ABŞ prezidenti Donald Tramp eyni zamanda həm müharibənin davam etdirilməsi, həm də diplomatik yollarla başa çatdırılması ilə bağlı açıqlamalar verir. Trampın həm ritorikasında, həm də addımlarında ziddiyyətlər davam edərkən, müharibənin hansı istiqamətə yönələcəyi ciddi maraq doğurur. Belə ki, Trampın İranla danışıqlar aparıldığına dair açıqlamalarından sonra İsrailin baş naziri Binyamin Netanyahu İrana qarşı hücumların davam edəcəyini bildirib, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) isə İrana qarşı hücumların intensiv şəkildə davam etdiyini açıqlayıb.
Enerji qiymətləri və qlobal inflyasiya gözləntiləri artıq reallaşmağa başlayıb, müharibənin xərclərinin artacağı ilə bağlı narahatlıqlar da güclənib. Körfəz ölkələri hələ də müharibənin şokunu yaşayarkən, quru əməliyyatı ilə münaqişə “geri dönməz” yeni mərhələyə keçə bilər. ABŞ əsgərlərinin İran ərazisinə daxil olması ilə diplomatik səylər faktiki olaraq mümkünsüz hala gələcək. Başqa sözlə, müharibə yalnız hava əməliyyatları və hava hücumundan müdafiə sistemləri ilə qarşılıqlı fəaliyyət, həmçinin raket və füze zərbələri ilə məhdudlaşmayacaq. Bu səbəbdən münaqişənin hərbi və strateji risklərini öncə analiz etmək vacibdir.
ABŞ-nin İrana mümkün quru əməliyyatı hansı hərbi və strateji riskləri ehtiva edir?
Quru əməliyyatlarının təbiəti minilliklərə dayanan prinsiplərlə formalaşır. Bu çərçivədə belə əməliyyatın aydın siyasi məqsədə xidmət etməsi və konkret hədəfə yönəlməsi vacibdir. Lakin ABŞ və İsrailin İrana müdaxiləsinin siyasi məqsədi hələ də tam aydın deyil. Rejim dəyişikliyi, nüvə və silah proqramlarının hədəfə alınması kimi fərqli məqsədlər səsləndirilib. Məqsədin qeyri-müəyyənliyi hərbi planlaşdırmanı zəiflədir və əməliyyatın effektivliyini azaldır.
Bundan əlavə, quru əməliyyatının məhdud sayda qüvvə ilə aparılması qüvvə balansının təmin olunmayacağını göstərir. Bu isə “risk-qüvvə” nisbətində ciddi uyğunsuzluq yaradır. Bir neçə diviziya ilə başlanacaq əməliyyat ciddi itkilərdən başqa nəticə verməyə bilər. İran isə cavab tədbirləri ilə yanaşı enerji resursları və Hörmüz boğazı kimi strateji alətlərdən istifadə imkanına malikdir.
Hörmüz boğazına və ətraf adalara nəzarət ABŞ qüvvələrini İranın raket və artilleriya zərbələri üçün hədəfə çevirə bilər. Bu ərazilərin hava örtüyü ilə qorunmasına baxmayaraq, İranın dolanan döyüş sursatları və raketlərinin qarşısının alınması sual altındadır. Əgər əməliyyat İranın qərbində müəyyən ərazinin ələ keçirilməsinə yönəlsə, quru döyüşlərinin intensivləşməsi qaçılmaz olacaq. Belə bir əməliyyatın davamlılığı isə real görünmür.
Bu kontekstdə quru əməliyyatı həm böyük itkilərə səbəb ola, həm də İranın Körfəzdə enerji axınını dayandırmasına gətirib çıxara bilər ki, bu da qlobal iqtisadi nəticələri daha da ağırlaşdıracaq.
Mümkün quru əməliyyatının ABŞ üçün hərbi, siyasi və iqtisadi xərcləri nələrdir?
Əsgər itkiləri münaqişəni geri dönüşü olmayan mərhələyə aparan əsas amildir. Bu, onsuz da mübahisəli olan ictimai dəstəyi zəiflədə və “İsrail üçün qurban verilən amerikalı əsgərlər” arqumentini gücləndirə bilər. Bu isə siyasi radikallaşma və müharibənin uzanması ilə nəticələnə bilər.
İqtisadi baxımdan ABŞ üçün yük çox ağırdır. Konqresdən tələb olunan 200 milyard dollarlıq büdcə ilə yanaşı, 2027-ci il üçün planlaşdırılan 1,5 trilyon dollarlıq xərclər ciddi maliyyə təzyiqi yaradır. İllik 1,2 trilyon dollar ticarət kəsiri və 38 trilyon dollar borcu olan ABŞ üçün bu vəziyyət daha da ağırlaşa bilər. Çinlə rəqabətə fokuslanan ABŞ üçün belə bir münaqişə iqtisadi inkişafı zəiflədə bilər.
Artan hərbi və iqtisadi xərclər, eləcə də ictimai narazılıq siyasi nəticələri də ağırlaşdıra bilər. Vyetnam müharibəsinə bənzər ictimai reaksiyalar daxili siyasətdə ciddi dəyişikliklərə səbəb ola bilər.
ABŞ-nin quru əməliyyatı ehtimalı regional balanslara necə təsir edə bilər?
Körfəz ölkələrinin həm İrana, həm də ABŞ-yə münasibəti gərgin olaraq qalır. Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı başda olmaqla region ölkələrinin Türkiyə, Pakistan və digər dövlətlərlə yeni təhlükəsizlik arxitekturası qurması ehtimalı artır.
ABŞ təhlükəsizlik təminatlarına əsaslanan mövcud sistem zəifləyə bilər. ABŞ hərbi bazalarının regiondan çıxarılması bu ölkələrin təhlükəsizlik konsepsiyasını sarsıda bilər.
Quru əməliyyatı ən pis ssenari hesab olunur və bu halda qlobal enerji qiymətləri və inflyasiya proqnozlaşdırılmaz hala gələ bilər. Xüsusilə inkişaf etməkdə olan ölkələr ciddi zərbə ala bilər. Valyuta sabitliyi pozula, borcların ödənməsi çətinləşə bilər və maliyyə bazarlarında ciddi itkilər baş verə bilər.
Enerji qiymətlərinin artması ABŞ daxilində də ciddi təsir göstərəcək. İdxaldan asılı olan Amerika iqtisadiyyatı qiymət artımlarını birbaşa hiss edəcək.
Həll yolu diplomatiyadır
ABŞ və dünya üçün ən məntiqli seçim münaqişəni diplomatik yollarla həll etməkdir. Müharibənin davamı heç bir tərəf üçün davamlı deyil. Sülh və uzlaşma alternativi daha real və uzunmüddətli həll yolu kimi qiymətləndirilməlidir.
Tarix göstərir ki, müharibə ilə qurulan nizam müvəqqəti, dialoqla qurulan sülh isə qalıcı olur. Buna görə də İrana qarşı quru əməliyyatı ilə siyasi iradə diktə etmək əvəzinə, danışıqlar yolu ilə həll hamı üçün daha faydalıdır.
Sevinc Əliyeva
Ordu.az