Müharibələrin “Görünməyən Qalibi”: Çin Niyə Tələsmir?

2026/03/1774886768.jpg
Oxunub: 784     20:08     30 Mart 2026    
Çinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Çjay Çun müharibənin başlanmasından etibarən həyata keçirdiyi regional diplomatik turu başa çatdıraraq ilk hesabatını Pekinə təqdim edib. Bu hesabatın Çin mediasında əks olunan hissəsi Çini yaxından izləyən mütəxəssislər üçün təəccüblü deyildi. Lakin geniş ictimaiyyət baxımından diqqətçəkən bir məqam var idi: Çin israrla mövcud münaqişə mühitindən uzaq durmağa davam edir, müharibəyə və xüsusilə ABŞ-nin birtərəfli addımlarına qarşı diplomatik açıqlamalar verərək “yumşaq sülh” mesajları çatdırırdı. Uzun müddətdir ABŞ-Çin rəqabəti ilə bağlı həddindən artıq manipulyasiyaya məruz qalan ictimaiyyət üçün Çinin bu mövqeyi bir cür anlaşılan deyildi.

Çin haqqında reallıqlarla təsəvvürlər arasındakı fərqi necə müəyyən edə bilərik?

Çjay Çunun Çin mediasında geniş şəkildə yer alan açıqlamalarının mahiyyətində altı əsas məqam ön plana çıxır: Çin bu müharibənin başlanğıcdan etibarən lazımsız və qarşısı alına bilən olduğunu vurğulayır, ABŞ və İsrailin Birləşmiş Millətlər Təşkilatının (BMT) təsdiqi olmadan həyata keçirdiyi hücumları beynəlxalq hüququn açıq pozuntusu kimi qiymətləndirir. Bundan əlavə, Pekin münaqişənin regional şəkildə genişlənməsinin qarşısının alınmasını, xüsusilə enerji xətləri və dəniz ticarət yollarının qorunmasını həyati prioritet kimi müəyyən edir. Atəşkəsin dərhal təmin olunmasını müdafiə edən Çin bildirir ki, daimi həll yalnız dialoq və danışıqlar yolu ilə mümkündür. Nəhayət, birtərəfli güc tətbiqinə qarşı çıxaraq beynəlxalq sistemdə hüququn aliliyinə əsaslanan çoxtərəfli nizam yaradılmasına çağırır.

Bu mənzərə ictimaiyyətdə uzun müddətdir yanlış şəkildə dramatikləşdirilən ABŞ-Çin rəqabətinin niyə isti münaqişəyə çevrilmədiyi sualını yenidən gündəmə gətirir. Daha da önəmlisi, bu rəqabətin nə vaxt və necə isti qarşıdurmaya çevrilə biləcəyi ilə bağlı marağı artırır.

Lakin daha geniş perspektivdən baxıldıqda, İran müharibəsi də daxil olmaqla, bu günkü bir çox böhran İkinci Dünya Müharibəsindən sonra qurulan və Soyuq Müharibədən sonra köklü dəyişiklik keçirməyən beynəlxalq sistemin struktur problemlərini üzə çıxarır. Bu vəziyyət Çinin uzun müddətdir irəli sürdüyü yanaşmanı gücləndirir. Açıq görünməsə də, Çin bu müharibələrin “görünməyən qalibi” ola bilər. Bəs niyə?

Status axtarışı: Tələsməyən güc

İlk növbədə, Çinin qlobal sistem daxilində uzun müddətdir davam edən status axtarışı davam edir. Çin xüsusilə 2010-cu ildən sonra qlobal sistemdən status tələblərini dolayı və ya birbaşa şəkildə daim gündəmdə saxlayıb. Bu tələb bəzi şərhlərə görə böyük güc statusu, bəzi yanaşmalara görə öz norma və qaydaları ilə formalaşan alternativ nizam qurmaq istəyi, digərlərinə görə isə Asiya-Sakit okean regionunda regional hegemonluq axtarışıdır. Lakin hansı formada olursa-olsun, bu status tələbi davam edir. Çin üçün birbaşa isti müharibəyə daxil olmaq bu status axtarışını risk altına qoyacaq olduqca baha başa gələn seçim olardı. Buna görə də Pekin status qazanımını zamana yayaraq və xərcləri minimuma endirərək irəliləməyi üstün tutur.

Siyasi ritorika müstəvisində Çin mövcud qlobal sistem daxilində daha ədalətli və çoxtərəfli nizam tələb edir. Bu çərçivədə “qlobal liberal nizamın məğlubları” kimi xarakterizə etdiyi Qlobal Cənub ölkələrini də əhatə edən yeni danışıqlar mühiti formalaşdırmağa çalışır. Bu mühit hələ formalaşma mərhələsindədir. Buna görə də nə Qlobal Cənub anlayışı aradan qalxır, nə də Çinin bu anlayışın daşıyıcısı olma iddiası zəifləyir. Çinin Qlobal İnkişaf, Qlobal Təhlükəsizlik və Qlobal Sivilizasiya təşəbbüsləri nəzərə alındıqda, Ukrayna və ya İran kimi regional müharibələrin bu uzunmüddətli strateji istiqaməti qısa müddətdə dəyişməsi gözlənilmir.

İqtisadi-təhlükəsizlik balansı: Döyüşmədən qazanmaq

İqtisadi baxımdan Çin Qlobal Cənub ilə taleyini birləşdirən bir ritorika formalaşdırıb. “Kəmər və Yol” təşəbbüsü başda olmaqla, Çinin qloballaşma strategiyası öz inkişafı ilə Afrika, Asiya və Latın Amerikasındakı inkişaf etməkdə olan ölkələr arasında güclü bağlar yaradıb. Bu əlaqələr bəzən asimmetrik asılılıq yaratsa da, qarşılıqlı asılılıq dərinləşib. Son illərdə bu asılılıq ticarət və enerji sahələrini aşaraq texnologiya, məlumat və nadir minerallar kimi strateji sahələri də əhatə edir. Bu səbəbdən Çin ilə qlobal iqtisadiyyat arasındakı əlaqələrin qırılması yalnız Çini deyil, bütün sistemi baha başa gələn böhrana sürükləyə bilər.

Təhlükəsizlik ölçüsünə gəldikdə isə, Çinin yanaşması Qərbdən aydın şəkildə fərqlənir. Çin üçün təhlükəsizlik yalnız hərbi güclə müəyyən olunmur, əksinə müharibənin təxirə salındığı, risklərin idarə edildiyi və münasibət əsaslı güc elementlərinin ön plana çıxdığı yanaşmanı ifadə edir. Bu çərçivədə Çin İran müharibəsində nə tam kənarda qalıb, nə də birbaşa tərəf olub. Daha çox müşahidəçi və tarazlaşdırıcı rolunu üzərinə götürərək prosesdən nəticələr çıxarmağa çalışıb.

Çin Qlobal Cənubu tərk edirmi?

Qlobal Cənub baxımından bu müharibə normativ olaraq qarşı çıxıla bilən, lakin birbaşa iştirak edilə bilməyəcək qədər dərin və böyük böhrandır. Bu vəziyyət Qlobal Cənub ölkələrini ritorika baxımından gücləndirsə də, praktiki olaraq iqtisadi və təhlükəsizlik risklərinə qarşı ehtiyatlı davranmağa məcbur edir. Buna görə də Çinin Qlobal Cənub ritorikası bu prosesdə daha da önəm qazanır.

“Çin Qlobal Cənubu tərk edirmi?” sualı bu baxımdan məntiqli deyil. Əksinə, mövcud beynəlxalq mühit Çinin bu ritorikasını gücləndirir. Çin müharibəni beynəlxalq hüquqa zidd, ədalətsiz və sabitliyi pozan bir hadisə kimi qiymətləndirərək normativ mövqe tutur. Bu da Qlobal Cənub ölkələri qarşısında Çinin ritorik legitimliyini artırır. Gələcəkdə Çinin bu ritorikanı daha da gücləndirəcəyi gözlənilir. Pekin özünü yalnız güc mərkəzi kimi deyil, həm də “müdafiəsiz ölkələr üçün alternativ təhlükəsizlik və inkişaf tərəfdaşı” kimi təqdim edir.

BRICS kimi platformalar bu baxımdan əhəmiyyətlidir. Hər nə qədər BRICS birbaşa Qlobal Cənubu təmsil edən siyasi blok olmasa da, alternativ iqtisadi və maliyyə modelləri yaratmaq potensialı ilə bu ölkələri dəstəkləyir. İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) eyni platformada yer almasına baxmayaraq müharibədə fərqli mövqelərdə olması BRICS-in siyasi ittifaq olmadığını açıq şəkildə göstərir. Bu vəziyyət təşkilatın zəifliyindən deyil, təbiətindən irəli gəlir. BRICS-in institusional potensialı böhran idarəetməsindən daha çox iqtisadi əməkdaşlıq yaratmağa yönəlib.

Buna görə də İran müharibəsi kontekstində BRICS-in gələcəyinin təhlükəsizlik təşkilatına çevrilməkdən çox iqtisadi şaxələndirmə və alternativ maliyyə arxitekturası yaratmaq qabiliyyəti üzərindən formalaşacağı ehtimal olunur.

Nəticə olaraq, Çinin yüksəliş hekayəsi bu cür böhranlarla zəifləmək əvəzinə dolayı yolla güclənir. Çin mövcud qlobal nizamın çatışmazlıqlarını üzə çıxaran bu müharibələrdən öz normativ ritorikasını gücləndirmək üçün istifadə edir.

Çin bu müharibənin birbaşa qalibi olmayacaq. Lakin Çinin səbirli, xərcləri minimuma endirən və uzunmüddətli strateji hədəflərə fokuslanan yanaşması ilə qlobal sistemdə mövqeyini daha da möhkəmləndirəcəyini gözləmək yanlış nəticə olmaz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran   Çin  


Bizi "telegram"da izləyin