İranın geoiqtisadi addımı: Hörmüz boğazı və qlobal iqtisadiyyat

2026/03/1774943583.jpg
Oxunub: 380     11:52     31 Mart 2026    
Hörmüz boğazının bağlanması ABŞ-nin və İsrailin İranı bu prosesdə beynəlxalq arenada təcrid etməyə yönəlmiş addımlarını boşa çıxara biləcək strateji addım kimi ortaya çıxır.

Fevralın 28-də ABŞ-nin və İsrailin İrana qarşı başlatdığı hücumlar Yaxın Şərqdə uzun müddətdir yığılan geosiyasi gərginliyi birbaşa regional müharibəyə çevirdi. İranın bu hücumlara verdiyi ən kritik cavablardan biri Hörmüz boğazını bağlayaraq Fars körfəzindən çıxan enerji axınını kəsməsi oldu.

İranın Hörmüz boğazını bağlaması yalnız qlobal enerji təklifini daraldaraq enerji qiymətlərində kəskin artıma səbəb olan hadisə deyil, eyni zamanda qlobal təchizat zəncirlərində pozuntular yaradaraq ticarət və istehsal şəbəkələrinin uzunmüddətli perspektivdə yenidən formalaşmasını stimullaşdıran mühüm geoiqtisadi müdaxilə xarakteri daşıyır. Bu vəziyyət beynəlxalq ticarət marşrutlarını pozur, qlobal istehsal xərclərini artıraraq dünya iqtisadiyyatında zəncirvari şok effekti yaradır. İran bu addımla regional böhranı qlobal miqyaslı iqtisadi təzyiqə çevirir, enerji bazarlarında yaratdığı təklif daralması və qiymət şokları vasitəsilə ABŞ və İsrail üzərində beynəlxalq təzyiqi artırır.

Qlobal enerji sisteminin həssas nöqtəsi

Hörmüz boğazı qlobal enerji sisteminin ən kritik keçid nöqtələrindən biridir. Fars körfəzini Oman dənizinə birləşdirən bu dar dəniz yolu Körfəz ölkələrinin neft və mayeləşdirilmiş təbii qaz ixracının əsas çıxış xəttini təşkil edir. 2025-ci ildə Hörmüz boğazından gündəlik orta hesabla 20 milyon barel xam neft və neft məhsulu daşınıb. Bu həcm dəniz yolu ilə həyata keçirilən qlobal neft ticarətinin təxminən 25 faizinə bərabərdir. Qlobal mayeləşdirilmiş təbii qaz ixracının təxminən 20 faizini həyata keçirən Qətər və Birləşmiş Ərəb Əmirliklərinin qaz tədarükləri də Hörmüz boğazı vasitəsilə dünya bazarlarına çatır. Səudiyyə Ərəbistanı, Küveyt və İraq kimi ölkələrin neft ixracının böyük hissəsi də bu marşrutla həyata keçirilir.

Bu axının kəsilməsi qlobal neft təklifində ciddi daralma yaradır və enerji qiymətlərində sürətli artıma səbəb olur. Hadisələrdən sonra beynəlxalq bazarlarda neft qiymətləri 2008-ci il böhranı səviyyəsinə yaxınlaşaraq barel başına əlavə 40 dollar artımla 100 dolları keçib.

Bu səbəbdən Hörmüz boğazının bağlanması yalnız regional təhlükəsizlik hadisəsi deyil, qlobal enerji sisteminin mərkəzində baş verən təklif şoku deməkdir. Enerji geosiyasətində Hörmüz boğazı dünyanın ən kritik enerji “dar keçidlərindən” biri hesab olunur və İranın boğaz üzərində coğrafi mövqeyi bu keçidi böhran dövrlərində strateji təzyiq vasitəsinə çevirir. İranın boğazı bağlaması bu strateji reallığı praktik şəkildə ortaya qoydu və enerji təhlükəsizliyinin qlobal iqtisadiyyat üçün nə qədər həssas olduğunu bir daha göstərdi.

Enerji qiymətlərindəki bu artım qlobal iqtisadiyyatda xərc inflyasiyası yaradır. Neft qiymətlərinin artması nəqliyyat xərclərini yüksəldir, sənaye istehsalında istifadə olunan enerji resurslarının qiymətini artırır və qida istehsalı daxil olmaqla bir çox sektorda xərc təzyiqi yaradır. Beynəlxalq Valyuta Fonduna görə iri miqyaslı neft qiymət şokları qlobal artım tempində nəzərəçarpacaq azalmaya səbəb ola bilər. Bu prosesdən ən çox təsirlənən ölkələr enerji idxalından asılı iqtisadiyyatlardır. Çin, Yaponiya, Cənubi Koreya və Hindistan kimi iri Asiya iqtisadiyyatları Körfəz regionundan böyük həcmdə neft idxal edir.

Belə ssenaridə enerji idxalçısı olan bu ölkələrin də müharibənin iqtisadi təsirlərindən birbaşa təsirlənməsi və ABŞ ilə İsrail üzərində təzyiqi artırmağa yönəlmiş siyasətlər formalaşdırması ehtimal olunur. Bu çərçivədə Hörmüz boğazının bağlanması ABŞ-nin və İsrailin İranı beynəlxalq səviyyədə təcrid etməyə yönəlmiş addımlarını boşa çıxara biləcək strateji addım kimi görünür. ABŞ Prezidenti Trampın müharibəyə birbaşa daxil olmayan ölkələri boğazın yenidən açılması və təhlükəsizliyinin təmin olunması məqsədilə bölgəyə dəvət etməsi hələlik bu ölkələr tərəfindən cavabsız qalıb.

Enerji bazarında yaranan belə böhranlar yayılma effekti vasitəsilə maliyyə bazarlarında dalğalanmalara səbəb olur və investorların qızıl kimi təhlükəsiz aktivlərə yönəlməsinə gətirib çıxarır. Geosiyasi gərginliklərin təsiri ilə qızılın unsiya qiyməti ilin əvvəlindən 20 faiz artaraq 5.600 dollara yaxınlaşsa da, qarşıdurmanın dərinləşməsinə baxmayaraq bu dinamikanı qoruya bilməyib.

Qızıl qiymətlərinin artım tempini saxlamaması qarşıdurmanın əhəmiyyətinin azalması demək deyil, bazarın böhranı fərqli aktiv sinifləri üzərindən qiymətləndirməyə başladığını göstərir. Xüsusilə bu dövrdə enerji qiymətləri və neft bazarı qlobal iqtisadi təsirlərin əsas daşıyıcısına çevrilib. Enerji qiymətlərində artım enerji tutumlu sənaye sahələrinə də birbaşa təsir göstərir. Neft-kimya, dəmir-polad, alüminium və sement kimi sahələrdə enerji xərclərinin artması istehsal xərclərini yüksəldir və qlobal sənaye istehsalı üzərində əlavə təzyiq yaradır. Bu proses qlobal miqyasda inflyasiya təzyiqlərini gücləndirən və dünya iqtisadiyyatında yeni yüksək inflyasiya dalğası yarada biləcək mərhələyə işarə edir.

Təchizat zəncirləri və qlobal ticarət

Hörmüz boğazının bağlanması ilə dünya ticarətinin 80 faizindən çoxunu daşıyan qlobal dəniz nəqliyyatı artan xərclər, zəif iqtisadi artım və dərinləşən qeyri-müəyyənlik səbəbindən ciddi təzyiq altındadır. Hörmüz boğazı ilə yanaşı Babülməndəb boğazı və Süveyş kanalı da qlobal ticarət baxımından həyati keçidlərdir. Dünya ticarətinin təxminən 12 faizi Süveyş kanalı vasitəsilə həyata keçirilir. Regionda təhlükəsizlik risklərinin artması gəmi hərəkətinin ləngiməsinə, bəzi ticarət marşrutlarının dəyişməsinə və alternativ yolların istifadəsinə səbəb olur. Bu vəziyyət qlobal logistika xərclərini artırır, dəniz daşımalarında sığorta xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsinə gətirib çıxarır. Müharibə zonalarında fəaliyyət göstərən ticarət gəmiləri üçün sığorta haqlarının artması qlobal ticarət xərclərinə əlavə təzyiq yaradır və inflyasiya təsirini gücləndirir.

Uzanan müharibənin geoiqtisadi nəticələri

Müharibə uzandıqca İranın Hörmüz boğazını bağlama kartı daha təsirli geoiqtisadi alətə çevrilə bilər. Qlobal enerji ticarətinin böyük hissəsinin bu dar keçiddən keçdiyini nəzərə alsaq, boğazın uzun müddət bağlı qalması yalnız qısamüddətli qiymət dalğalanmaları ilə məhdudlaşmayacaq, enerji bazarları vasitəsilə qlobal iqtisadiyyata yayılan daha geniş təsirlər yaradacaq. Enerji böhranlarının təbiəti səbəbindən yaranan yayılma effekti enerji xərclərinin artmasının nəqliyyat, logistika, sənaye istehsalı və maliyyə bazarları kimi bir çox sahəyə sürətlə keçməsinə səbəb olur.

Bu təsir yalnız Hörmüz boğazından enerji axınının kəsilməsi ilə məhdudlaşmır. Regionda neft və qaz istehsalçısı ölkələrin emal zavodları və enerji infrastrukturu zədələnərsə və ya istehsal gücü azalarsa, qlobal enerji təklifində daha dərin daralma baş verə bilər. Belə ssenari enerji qiymətlərində kəskin artım yaradacaq və xüsusilə enerji tutumlu sektorlar başda olmaqla qlobal istehsal xərclərinə ciddi təzyiq göstərəcək.

Bununla yanaşı böhran yalnız Hörmüz boğazı ilə məhdudlaşmaya bilər. Babülməndəb boğazı və Süveyş kanalı kimi digər kritik keçidlərdə təhlükəsizlik risklərinin artması beynəlxalq ticarət marşrutlarının ciddi şəkildə pozulmasına səbəb ola bilər. Bu isə qlobal logistika xərclərini artıraraq ticarətin daha uzun alternativ marşrutlara yönəlməsinə gətirib çıxarar.

Nəticə olaraq İranın Hörmüz boğazını bağlaması regional hərbi addımdan daha geniş nəticələr doğurur. Bu proses qlobal enerji təklifini daraldır, ticarət marşrutlarını pozur və istehsal xərclərini artıraraq dünya iqtisadiyyatında zəncirvari təsirlər yaradır. Hörmüz boğazı böhranı qlobal iqtisadiyyatın enerji təchizatı və dəniz ticarəti baxımından nə qədər həssas olduğunu açıq şəkildə göstərir. Bu hadisələr enerji təhlükəsizliyi, alternativ ticarət dəhlizləri və təchizat zəncirinin şaxələndirilməsinin yaxın dövrdə qlobal iqtisadi strategiyaların mərkəzində daha müəyyənedici rol oynayacağını göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail   Hörmüz  


Bizi "telegram"da izləyin