ABŞ və İsrailin İrana qarşı davam edən əməliyyatları indiyə qədər taktiki baxımdan uğurlu olsa da, Tehran ən güclü silahı olan Hörmüz boğazı üzərində nəzarəti itirmədikcə İranın təslim olması mümkün görünmür. İranın boğaz üzərindəki nəzarəti iki ada ilə möhkəmləndirilir. Fars körfəzinin qərb hissəsinə yaxın yerləşən Xarq adası ölkənin neft ixrac mərkəzi və iqtisadi həyat xətti rolunu oynayır. Belə ki, Prezident Donald Trump martın 15-də Xarq adasındakı hərbi bazalara hava zərbələri endirilməsi barədə göstəriş verib. Qeşm adası isə boğazın girişinə daha yaxın yerləşir və burada İranın bir sıra raket bazaları mövcuddur.
Hörmüz boğazı dünyanın ən kritik enerji keçid nöqtəsidir. Qlobal neft istehlakının təxminən beşdə biri, gündəlik təxminən 21 milyon barel cəmi 21 mil enində olan bu dar keçiddən keçir. Bununla yanaşı, əsasən Qətərdən gələn mayeləşdirilmiş təbii qaz ticarətinin də beşdə biri buradan daşınır. Buradan Səudiyyə Ərəbistanı, Küveyt, İraq, Qətər, Bəhreyn, BƏƏ və İranın enerji ixracı Avropa, Hindistan, Çin və Yaponiya bazarlarına çatdırılır.
Müharibənin yaratdığı pozuntular artıq neft qiymətlərini üçrəqəmli səviyyəyə qaldırıb və bunun qlobal təchizat zəncirlərinə zəncirvari təsiri Tokiodan Berlinə qədər hiss olunur. Gərginliyin artması fonunda İranın boğazda gəmilərə hücumları bu ərazinin Tehranın strategiyasında nə qədər mərkəzi rol oynadığını göstərir. Sürətli hücum qayıqları, minalar, pilotsuz uçuş aparatları və adalara yerləşdirilmiş raketlər kimi asimmetrik taktikalər məhz bu dəhliz üçün uyğunlaşdırılıb.
Bununla belə, boğaz həm rıçaq, həm də İran üçün həyat xəttidir. Ölkə neft satışını əsas müştərisi olan Çinə məhz Hörmüz vasitəsilə həyata keçirir. Eyni zamanda, rəqibləri üçün boğazı bağlama strategiyası 1980-ci illərdəki tanker müharibəsindən bəri formalaşdırılıb və 2019-cu ildə sanksiyalar dövründə də bu hədələr səsləndirilib. Hətta qismən qeyri-müəyyənlik belə sığorta haqlarını artırır və tankerlərin marşrutunu dəyişdirir.
Alternativlər mövcuddur, lakin kifayət etmir. Səudiyyə Ərəbistanının Qırmızı dənizə uzanan Şərq-Qərb boru kəməri gündəlik yalnız 5-7 milyon barel daşıya bilir ki, bu da Hörmüzün həcmi ilə müqayisədə xeyli azdır. BƏƏ-nin boru kəmərləri də məhdud ötürmə qabiliyyətinə malikdir. Uzunmüddətli təhdidlər körfəz ölkələrinin hamısı üçün iqtisadi çətinlik yaratsa da, təcrid olunmuş vəziyyətdə olan İran üçün təsiri daha ağır olacaq.
İranın Xarq və Qeşm adaları Tehrana təzyiq göstərmək üçün əsas amillərdən biri ola bilər. Xarq adasında ölkənin neft yükləmə terminallarının 90 faizi yerləşir və bu ixrac rejiminin davamlılığı üçün həyati əhəmiyyət daşıyır. Qeşm isə boğazın girişində dəniz və müşahidə əməliyyatlarını gücləndirir. Bu iki adanın zərərsizləşdirilməsi və ya irəli əməliyyat bazasına çevrilməsi Tehrana təzyiqin ən effektiv yolu ola bilər.
Lakin digər bazalar neytrallaşdırılmadan yalnız bu addımlar kifayət etməz. İran Fars körfəzindəki digər mövqelərindən istifadə edərək dəniz partizan taktikalarını gücləndirə bilər. İran ilə BƏƏ arasında yerləşən Əbu Musa adası, Böyük Tunb adası və Kiçik Tunb adası növbəti hədəflər ola bilər. 1971-ci ildən İranın nəzarətində olan bu adalar boğazın girişində yerləşərək müşahidə, raket yerləşdirmə və sürətli müdaxilə imkanları yaradır.
Bu ərazilərin nəzarətə götürülməsi ilə müdafiə batareyaları və patrul fəaliyyətləri dəniz nəqliyyatının təhlükəsizliyini təmin edə, İranın sürətli qayıqlarının təsirini azalda və mina yerləşdirmə fəaliyyətlərinin qarşısını ala bilər. Tənqidçilər risklərin yüksək olduğunu qeyd etsələr də, hərəkətsizlik daha ağır nəticələrə səbəb ola bilər: boğazın uzunmüddətli bağlanması, neftin qiymətinin bir barel üçün 150 dollara çatması və qlobal iqtisadiyyatın ciddi zərər görməsi.
Əgər ABŞ Xarq və Qeşm adalarını ələ keçirsə, Körfəz Əməkdaşlıq Şurası koalisiyası isə Tunb adaları və Əbu Musanı nəzarətə götürsə, Tehran təslimin qaçılmaz olduğu qənaətinə daha tez gələ bilər. Fars körfəzində gəmiçiliyin azadlığı yalnız sanksiyalarla deyil, dünya iqtisadiyyatının ən həssas nöqtəsində təzyiq göstərməklə təmin oluna bilər.
Eyni zamanda, tərəflərin suverenlik məsələlərini arbitraj yolu ilə, ehtimal ki, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində həll etməsi qaçılmaz görünür. Bu yanaşma tarixdə körfəz regionunda baş vermiş digər mübahisələrin həlli modelinə uyğun ola bilər.
Dəyanət Ağalarlı
Ordu.az