Hörmüz boğazı qlobal kövrəkliyin, İranın gücünün və Donald Trampın zəif nöqtəsinin simvoluna çevrilib.
ABŞ-ni geri çəkilməyə məcbur etmək üçün İran bu boğazı bağlayıb. Bu, təxminən 30 mil enində olan və dünyanın maye enerji ehtiyatlarının təxminən beşdə birinin keçdiyi dar keçiddir.
Bu dar su zolağının niyə müasir dünyanı idarə etdiyini anlamaq üçün xəbərlərin səthindən kənara çıxıb milyon illərlə ölçülən geoloji keçmişə baxmaq lazımdır. Çünki bu boğazın “dar boğaz” rolunu oynaması Yer qabığında milyon illər əvvəl, hələ ilk insan yaranmamışdan çox əvvəl yazılıb.
Dağlar, Neft və Dar Keçid
Təxminən 600 milyon il əvvəl, geoloji dövrlərlə ölçülən zaman kəsiyində, nə Fars körfəzi var idi, nə Ərəbistan, nə İran, nə də onların arasında yerləşən Hörmüz boğazı.
Sonradan Ərəbistan yarımadasına çevriləcək ərazi vaxtilə cənub superqitəsi Qondvananın tərkibində idi. Onun şimalında isə onu Avrasiyadan ayıran dayaz tropik Tetis okeanı yerləşirdi.
Bu isti və dayaz Tetis okeanında mikroskopik dəniz orqanizmləri yaşayır, ölür və dənizin dibinə çökürdü. İllərlə deyil, geoloji dövrlərlə ölçülən zaman ərzində istilik və təzyiq altında bu üzvi maddələr parçalanır, dəyişir və nəticədə neftə çevrilirdi.
Sonra tektonik plitələr yenidən hərəkətə gəldi. Təxminən 180 milyon il əvvəl Qondvananın parçalanması Hind və Ərəb plitələrini şimala doğru hərəkətə gətirdi. Onlar milyon illər boyu Avrasiya plitəsinə doğru irəlilədi və aralarındakı Tetis okeanı getdikcə daraldı.
Ərəbistan Avrasiyaya toqquşanda Yer qabığı bükülərək paralel dağ silsilələri əmələ gətirdi. Bunlar Türkiyədən İrana və Fars körfəzinə qədər uzanan Zaqros dağları idi.
Lakin hekayə bununla bitmir. Ərəbistanın şimal kənarı yuxarı qalxdıqca, onun cənubundakı hövzə, gələcək Fars körfəzi aşağı doğru basıldı. Bu çökəkliyin altında isə, keçirməyən qaya təbəqələrinin altında, Tetis dövründən formalaşan neft ehtiyatları yerləşirdi. Geoloqlar bunu planet tarixində ən böyük karbohidrogen yığımı hesab edirlər.
Hörmüzün Yaranması
Zaqros dağları bu hövzənin şimal sərhədini təşkil edir, Fars körfəzi isə onun dibidir. Dağların Yer qabığını sıxması nəticəsində körfəz dayaz və nisbətən dar, maksimum 110 metr dərinlikdə və 340 km enində qalıb.
Cənub-şərq ucunda isə, dağların dənizlə birləşdiyi nöqtədə, Ərəbistan yarımadası ilə İran sahilləri bir-birinə təxminən 30 mil məsafəyə qədər yaxınlaşır.
Bu boşluq Hörmüz boğazıdır.
Burada geoloji bir paradoks var: dünyada ən böyük enerji ehtiyatlarını yaradan eyni tektonik hadisə, eyni zamanda onların daşınmasını təhlükəli edən dar keçidi də yaradıb.
Körfəzin Çay Vadisi Olduğu Dövr
Hörmüz boğazı həmişə dəniz yolu olmayıb. 70 min ildən 17 min il əvvələ qədər dünya okeanının səviyyəsi indiki səviyyədən təxminən 120 metr aşağı idi. Bu dövrdə Fars körfəzi quru, münbit və Böyük Britaniya ölçüsündə yaşayış üçün əlverişli ərazi idi.
Dəclə, Fərat, Karun və artıq qurumuş Vadi Batin çayları birləşərək böyük çay sistemi yaradır və bu su axını Hörmüz vasitəsilə Hind okeanına tökülürdü.
Təxminən 14 min il əvvəl Hind okeanı bu bölgəyə çatdı. 12 500 il əvvəl su hövzəyə daxil olmağa başladı, 6 min il əvvəl isə müasir sahil xətti formalaşdı.
Böyük Su Basqını
Bu su basqını insan tarixində böyük köçlərə səbəb oldu.
Böyük Britaniya ölçüsündə əraziyə yayılmış əhali daha kiçik sahəyə sıxışdırıldı. Təxminən 5 500 il əvvəl bu ərazidə şumerlər meydana çıxdı, şəhərlər, yazı, qanunlar və sürətli sivil inkişaf başladı.
Köçən xalqların itirilmiş torpaqlar barədə xatirələri sonradan miflərdə əks olundu.
Ən qədim yazılı əsər olan “Gilqameş dastanı” böyük sel fəlakətindən bəhs edir. Şumer hökmdar siyahısında “selədək hakimiyyət sürən padşahlar” qeyd olunur. Bibliyadakı sel hekayəsi də eyni ənənənin davamı sayılır.
Ən Qədim “Dar Boğaz”
Körfəz su ilə dolduqdan və şumer sivilizasiyası yarandıqdan sonra Hörmüz dərhal dünyanın ilk böyük ticarət “dar boğazına” çevrildi. O, ən azı e.ə. IV minillikdən etibarən qlobal ticarətin əsas mərkəzlərindən biri olub.
Əhəmənilər dövründə (e.ə. 550-330) bu ərazi sistemli şəkildə idarə olunurdu. Sasanilər (224-651) isə körfəzdə ticarətə nəzarət uğrunda dəniz qüvvələri yaradan ilk fars dövləti idi.
VII əsrdə ərəb qoşunları Farsı fəth etdikdə, onlar artıq formalaşmış ticarət şəbəkələrini miras aldılar.
“Allahın Adası”
“Hörmüz” adının zərdüştiliyin ali tanrısı Ahura Mazdanın adından gəldiyi ehtimal olunur.
İlk Hörmüz şəhəri İranın cənub sahilində yerləşirdi və ticarət mərkəzi kimi inkişaf etmişdi. XIII əsrdə monqol hücumları zamanı şəhər dağıdıldı və əhali dənizdəki Cerun adasına köçərək oranı da Hörmüz adlandırdı.
Bu ada təbii resurslardan məhrum idi, nə çay, nə ağac, nə əkin sahəsi var idi. Lakin onun coğrafi mövqeyi kifayət idi.
Hind okeanından gələn gəmilər Basraya, Bağdada və İpək Yolunun şəhərlərinə getmək üçün məhz buradan keçməli idi. Hörmüz bu keçid üzərində qurulan rüsumlar sayəsində zənginləşdi.
Avropa Dövrü
1515-ci ildə portuqaliyalı admiral Afonsu de Albuquerke adanı ələ keçirdi və bir əsrdən çox burada hökm sürdü.
1622-ci ildə farslar və ingilislər birlikdə portuqalları qovdular.
XIX əsrdə körfəz faktiki olaraq Britaniyanın nəzarətinə keçdi. Bəhreyn, Küveyt, Oman və gələcək BƏƏ Britaniyanın təsir zonasında idi. Kral donanması ticarət yollarını qoruyurdu.
Britaniya regiondan çıxanda nəzarəti heç kimə təhvil vermədi. 1953-cü ildə ABŞ şahı hakimiyyətə qaytararaq öz maraqlarını qorumağa çalışdı. Lakin 1979-cu ildən sonra boğazın taleyi İranın əlində cəmləşdi.
Tehranın Əsas “Kozırı”
40 il ərzində İran dünyanın ən vacib “dar boğazına” nəzarət etdi, lakin onu bağlamadı. Çünki bu addım həm düşmənlərə, həm də özünə zərər vuracaqdı.
2026-cı ilin hadisələri bu vəziyyəti dəyişdi.
Fevralın 28-də ABŞ və İsrail İrana zərbələr endirdi və Fars körfəzində müharibə başladı. Bir həftə sonra İran Hörmüz boğazını bağladı və neftin qiyməti 100 dollardan yuxarı qalxdı.
Qətərin mayeləşdirilmiş qaz ixracı dayandı, sığorta qiymətləri kəskin artdı, dəniz daşımaları iflic oldu.
Ən Böyük Geoloji İroniya
Bu böhrandan ən çox zərər çəkənlər qərar qəbul etməyən ölkələrdir: Hindistan, Yaponiya, Cənubi Koreya və Avropa dövlətləri.
Geoloji ironiya ondadır ki, nefti yaradan qüvvələr eyni zamanda onu daşımağı çətinləşdirən dar keçidi də yaradıb.
Bu keçid cəmi 30 mil enindədir və onu idarə edən ölkə regionda ən riskli qərarlar verən dövlətdir.
Bu böhranın necə bitəcəyi bilinmir. Lakin bir şey dəyişməyəcək: boğaz yerində qalacaq, neft yerin altında qalacaq və ölkələr bu dar keçiddən yan keçməyin yollarını axtarmağa məcbur olacaq.
Dəyanət Ağalarlı
Ordu.az