yerləşən strateji nöqtələrə “Patriot” raket sistemləri yerləşdirməsi və Kiprə F-16 “Viper” ilə “Kimon” freqatını göndərməsi həm regional təhlükəsizlik, həm də beynəlxalq hüquqi çərçivə baxımından diqqət çəkən mənzərə yaradır. Yunanıstan rəsmi açıqlamalarında bu addımları Kiprin müdafiəsini dəstəkləmək və bölgədə artan geosiyasi gərginliyi tarazlaşdırmaq məqsədilə atılmış qanuni müdafiə addımı kimi təqdim etsə də, bu addımlar 1923-cü ildə imzalanmış Lozanna və 1947-ci ildə imzalanmış Paris Sülh Müqaviləsində yer alan silahsızlaşdırma müddəalarına açıq şəkildə ziddir. Buna görə də Afina bu addımlarla yalnız regional güc balansını deyil, beynəlxalq razılaşmalara bağlılığını da zədələyir.
Lozanna və Paris Sülh Müqaviləsi ilə silahsızlaşdırma öhdəliyi
1923-cü ildə imzalanmış Lozanna Sülh Müqaviləsi Türkiyə ilə Yunanıstan arasında yerləşən bəzi Egey adalarının statusunu müəyyən edərkən, bu adaların silahsız qalmasını şərt qoyub. Xüsusilə Midilli, Sakız, Sisam, Ahikerya, Limni, Samotraki, Taşoz və ətraf adaların Birinci Dünya müharibəsindən sonra silahsızlaşdırılması regional balansı və təhlükəsizliyi qorumağa yönəlmişdi.
1947-ci il Paris Sülh Müqaviləsi isə İkinci Dünya müharibəsindən sonra İtaliyadan Yunanıstana verilmiş Oniki adalara da silahsızlaşdırma statusu tanıyıb. Bu tənzimləmələr yalnız Avropada sülh üçün deyil, regional sabitlik baxımından da kritik əhəmiyyət daşıyır.
Kerpe adasına yerləşdirilən “Patriot” sistemləri uzun mənzilli hava hücumundan müdafiə və raket qarşısının alınması imkanına malik silah sistemləri olduğuna görə adanın silahsız statusunu faktiki olaraq aradan qaldırır. Kiprə yerləşdirilən F-16 “Viper” təyyarələri və “Kimon” freqatı isə yalnız müdafiə məqsədli elementlər deyil, eyni zamanda ciddi hücum qabiliyyəti daşıyır. Bu çərçivədə Kerpe kimi strateji adaya uzaq mənzilli hava hücumundan müdafiə sistemləri, Kiprə isə döyüş təyyarələri yerləşdirilməsi müqavilə öhdəliklərinin açıq pozuntusudur. Yunanıstanın bu addımları beynəlxalq öhdəliklərini faktiki olaraq dayandırması mənasına gəlir və ciddi diplomatik gərginlik üçün zəmin yaradır.
Yunanıstanın bəhanəsi: Kiprin müdafiəsi
Yunanıstan Kiprə etdiyi göndərişləri “adanı qorumaq” əsaslandırması ilə qanuniləşdirməyə çalışır. Lakin burada cavablandırılması lazım olan əsas sual təhlükənin xarakteri və miqyasıdır. İran, ABŞ və İsrail arasındakı hərbi qarşıdurmanın Kiprə birbaşa hücum riski yaradıb-yaratmadığı qeyri-müəyyən olaraq qalır. Bu kontekstdə təhlükə qavrayışı dolayı və regional xarakter daşıyır. Üstəlik, Kipr Yaxın Şərqdəki qarşıdurma mərkəzlərindən coğrafi baxımdan xeyli uzaqda yerləşir.
“Patriot” və F-16 yerləşdirilməsini Kipri qoruma əsaslandırması ilə qanuniləşdirmək hüquqi baxımdan çox məhdud əsaslara malikdir. Beynəlxalq hüquq bir dövlətin təhlükəsizlik narahatlığı ilə müqavilə öhdəliklərini pozmasına legitimlik tanımır. Bu səbəbdən Yunanıstanın irəli sürdüyü Kipr arqumenti hüquqi əsasdan daha çox strateji çəkindirmə və Türkiyəyə yönəlmiş təhlükə qavrayışına əsaslanan arqument kimi qiymətləndirilməlidir. Başqa sözlə, Kipri qoruma iddiası praktik olaraq bəhanə funksiyası daşıyır, lakin bu bəhanə müqavilələrin açıq öhdəliklərini aradan qaldırmır. Əslində İran Kiprin hədəf olmadığını açıq şəkildə bildirib və Cənubi Kiprə bir dənə də raket düşməyib.
Egey dənizində hərbi yığnağın istiqaməti və ittifaq balansları
Kerpe adasının Türkiyədən cəmi 90 kilometr məsafədə yerləşməsi nəzərə alındıqda, yerləşdirilən “Patriot” sistemlərinin əsas səbəbinin Yaxın Şərqdəki proseslərdən çox Türkiyə ilə davam edən regional güc rəqabətinə əsaslandığı qiymətləndirilir. Yaxın Şərqdəki qarşıdurmalar Yunanıstanın hərbi yığnağı üçün bəhanə kimi təqdim olunsa da, bu yığnağın real motivi regional çəkindirmə və Türkiyəyə yönəlmiş təhlükə qavrayışıdır.
Yunanıstan Egey adalarında hərbi mövcudluğunu Krit və Rodos xətti boyunca yerləşən adalar vasitəsilə sistemli şəkildə artırır və bu tendensiyanın qarşıdakı dövrdə də davam edəcəyi ehtimal olunur.
Birincisi, Türkiyə ilə Şərqi Aralıq dənizi və Egeydə davam edən suverenlik mübahisələri çərçivəsində Yunanıstan iddia etdiyi təhlükə qarşısında adaların təhlükəsizliyini gücləndirmək üçün yeni sistemləri tətbiq edir. İkinci səbəb regional çəkindirmə baxımından ABŞ və NATO ilə koordinasiyada hərəkət edən Yunanıstanın mümkün böhran ssenarisində müəyyənedici güc olmaq istəməsidir. Son olaraq, ittifaq siyasəti çərçivəsində Yunanıstan ABŞ və İsrail ilə münasibətlərini nəzərə alaraq strateji nöqtələri gücləndirməklə həm diplomatik, həm də hərbi mesaj verməyə çalışır.
Mümkün ssenarilər və reallıqlar
Yunanıstanın regional gərginliyi bəhanə edərək davam etdirdiyi bu hərbi yığnaq mühüm nəticələr yarada bilər. Egey adaları ilə Krit və Rodos xəttinə “Patriot” sistemləri, qabaqcıl radar elementləri və hücum bölmələrinin yerləşdirilməsi bölgədə mövcud hərbi balansı daha da poza və diplomatik gərginliyi artıra bilər. Bu proses Türkiyə-Yunanıstan münasibətlərini gərginləşdirə, Lozanna və Paris Sülh Müqaviləsindəki silahsızlaşdırma müddəalarının yenidən beynəlxalq hüquq gündəminə gətirilməsinə səbəb ola bilər. Kiprə yerləşdirilən hərbi elementlər enerji xətləri və dəniz səlahiyyət sahələri üzrə mübahisələri də dərinləşdirə bilər. Beləliklə, Şərqi Aralıq dənizində həssas geosiyasi xətlər daha da dərinləşəcək.
Nəticə olaraq Yunanıstanın Kerpe adası və Kiprdəki hərbi addımları hüquqi baxımdan legitim əsaslara malik deyil. Kipri qoruma arqumenti hüquqi əsasdan daha çox strateji arqument xarakteri daşıyır. Egey və Şərqi Aralıq dənizindəki gərginlik, eləcə də Yaxın Şərqdəki qarşıdurmalar bu addımları zəruri etməsə də, Yunanıstana hərbi yığnaq üçün əlverişli mühit yaradıb. Qarşıdakı dövrdə Türkiyə ilə Yunanıstan arasındakı rəqabət Şərqi Aralıq dənizinin geosiyasi xəritəsini formalaşdırmağa davam edəcək, Lozanna və Paris Sülh Müqaviləsinin silahsızlaşdırma müddəaları ilə strateji tələblər arasındakı gərginlik isə diplomatik və hüquqi məsələ kimi aktuallığını qoruyacaq. Bu çərçivədə sözügedən hərbi yerləşdirmələrin diplomatik danışıqlar və beynəlxalq reaksiyalar baxımından diqqətlə idarə olunması zəruridir.
Sevinc Əliyeva
Ordu.az