Bəsrə körfəzində müharibənin geoiqtisadi ölçüsü: Yeni “tanker müharibəsi” qlobal enerji böhranına necə təsir edir? (FOTOLAR)

2026/03/1774279907.jpg
Oxunub: 2615     19:36     23 Mart 2026    
“Saxta xəbər mediası Amerika Birləşmiş Ştatları ordusunun İrana qarşı nə qədər uğurlu olduğunu işıqlandırmaq istəmir. İran tam məğlub olub və razılaşma istəyir, lakin bu, mənim qəbul edəcəyim tipdə razılaşma deyil! ABŞ İranın xam neft ixracının demək olar ki, hamısını idarə edən Xarq adasındakı hərbi hədəfləri “tamamilə məhv etdi”, “hədəflənəcək demək olar ki, heç nə qalmadı”. Bu, “Yaxın Şərq tarixində ən intensiv bombardmanlardan biri”dir”.

ABŞ Prezidenti Donald Tramp

2026-cı il fevralın 28-də “Epic Fury” əməliyyatından sonra Hörmüz boğazının faktiki olaraq bağlanması, 1973-cü il ərəb neft embarqosundan bəri qlobal enerji sistemində baş verən ən mühüm pozuntunu yaradıb və Soyuq müharibədən sonrakı dövrdə beynəlxalq dəniz ticarət daşımalarının ən ciddi şəkildə aksamasına səbəb olub. İranla müharibə ikinci həftəsinə daxil olarkən, ən təcili və faciəvi itkilər insan həyatları ilə ölçülür. Regional münaqişə ABŞ-nin İraqda bir yanacaq doldurma təyyarəsinin düşməsindən sonra daha da kəskinləşib, İran isə Yaxın Şərqdə son hücumlarında Səudiyyə Ərəbistanında 5 ABŞ təyyarəsini vurmağa nail olub və tərəflərin intensiv raket və hava zərbələri ilə vəziyyət gərginləşir. İran İsrailə və qonşu Körfəz ölkələrinə qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatı hücumlarını davam etdirərkən, dünya neft ticarətinin beşdə birinin keçdiyi Hörmüz boğazını da faktiki olaraq bağlayıb.

İraqda fəaliyyət göstərən və özünü “İslami Müqavimət” adlandıran silahlı qrup İraq və bölgədəki ABŞ hərbi bazalarına qarşı 8 ayrı hücum həyata keçirdiyini bildirib. Bu arada ABŞ və İsrail döyüş təyyarələri İran ərazisində hərbi və digər hədəfləri bombalamağa davam edir. Tramp bildirib ki, ABŞ ordusu adadakı “bütün hərbi hədəfləri tamamilə məhv edib”, lakin neft infrastrukturunu toxunulmaz saxlamağa qərar verib. Ada İranın neft daşımalarının 90%-nin ixrac terminalı kimi fəaliyyət göstərir və boğazın təxminən 483 km şimal-qərbində yerləşir. “Lakin İran və ya hər hansı digər ölkə Hörmüz boğazından gəmilərin sərbəst və təhlükəsiz keçidinə müdaxilə edərsə, bu qərarı dərhal yenidən nəzərdən keçirəcəyəm”, - deyə o bildirib. Tramp sanksiyalara məruz qalan Rusiya neftinin bəzi alışları üçün müvəqqəti istisna tətbiq edib, bu addım Rusiyanın Ukrayna ilə müharibəsini maliyyələşdirməsinə kömək edə biləcəyi səbəbi ilə Avropadakı ABŞ müttəfiqləri tərəfindən tənqid olunub.

ABŞ İranın neft ixracının mərkəzi olan Xarq adasına tarixinin ən güclü bombardmanlarından birini həyata keçirib. Trampın 40 il əvvəl irəli sürdüyü plan çərçivəsində “Qadağan olunmuş ada”dakı hərbi hədəflər məhv edilib. Tramp əməliyyatı “Yaxın Şərq tarixində ən intensiv bombardmanlardan biri” kimi qiymətləndirərək adadakı hərbi hədəflərin tamamilə məhv edildiyini iddia edib. Pentaqonun mətbuat katibi Kinqsli Uilson isə bildirib ki, 50 mindən çox ABŞ hərbi personalı İrana qarşı əməliyyatları dəstəkləyir. ABŞ Müharibə Nazirliyinin məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı təxminən 6000 hədəfin vurulduğunu və 60-dan çox gəmi ilə 30 mina döşəyən gəminin zədələndiyini və ya məhv edildiyini açıqlayıb. Bildirilir ki, Pentaqon amfibiya hücum gəmisi USS “Tripoli” və təxminən 2500 dəniz piyadasını Yaxın Şərqə yerləşdirib. Bu qüvvələrin bölgədə artıq mövcud olan digər ABŞ hərbi elementlərinə qoşulmasının bir-iki həftə çəkəcəyi gözlənilir. Fikrimizcə, bütün bu proseslər ABŞ-nin Bəsrə körfəzi bölgəsində enerji daşımalarını nəzarət altına almaq üçün quru əməliyyatına hazırlaşdığını açıq şəkildə göstərir.

İran neftinin böyük hissəsinin daşındığı bu strateji nöqtənin hədəfə alınması qlobal enerji bazarları və Hörmüz boğazının təhlükəsizliyi baxımından yeni böhran ehtimalını gündəmə gətirib. ABŞ-də benzin qiymətləri şənbə günü ölkə üzrə orta hesabla hər gallon üçün 3,68 dollara yüksəlib. Bu, müharibə başlayandan etibarən 23,5% artım deməkdir. Eyni dövrdə qlobal neft qiymətləri 40% artaraq cümə günü bir barel üçün 103,14 dollara çatıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu İranın enerji infrastrukturuna və limanlarına hücum ediləcəyi halda bölgədəki neft və qazı “od vuraraq məhv edəcəkləri” barədə xəbərdarlıq edib. İqtisadi nəticələr dərinləşdikcə və təchizat zənciri ilə bağlı narahatlıqlar davam etdikcə neft qiymətləri yüksək səviyyədə qalır.

Lakin iqtisadçılar başqa bir ölçünü də nəzərə almalıdır: iqtisadi nəticələr. Artan enerji qiymətləri dünya üzrə inflyasiyanı sürətləndirmək və iqtisadi artımı zəiflətmək təhlükəsi yaradır. Raket hücumları, qarşılıqlı təhdidlər və sığorta şirkətlərinin geri çəkilməsi səbəbindən operatorlar Hörmüz boğazından kommersiya tanker daşımalarından imtina etdikcə bu marşrut faktiki olaraq çöküb. Yaxın Şərqdəki münaqişə qlobal maliyyə bazarlarını sarsıdır, yüksək neft qiymətləri isə inflyasiya narahatlıqlarını artırır. ABŞ bazarları neft qiymətlərinin təzyiqi altında mənfi zonada bağlanıb. ABŞ-nin əsas S&P 500 indeksinin təxminən 0,5% düşərək ilin ən aşağı səviyyəsinə enməsi, “Brent” neftinin isə bir ayda iki dəfə bahalaşaraq 100 dolları keçməsi bunu göstərir. İnvestorlar bölgədəki son hadisələrə reaksiya verərək dalğalı həftə keçirib.

Münaqişə başlayandan etibarən Körfəz, Oman körfəzi və ətraf sularda ən azı səkkiz kommersiya gəmisi vurulub, bunlardan biri Hasab yaxınlığında xilasedici yedək gəmisinə edilən raket hücumu olub. 1100-dən çox gəmi GPS və AIS siqnallarının pozulmasına məruz qalıb ki, bu da naviqasiyanın etibarlılığını azaldıb. Operatorlar alternativ marşrutlara yönəldikcə Ümid burnu üzərindən keçidlər artıb, Qırmızı dəniz və Süveyş kanalında isə dalğalanmalar müşahidə olunub. Bu hadisələr dəniz ticarət yollarının necə sürətlə strateji müharibə meydanlarına çevrilə biləcəyini göstərir.


Tramp həm daxildə, həm də xaricdə siyasi təzyiqlərlə üzləşərkən müharibənin gözləniləndən daha tez bitə biləcəyinə işarə edib. O, həmçinin Rusiya ixracını da əhatə edə biləcək enerji sanksiyalarının ləğv oluna biləcəyini və ABŞ Hərbi Dəniz Qüvvələrinin tankerlərə müşayiət edəcəyini bildirib. Buna baxmayaraq, münaqişənin zəiflədiyinə dair açıq əlamətlər yoxdur. İran cavab tədbirlərini dayandırmaq istəmədiyini göstərir və qarşılıqlı hücumlar bir çox ölkəni birbaşa və dolayı şəkildə böhrana cəlb edib. Nəticədə xam neft bazarı qeyri-sabit olaraq qalır.


Qlobal enerjinin ən kritik nöqtəsi: Hörmüz boğazı

Cəbəl Əli və Xəlifə daxil olmaqla Körfəzin əsas limanlarında fəaliyyət pozuntuları artır. ABŞ-nin bir sualtı qayığının Şri-Lanka yaxınlığında İranın IRIS “Dena” freqatını batırmasından sonra dəniz münaqişəsi Hind okeanına qədər genişlənib və Hindistan kimi böyük idxalçılar risk altına düşüb. Bəsrə körfəzi üzərindən enerji daşımalarının dayanması logistikanı Ümid burnuna yönəldib və Asiya-Avropa marşrutlarını təxminən 15 gün uzadıb. Qlobal maliyyə bazarları ciddi qeyri-sabitlik yaşayır, Koreya və Yaponiya indekslərində kəskin düşüşlər qeydə alınıb. Bölgədə hava nəqliyyatı əməliyyatlarının dayandırılması və İranın ali liderinin ölümü uzunmüddətli qeyri-sabitlik siqnalı verir. Enerji qiymətlərinin artması gündəlik məhsulların qiymətinə də təsir edir.

Hörmüz boğazı Süveyş kanalı kimi süni deyil, təbii dərinliyə malikdir və VLCC tipli ən böyük tanker gəmilərinin keçidinə imkan verir. Bu gəmilər üçün zəruri dərin kanallar əsasən Oman sularından keçir ki, bu da bölgəyə əlavə strateji mürəkkəblik verir. Gündəlik təxminən 20-21 milyon barel neft bu boğazdan keçir ki, bu da qlobal istehlakın 20%-i deməkdir. Qlobal LNG ticarətinin təxminən 20%-i də bu marşrutdan keçir. Bu enerji axınının illik dəyəri 500-600 milyard dollar civarındadır. Bu bölgənin zəifliyi yeni deyil. 1980-ci illərdə İran-İraq müharibəsi zamanı baş verən “tanker müharibəsi”ndə 400-dən çox gəmi hücuma məruz qalmışdı.


Mərkəzi bankların inflyasiyanı nəzarətdə saxlamaq üçün faizləri artırması gözlənilir ki, bu da iqtisadi artımı zəiflədə bilər. Əsas sual isə Hörmüz boğazında dəniz axınının nə qədər müddətə pozulacağı və enerji infrastrukturlarının zədələnib-zədələnməyəcəyidir. Bu böhranın təsiri ölkələr arasında bərabər paylanmayacaq. ABŞ İranla müharibədə dörd əsas məqsəd müəyyən edib: İran donanmasını məhv etmək, raket imkanlarını sıradan çıxarmaq, nüvə proqramını dayandırmaq və regiondakı müttəfiq qruplara dəstəyi kəsmək. Lakin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi İranın nüvə silahı istehsal etdiyinə dair sübut olmadığını bildirib.

Münaqişə uzandıqca enerji bazarlarında qeyri-sabitlik davam edəcək. Çin kimi böyük idxalçıların bu böhrana reaksiyası xüsusi əhəmiyyət daşıyır. Gəmi izləmə məlumatları Çin gəmilərinin də keçidlərini dayandırdığını göstərir. Bu isə Pekinin belə böhranı idarə etmək imkanlarının məhdud olduğunu göstərir.

Hörmüz böhranının makroiqtisadi nəticələri üç əsas istiqamətdə özünü göstərir: enerji qiymətlərində kəskin artım, qlobal təchizat zəncirinin pozulması və eyni vaxtda inflyasiya ilə tələbin azalması. Böyük nəqliyyat şirkətləri “Maersk”, “Hapag-Lloyd”, MSC və CMA CGM boğazdan keçidləri dayandırıb. Gəmi məlumatları tanker trafikinin 70% azaldığını göstərir. Boğaz hüquqi olaraq bağlanmasa da, faktiki olaraq qlobal dənizçilik üçün bağlı vəziyyətdədir. Müharibə riski sığorta haqları kəskin artıb, bəzi sığortaçılar isə 2026-cı il martın 5-dən etibarən bu riskləri əhatə etməkdən imtina edib.

Bəsrə körfəzində unudulan “tanker müharibəsi”ndən çıxarılan dərslər: Qlobal enerji böhranının təkrarı mümkündürmü?

Amansız dini və siyasi qarşıdurmalarla alovlanan və XX əsrin ən uzun dövlətlərarası münaqişələrindən biri olan İran-İraq müharibəsi 1987-ci ildə Bəsrə körfəzinə də yayılıb. 1984-cü ildən etibarən müharibə yalnız quru cəbhələrində deyil, Bəsrə körfəzində də şiddətlənib. “Tanker müharibəsi” adlandırılan bu dövrdə İran və İraq bir-birinin neft ixracını hədəfə alıb. İlk olaraq İraq İranın Xarq adasındakı neft obyektlərini bombalayıb. İran isə buna cavab olaraq Körfəzdən keçən neft tankerlərinə hücum edərək İraqa dəstək verən Körfəz ölkələrini hədəfə alıb. Həyati əhəmiyyət daşıyan tanker gəmilərini qorumaq məcburiyyətində qalan NATO və Sovet dəniz qüvvələri Körfəzdə İran və İraqdan qaynaqlanan müxtəlif yeni və köhnə təhdidlərlə üzləşib. Türkiyə müharibə boyunca neytrallığını qoruyaraq hər iki ölkə ilə yaxşı qonşuluq münasibətlərini davam etdirib. ABŞ, Sovet İttifaqı, Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələri əsasən Səddam Hüseyni dəstəkləyib, Suriya və Liviya isə İranın tərəfində yer alıb. İraqın müharibəni davam etdirməsində ərəb ölkələrindən aldığı iqtisadi dəstək həlledici olub.

1980-ci illərin böyük hissəsini əhatə edən İran-İraq müharibəsi XX əsrin ən qanlı qarşıdurmalarından biri olub. Hər iki tərəfin itkiləri yüz minlərlə olub. Döyüş meydanları bəzən Birinci dünya müharibəsini xatırladırdı: kilometrlərlə uzanan səngər xətləri, intensiv piyada hücumları və kimyəvi silahların həm hücum, həm də müdafiə məqsədilə geniş istifadəsi. Əslində bu, böyükmiqyaslı quru müharibəsi idi və dəniz əməliyyatları ikinci dərəcəli sahə hesab olunurdu. Lakin müharibənin dəniz komponenti, xüsusilə hər iki tərəfin düşmən ticarət gəmilərinə hücum qərarı bu gün İran ilə ABŞ və regiondakı müttəfiqləri arasında gərginliyin yenidən artması fonunda ən çox diqqət çəkən amilə çevrilib. Qeyd edilməlidir ki, Sovet İttifaqına qarşı Körfəzi itirmək qorxusu müdaxiləni sürətləndirirdi və ABŞ siyasi baxımdan geri çəkilməyin mümkün olmadığı bir ssenariyə daxil olurdu. 1984-cü ildə, geniş müdaxilə müzakirələrindən əvvəl, ABŞ rəsmiləri ərəb dövlətləri qarşısında nüfuz itirmə riskini dərk etmişdi. ABŞ Dövlət Departamentinin “Aşağı ehtimal/Yüksək riskli seçimlər” adlı memorandumunda İranın Hörmüz boğazını minalamaq və ya gəmiləri dəniz və hava vasitəsilə dayandırmaq ehtimalı qeyd edilərək bildirilirdi ki, İranın hərbi addımları ABŞ-nin maraqlarını qoruya bilmədiyi görüntüsünü yaratmağa yönələcək. Eyni zamanda, İranın uzunmüddətli və aşağı intensivlikli əməliyyatlarla Körfəz gəmiçiliyini pozmağa çalışa biləcəyi qeyd olunurdu. Bu çərçivədə ABŞ-nin Körfəzdə uzunmüddətli hərbi öhdəliyi davam etdirmək üçün kifayət qədər siyasi iradəyə malik olmadığı qənaətinə gəlinmişdi.


İraq və İran Bəsrə körfəzində iri neft tankerlərinə hücum edərək “tanker müharibəsi”ni başlatdı. İran eyni zamanda Hörmüz boğazı və Körfəzdə minalama əməliyyatları həyata keçirdi. Amerikalı rəsmilər həm 1986-cı ildə “İran-Kontra” hadisəsi açıqlanmadan əvvəl, həm də sonra Körfəz ölkələri qarşısında etibarlılıq məsələsindən ciddi narahat idi. ABŞ milli təhlükəsizlik müşaviri və sonradan müdafiə naziri olan Frenk Karluççiyə göndərilən memorandumda İraqın Fao yarımadasından İran qüvvələrini çıxara bilməməsi qeyd edilərək bunun müttəfiqlər arasında narahatlıq yaratdığı və İranın uğurlarına görə ABŞ-nin məsul tutulduğu vurğulanırdı. Eyni zamanda, Körfəz ölkələrinin İranın irəliləyişlərindən narahatlığının yaxın zamanda ABŞ-dən yardım tələbinə səbəb ola biləcəyi bildirilirdi. 1987-ci il iyunun 15-də Prezident Reyqan ABŞ-nin tankerlərin yenidən bayraqlandırılması tələbini rədd edəcəyi halda “dəniz gücü kimi rolundan imtina edəcəyini” bəyan etmiş və Sovet İttifaqının Körfəzə genişlənmə təhlükəsini vurğulamışdı. Bu ritorika İranın ABŞ-nin qətiyyətini sınaması halında qarşıdurmadan yayınmaq imkanlarını minimuma endirmişdi.


Reyqan administrasiyası keçmiş müttəfiqi olan İrana qarşı hərbi gücdən istifadə etdi, İranın neft obyektləri məhv edildi. ABŞ Hərbi Dəniz Qüvvələri Küveyt tankerlərini qoruma altına aldı. İraq üçün müharibə ərazi və nüfuz məsələsi idi, Səddam Hüseyn rəhbərliyindəki ordu Şətt əl-Ərəb su yoluna və İran sahilindəki limanlara nəzarəti ələ keçirməyə çalışırdı. İran üçün isə müharibə İslam inqilabının davamı kimi qiymətləndirilirdi. Hər iki tərəf qarşı tərəfin müharibəni maliyyələşdirmə imkanlarını zəiflətmək üçün onun dəniz ticarətini, xüsusilə neft daşımalarını hədəfə aldı. İraq əsasən havadan hücum taktikasından istifadə edirdi. Küveyt və Səudiyyə Ərəbistanının dəstəyi ilə İraq Hərbi Hava Qüvvələri bu ölkələrin hava məkanından istifadə edərək Körfəz üzərində İran tankerlərinə hücum edir və “Exocet” raketləri ilə onları məhv edirdi. İran isə İraqla ticarət edən tankerlərə hücum edir, bəzən Çin istehsalı “Silkworm” raketlərindən istifadə edirdi və Küveyt limanlarına minalar yerləşdirirdi.

USS “Stark” 1987-ci il mayın 17-də Ərəb körfəzində İraq tərəfindən atılan iki “Exocet” raketi ilə vurulduqdan sonra ciddi zədələnmişdi və 37 dənizçi həlak olmuşdu. Reyqan administrasiyası buna sərt reaksiya verdi və Küveyt tankerlərinin ABŞ bayrağı altında qorunması planını həyata keçirdi.


Müharibənin ilk mərhələlərində İran bir çox İraq gəmisini limanlarda blokadaya saldı və ya məhv etdi. Lakin İraq 1981-ci ildə İran limanlarına gedən və ya oradan çıxan gəmilərə hücumlarla “tanker müharibəsi”ni başlatdı. 1984-cü ildə isə bu hücumların intensivliyini artırdı və coğrafiyasını genişləndirdi. İki ay sonra İran da cavab verdi və münaqişə iki tərəfli xarakter aldı. İranın geniş sahil xətti və hərbi imkanları ona regionda güc nümayiş etdirmək imkanı verirdi. Bu isə enerji daşımalarının təhlükəsizliyinə ciddi təhdid yaradırdı və bəzən ABŞ ilə birbaşa qarşıdurma riskini artırırdı. Müharibənin sonuna yaxın İran bütün Körfəzdə, o cümlədən Hörmüz boğazında minalama əməliyyatları həyata keçirdi. Quru cəbhəsində dalana dirənən müharibə nəticəsində tərəflər enerji infrastrukturuna və tanker daşımalarına daha çox hücum etməyə başladı.

İran-İraq müharibəsinin başlanğıcında dünya neft qiymətləri 100 dolları keçmişdi. Müharibənin sonunda isə Səudiyyə Ərəbistanı, İraq və İran istehsalı artırdı və qiymətlər 45 dollara qədər düşdü. Lakin hər iki ölkənin neft infrastrukturu ciddi zərər gördü. İraqın borclarını ödəmək üçün Küveyti işğal etməsi isə neft qiymətlərinin yenidən kəskin dəyişməsinə səbəb oldu.


1981-1983-cü illərdə İran dənizdə hücumlardan əsasən çəkinirdi. Lakin 1984-cü ildə İraq hücumları genişləndirərək müharibənin ikinci mərhələsini başlatdı. Fransız istehsalı “Super Étendard” təyyarələri və “Exocet” raketləri İraqa üstünlük qazandırdı. İran isə cavab olaraq müxtəlif qeyri-adi taktikalardan istifadə etdi. “Maverick” və AS-12 kimi “hava-yer” raketlərindən istifadə edərək gəmiləri hədəfə aldı. Bu raketlər əslində zirehli texnikaya qarşı nəzərdə tutulsa da, İran onları tanker hücumlarında tətbiq etdi. Bu hücumlar gəmilərə böyük struktur zərər verməsə də, ekipaj arasında itkilərə və daşımaların pozulmasına səbəb olurdu. Daha sonra İran arsenalına “Sea Killer” və Çin istehsalı CSSC-2 “İpəkqurdu” raketləri daxil edildi ki, bu da onun ilk effektiv gəmiəleyhinə raket sistemi oldu.

ABŞ Hərbi Hava Qüvvələri İranın neft obyektlərinə zərbələr endirdi, ABŞ Hərbi Dəniz Qüvvələri isə tanker karvanlarını qorumağa başladı. İran donanması İraqla ticarət edən gəmiləri yoxlamaq və dayandırmaq üçün Britaniya istehsalı freqatlardan istifadə edərək dəniz blokadası tətbiq etdi. İran qüvvələri bəzi hallarda “gəmi-gəmi” raketlərindən istifadə edir, digər hallarda isə sahil əsaslı sistemləri istiqamətləndirirdi. İran həmçinin raketatar və ağır pulemyotlarla silahlandırılmış sürətli “Boghammar” qayıqlarından istifadə edərək tanker gəmilərinə qəfil hücumlar təşkil edirdi. Bundan əlavə, İran F-4 “Phantom II” döyüş təyyarələri və helikopterlər vasitəsilə tankerlərə raket və idarəolunmayan sursatlarla hücumlar həyata keçirirdi.


İranın Küveyt gəmilərinə qarşı sürətli qayıqlarla həyata keçirdiyi hücumlar Küveytin 1986-cı il noyabrın 1-də gəmilərini qorumaq üçün rəsmi şəkildə xarici güclərə müraciət etməsinə səbəb oldu. “Earnest Will” əməliyyatı İran-İraq müharibəsinin yeddinci və son ilində Küveytin dəniz təhlükəsizliyi tələbinə ABŞ-nin verdiyi cavab idi. İraq 1984-cü ildə İran gəmilərinə hücum edərək müharibəni Körfəzə genişləndirmiş, məqsəd isə İranı atəşkəsi qəbul etməyə məcbur etmək və əsas valyuta mənbəyi olan neft ixracını dayandırmaq idi. İran atəşkəsi qəbul etməkdən imtina edərək cavab verdi, lakin əsasən İraqın hücumlarına qarşılıq verməklə kifayətləndi və üstün olduğu quru sahələrində müharibəni məhdud saxlamağa çalışdı. Küveyt 1986-cı ilin dekabrında Moskvadan tanker gəmilərini qorumağı xahiş etdi, ABŞ hökuməti isə 1987-ci ilin yazında oxşar müraciəti ciddi şəkildə nəzərdən keçirməyə başladı. İran isə Küveytin İraqa iqtisadi dəstək verməsi və limanlarını silah daşınması üçün istifadə etməyə icazə verməsi səbəbindən onu faktiki olaraq İraqın müttəfiqi kimi qiymətləndirirdi.


1987-ci ildə İran hücumlarının artmasına cavab olaraq Küveyt tanker daşımalarının qorunması üçün ABŞ-ni bölgəyə cəlb etdi. ABŞ Küveyt tankerlərini yenidən bayraqlandıraraq onları ABŞ Hərbi Dəniz Qüvvələrinin müşayiəti altına aldı və Körfəzdə təhlükəsiz keçidi təmin etdi. Prezident Reyqan hərbi cavab əmri verdi: ABŞ qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinə məxsus əsas hazırlıq bazaları olan “Sassan” və “Sirri” neft platformalarını məhv etdi. “Sassan” İranın ən böyük dəniz platformalarından biri idi və yeddi birləşmiş platformadan ibarət idi. Bəndər Abbas bölgəsindəki bəzi hədəflərə hava və ya qanadlı raket zərbələri endirilməsi təklif olunsa da, Vaşinqton İranın materik ərazisinə hücum ideyasını rədd etdi. Lakin admiral Krounun təkidi ilə Mərkəzi Komandanlığa bir İran hərbi gəmisini batırmaq əmri verildi. ABŞ rəsmilərinin fikrincə, İran qəsdən ABŞ döyüş gəmisinə hücum etmişdi və cavab olaraq ABŞ qarşılıq vermişdi.

ABŞ İran hücumlarını çəkindirmək və Körfəzdən enerji ticarətinin sərbəst axınını təmin etmək məqsədilə bir sıra hərbi əməliyyatlar həyata keçirdi:

“Earnest Will” əməliyyatı (1987-ci il iyul - 1988-ci il sentyabr) - ABŞ Hərbi Dəniz Qüvvələri Küveyt tankerlərini müşayiət edirdi (ilk konvoy zamanı bir tanker minaya düşmüşdü),

“Prime Chance” əməliyyatı (1987-ci il sentyabr) - ABŞ xüsusi təyinatlı qüvvələri minalama aparan İran gəmisini ələ keçirdi (sonradan gəmi batırıldı),

“Nimble Archer” əməliyyatı (1987-ci il oktyabr) - ABŞ qüvvələri İranın gəmi hücumlarına cavab olaraq neft platformalarını məhv etdi,

“Praying Mantis” əməliyyatı (1988-ci il aprel) - ABŞ qüvvələri İranın mina hücumuna cavab olaraq neft platformalarına hücum etdi və ABŞ Hərbi Dəniz Qüvvələri İkinci dünya müharibəsindən sonra ən böyük dəniz əməliyyatlarından birində İran qüvvələri ilə toqquşdu.

Müharibənin əsas məqsədi düşməni gəlir mənbələrindən məhrum etmək olduğuna görə tanker gəmilər və digər yük daşıyıcıları əsas hədəf idi. Bu hədəflərin payı 1984-cü ildə 57%, 1985-ci ildə 70%, 1986-cı ildə 93%, 1987-ci ildə isə 74% təşkil edib. Ümumilikdə hücumların 59%-i İraq, 41%-i isə İran tərəfindən həyata keçirilib. İraq hücumları daha dağıdıcı olmuş, hücumlarının 21%-i gəmilərin batmasına səbəb olub, İran hücumlarında isə bu göstərici 10% olub. Ümumi dağıntı balansı İraqın xeyrinə olub. Lakin zamanla bu balans dəyişib və müharibənin sonuna doğru İranın xeyrinə 4:3 nisbətinə keçib. Maliyyə baxımından müharibə İran üçün 350 milyard dollar, İraq üçün isə 160 milyard dollar neft gəliri itkisinə səbəb olub.


İran donanması Körfəzdə üstünlük qazandığı üçün İraq donanması limanlarda blokadaya alınmışdı və İraq hava qüvvələrinə arxalanmalı idi. Lakin onların uzaq məsafələrə zərbə imkanları məhdud idi. İran və İraqın hücumları nəticəsində Bəsrə körfəzində 8 milyon tonluq gəmi batırıldı ki, bu da İkinci dünya müharibəsində batırılan ümumi ticarət donanmasının üçdə birinə bərabərdir. 1987-ci ilin iyulunda BMT Təhlükəsizlik Şurası 598 saylı qətnaməni qəbul edərək tərəfləri atəşkəsə çağırdı. İraq bu şərtləri qəbul etsə də, İran əlavə tələblər irəli sürdü. 1988-ci ilin aprelində İraq Fao yarımadasını geri aldı. 1988-ci ilin iyulunda isə İran Hava Yollarına məxsus sərnişin təyyarəsi ABŞ tərəfindən səhvən vuruldu və bu hadisə müharibənin ən faciəli epizodlarından biri oldu. 1988-ci il iyulun 3-də baş verən bu hadisədə “Airbus” A300 tipli təyyarədə olan 290 nəfərin hamısı həlak oldu. Bu hadisə aviasiya tarixinin ən ölümcül faciələrindən biri hesab olunur. Müharibədən yorulan İran nəhayət 1988-ci il iyulun 20-də BMT-nin 598 saylı qətnaməsini qəbul etdi və atəşkəs 1988-ci il avqustun 20-də qüvvəyə mindi.

1980-ci illərin tanker müharibəsi ilə 2026-cı il müharibəsi arasındakı fərqlər

Bölgədə enerji infrastrukturu zərər görüb, İraqdakı “Rumaila” neft yatağı və Qətərdəki “Ras Laffan” LNG kompleksi də daxil olmaqla bir sıra obyektlərdə istehsal dayandırılıb. Bu hadisələrin təsiri artıq qlobal bazarlarda hiss olunur və böhran uzandıqca təsirlər daha da güclənəcək. ABŞ-nin Rusiya və Səudiyyə Ərəbistanından daha böyük enerji istehsalçısı olması diqqət çəkir, lakin bu gücdən istifadə imkanları məhduddur. 1980-ci illərdə son dəfə Körfəzdə gəmiçilik üçün belə təhlükəli vəziyyət yaranmışdı və Prezident Ronald Reyqan tanker gəmilərini qorumaq üçün hərbi qüvvələr göndərmişdi.

Bu müqayisə həm oxşarlıqları, həm də fərqləri ilə əhəmiyyətlidir. Tanker müharibəsi İran-İraq müharibəsinin ikinci dərəcəli cəbhəsi idi və münaqişənin dördüncü ilində geniş miqyas aldı. İraq İranın neft ixracını hədəfə aldı, İran isə Küveyt və Səudiyyə Ərəbistanına xidmət edən gəmilərə hücum etdi. Dörd il ərzində 500-dən çox gəmi hücuma məruz qaldı, 63 gəmi batdı və təxminən 430 dənizçi öldü. 1987-ci ildə ABŞ Küveyt tankerlərini öz bayrağı altında qorumağa aldı və bu, İkinci dünya müharibəsindən sonra ən böyük konvoy əməliyyatı oldu. İranın minalama fəaliyyəti və ABŞ gəmilərinə ziyan vurması 1988-ci ildə birbaşa toqquşmaya səbəb oldu.

Bu gün əsas fərq tərəflərin motivasiyasında və rolundadır. 1980-ci illərdə İran sağ qalmaq uğrunda mübarizə aparırdı və öz neft ixracını qorumaqda maraqlı idi. Bu gün isə İranın ixracı sanksiyalarla məhdudlaşdırılıb və Hörmüz boğazı onun üçün əsas iqtisadi damar deyil, strateji təzyiq alətinə çevrilib. Digər mühüm fərq isə ABŞ-nin roludur. Keçmişdə ABŞ üçüncü tərəf kimi çıxış edirdisə, bu gün əsas müharibə tərəflərindən biridir. Bu isə diplomatik həll imkanlarını xeyli çətinləşdirir.

ABŞ-İsrail-İran müharibəsi nəticəsində, hətta münaqişə tez bitsə belə, zədələnmiş infrastruktur, logistika problemləri və artan risklər səbəbindən dünya üzrə yanacaq qiymətlərinin uzun müddət yüksək qalacağı gözlənilir. Müharibə başlayandan etibarən qlobal neft qiymətləri artıb və bu, dünya üzrə istehlakçılar üçün enerji xərclərini yüksəldib.

Boğazın demək olar ki, tamamilə bağlanması o deməkdir ki, bölgənin iri neft istehsalçıları olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveyt qlobal emal zavodlarına gündəlik təxminən 140 milyon barel neft tədarükünü (bu da qlobal tələbatın təxminən 1,4 günlük həcminə bərabərdir) dayandırmaq məcburiyyətində qalıb. Nəticədə Yaxın Şərq Körfəzində neft və qaz anbarları sürətlə dolur və bu, İraq və Küveytdə hasilatın azaldılmasına səbəb olur, analitiklərə, treyderlərə və mənbələrə görə, növbəti addımı Birləşmiş Ərəb Əmirliklərinin atacağı ehtimal edilir. Bəzi mənbələr qeyd edir ki, gəmilər gəlməsə, müəyyən mərhələdə bütün ölkələr fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaq.

Küveyt Neft Şirkəti hasilatı azaltmağa başlayıb və fors-major elan edib. Bu vəziyyət İran müharibəsinin Yaxın Şərqdən tədarükləri səkkizinci gün ardıcıl şəkildə pozması fonunda İraq və Qətərin daha əvvəl elan etdiyi hasilat azalmalarından sonra təklif üzərində təzyiqi daha da artırıb. Davam edən müharibə qlobal neft və LNG tədarükünün təxminən 20%-nin keçdiyi, dünyanın ən mühüm enerji arteriyası olan Hörmüz boğazını bloklayıb. Analitiklər hesab edir ki, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da ehtiyatları tükəndikdə hasilatı azaltmalı olacaq.

Enerji qiymətlərinə qısamüddətli təsir əhəmiyyətli olub. Martın 2-si səhər neft qiymətləri təxminən 8%, Avropa qaz qiymətləri isə təxminən 20% artıb. Uzunmüddətli təsir münaqişənin davametmə müddətindən və Hörmüz boğazından keçən gəmiçiliyə təsirindən asılı olacaq. Qısa müddətli münaqişə bazarlara geosiyasi risk əlavəsi gətirəcək. Uzunmüddətli pozulma isə ehtiyatların azalmasına, logistikanın çətinləşməsinə və qlobal enerji balansının gərginləşməsinə səbəb olacaq və qiymətlərə daha ciddi təsir göstərəcək.

İranın Hörmüz boğazına tətbiq etdiyi blokada bazardan gündəlik 20 milyon barel neft və qlobal LNG-nin 20%-ni çıxararaq 96 saat ərzində qlobal fond bazarlarında 3,2 trilyon dollarlıq itkiyə səbəb olub. Təcili risklərə bölgədə dəniz sığortasının çökməsi və iri iqtisadiyyatlarda inflyasiya yönümlü müharibə maliyyələşməsinə keçid daxildir. Bəsrə körfəzi üzərindən enerji ixracının dayanması qlobal logistikanı Ümid burnuna yönəldib və Asiya-Avropa daşımalarına 15 gün əlavə edib. Cənubi Koreya və Yaponiya indekslərində kəskin enişlər qeydə alınıb və ticarət dayandırmaları baş verib. Körfəz regionunda hava nəqliyyatı əməliyyatlarının dayandırılması və İranın ali liderinin ölümü uzunmüddətli qeyri-sabitlik və təchizat zəncirinin parçalanması riskini artırır.

Beynəlxalq Enerji Agentliyi 2026-cı ilin fevralı üçün qlobal neft tələbatını gündəlik 104,87 milyon barel səviyyəsində qiymətləndirir. Xüsusilə Çin, Hindistan, Yaponiya və Cənubi Koreya bu boğazdan keçən neftin 80%-dən çoxunu alır. 2025-ci ildə Çinin neft idxalı gündəlik 11,6 milyon barelə çataraq rekord səviyyəyə yüksəlib. Alternativ marşrutlar bu həcmi əvəz edə bilmir. Səudiyyə Ərəbistanının Şərq-Qərb boru kəmərinin gücü gündəlik 7 milyon barel, BƏƏ isə Fuceyrəyə gündəlik 1,5 milyon barel nəql edir ki, bu da ümumi ixracın 40%-dən azını əhatə edir. Prezident Tramp bildirib ki, zərurət yaranarsa, ABŞ Hərbi Dəniz Qüvvələri tankerləri müşayiət edəcək.

Bununla belə, yüzlərlə gəmi Bəsrə körfəzində qalıb və bu, bölgədə kifayət qədər ABŞ dəniz qüvvəsinin olub-olmaması sualını doğurur. Analitiklərə görə, gəmi sahiblərinin yenidən boğazdan keçməsi üçün uzun müddət təhlükəsiz mühit tələb olunur. Boğaz nə qədər uzun bağlı qalarsa, tədarük problemləri də bir o qədər artır.

Böhranın Avropa bazarına təsiri

Avropa Çin, Hindistan, Yaponiya və ya Cənubi Koreya ilə müqayisədə Körfəz enerjisindən daha az asılıdır, lakin tam təcrid olunmayıb. Neft və qaz qlobal bazarlardır və Hörmüz boğazındakı hər hansı tıxanma Avropada qiymət artımına səbəb olur. Əsas zəiflik LNG sahəsindədir. LNG axını azaldıqda qlobal bazarda təklif daralır və Avropa Asiya ilə rəqabət aparmalı olur. Bu vəziyyət Avropanın 2026-cı ilə aşağı qaz ehtiyatları ilə başlaması fonunda daha da kritikdir. Aşağı ehtiyatlar qiymətləri artırır və sənaye xərclərinə təsir edir. Qaz qiymətlərinin artması elektrik qiymətlərinə də təsir göstərir. Neft və qaz eyni anda bahalaşdıqda alternativlər məhdudlaşır və kömürə tələbat arta bilər. Bu isə enerji qənaəti tədbirlərini zəruri edir.

Bu böhran nəticəsində Avropaya gedən mühüm tədarük xətti zəifləyib. Eyni zamanda Rusiya Avropaya qaz axınını dayandıra biləcəyi barədə siqnallar verib. Hörmüz boğazı və Qırmızı dənizdəki təhlükələr qlobal enerji marşrutlarını daha da daraldır. OPEC+ istehsalı artırmaq qərarı versə də, vəziyyət gərgin olaraq qalır. Beynəlxalq Enerji Agentliyi üzv ölkələrin strateji ehtiyatlardan istifadə edib-etməyəcəyinə qərar verəcək. ABŞ hələlik strateji ehtiyatlardan istifadə etməyi planlaşdırmır. Avropa siyasətçiləri uzunmüddətli böhran ehtimalına qarşı fövqəladə planlar hazırlamalıdır. Bu planlara LNG bazarının izlənməsi, qaz tələbatının azaldılması və ehtiyatların koordinasiyalı şəkildə doldurulması daxildir. Bu vəziyyət Avropanın idxal olunan fosil yanacaqlardan asılılığının əsas zəiflik olduğunu bir daha göstərir və yerli, təmiz enerji mənbələrinin inkişafının vacibliyini artırır.

Yaxın Şərqdəki hərbi hücumlar və Hörmüz boğazının faktiki bağlanması Avropa qaz bazarında son bir ilin ən kəskin dalğalanmalarından birinə səbəb olub. LNG axınındakı azalma nəticəsində TTF göstərici qiymətləri sürətlə yüksəlib və bu, elektrik bazarlarına da təsir edib. Bu proses qlobal LNG təchizatı ilə Avropa enerji bazarı arasındakı struktur əlaqəni bir daha üzə çıxarır.


Qaz qiymətlərindəki dəyişikliklər yalnız xammal bazarı ilə məhdudlaşmır, həm də birbaşa Avropa topdansatış elektrik qiymətlərinə təsir edir. Avropa Komissiyası kəskin qaz qıtlığının olmadığını bildirsə də, əsas qiymət göstəriciləri artım tendensiyası nümayiş etdirir.

Çinin enerji siyasətində Hörmüz

Çin Yaxın Şərq enerji resurslarından asılılığı azaltmaq üçün tədarükçüləri və marşrutları şaxələndirib. Bu, Rusiya ilə əməkdaşlığın güclənməsinə və ABŞ ilə enerji ticarətinin genişlənməsinə səbəb olub. Çin eyni zamanda elektrik nəqliyyat vasitələri, günəş enerjisi və digər texnologiyalar vasitəsilə daxili enerji tələbatını azaltmağa çalışır. Bu strategiya həm sənaye üstünlüyü, həm də enerji asılılığını azaltmaq məqsədi daşıyır. Buna baxmayaraq, Çin qlobal enerji bazarındakı dəyişikliklərə qarşı hələ də həssasdır. Ehtiyat səviyyələri barədə məlumatların məhdud olması onun hazırlıq səviyyəsini qiymətləndirməyi çətinləşdirir.

Son on ildə qlobal enerji təklifinin artması və şaxələnməsi aşağı qiymət mühiti yaradıb və bundan ən çox faydalanan ölkə Çin olub. Çin həm fosil yanacaqlarda, həm də bərpa olunan enerji texnologiyalarında üstün mövqedədir. ABŞ-nin təşəbbüsü ilə hazırlanmış Paris sazişi isə bu üstünlüyü balanslaşdırmağa yönəlmişdi. Lakin Çin qlobal iqlim maliyyə mexanizmlərinə tam şəkildə daxil edilmədiyindən ABŞ sonradan sazişdən çıxıb.

Bu prosesdə Donald Trump administrasiyasının birinci dövründə (AB-nin RF ilə bağlı yanlış təsəvvüründə olduğu kimi) enerji əsaslı ikitərəfli ticarətlə bağlanaraq, qlobal iqtisadi liberal sistemdən əldə ediləcək faydalar vasitəsilə Çində liberal siyasi sistemə keçidin mümkün olacağı düşünülürdü. Təxminən 50 milyard dollarlıq Alyaska LNG layihəsinə Çin 4 dövlət şirkəti ilə qoşuldu, Trampın Çinə səfəri zamanı 250 milyard dollarlıq bir sıra iqtisadi razılaşmalar imzalandı. Lakin Co Bayden dövründə bu razılaşmalarla ABŞ-Çin münasibətlərində gözlənilən dinamika əldə olunmadı. Qlobal ticarətdəki asimmetrik mövqeyi səbəbilə ticarət müharibələri də (Trampın birinci dövrü, Bayden dövrü və Trampın ikinci dövrünün ilk ili) Çinin siyasətində ciddi dəyişiklik yaratmadı. Mövcud iqtisadi sistemin Çinin sakit, səssiz və səbirli irəliləyişini sürətləndirdiyi qənaətindən çıxış edən Tramp administrasiyası ikinci dövrünün ikinci ilində strategiyasını dəyişdirdi. ABŞ-nin 2025-ci il Milli Təhlükəsizlik Strategiyası sənədində bu çoxölçülü strategiyanın əsasında, Çin iqtisadiyyatının maksimum fayda əldə etdiyi enerji təchizatı və qiymət sabitliyi sütununun zəiflədilməsi və enerji təchizatı və qiymət sabitliyi baxımından önə çıxan aktorların ABŞ-nin yeni nüfuz zonasına (geoiqtisadi sistemə) sürətlə daxil edilməsi dayanır. Bu çərçivədə ABŞ qlobal enerji bazarlarında əsas aktorları öz təsir dairəsinə cəlb etməyə çalışır. İranla aparılan danışıqların mahiyyəti də əslində bundan ibarət idi. İranın seçiminin Çindən yana olduğu anlaşılır.

Nəticə və gözləntilər

Bu müharibə hər kəsə çox şey öyrədəcək. İranın ərəb ölkələrindəki ABŞ hərbi bazalarına zərbələr endirməsi aşağıdakı nəticələri gündəmə gətirdi:

1. ABŞ heç bir ərəb ölkəsini (İsrail istisna olmaqla) qoruya bilmir.
2. ABŞ-nin bu ölkələri müdafiə etmək imkanları məhduddur.
3. ABŞ bu bölgələrdə öz hərbi bazalarını belə tam qorumaqda çətinlik çəkir.
4. İranın hücumları fonunda İsrailə endirilən zərbələrin qarşısını almaq mümkün olmayıb.
5. ABŞ və İsrailin əvvəlki hərbi yanaşmaları ciddi şəkildə sarsılıb.
6. İranın hədəf seçmə qabiliyyəti gözləniləndən yüksəkdir.
7. Hərbi bazalar, kəşfiyyat strukturları, radar və rabitə sistemləri, yüksək səviyyəli hədəflər və logistik mərkəzlər daxil olmaqla çoxsaylı obyektlər vurulub.



Qeyd etmək lazımdır ki, davam edən bu genişmiqyaslı və qeyri-müəyyən müharibə siyasətin diqqətini yenidən enerji təhlükəsizliyinə yönəldəcək. Hürmüz boğazı vasitəsilə hər gün keçən təxminən 20 milyon barel neftin əvəzini çıxmaq olduqca çətindir. Çin kimi bəzi ölkələr kifayət qədər ehtiyatlara malik olsa da, bir çox ölkə üçün bu mümkün deyil.

Neft və qaz qiymətləri artacaq. Boğazdan hər gün 20 milyondan çox barel xam neft və neft məhsulu keçir. Hərbi fəaliyyətlər, nəqliyyat məhdudiyyətləri və ya sığorta riskləri səbəbilə tanker daşımalarında yaranacaq hər hansı fasilə qiymətlərin sürətlə və kəskin artmasına səbəb ola bilər. Bu isə qlobal enerji xərclərinə dərhal təsir edəcək.

Qlobal inflyasiya yenidən yüksələ bilər. Enerji qiymətləri inflyasiya prosesində əsas rol oynayır. Yüksək neft qiymətləri nəqliyyat, istehsal və ərzaq xərclərini artıraraq inflyasiyanı qlobal miqyasda gücləndirir.

Nəqliyyat və qlobal ticarət aksaya bilər. Bəsrə körfəzi dünyanın ən vacib dəniz nəqliyyat marşrutlarından biridir. Risklərin artması ilə şirkətlər alternativ marşrutlara yönələ və sığorta xərcləri ciddi şəkildə yüksələ bilər. Bu isə daşınma xərclərini artıracaq və Asiya, Avropa və Yaxın Şərq arasında ticarəti yavaşladacaq.

Hava nəqliyyatı da təsirlənəcək. Regionda artan təhlükəsizlik riskləri səbəbilə aviaşirkətlər marşrutlarını dəyişməyə məcbur qalır. Daha uzun marşrutlar isə yanacaq sərfini və bilet qiymətlərini artırır.

Maliyyə bazarlarında dalğalanma gözlənilir. Geosiyasi gərginliklər investorları daha təhlükəsiz aktivlərə yönəldir və xüsusilə inkişaf etməkdə olan bazarlarda ciddi dəyişkənlik yaradır.

ABŞ və İsrailin İrana qarşı əməliyyatları qlobal bazarlarda qeyri-müəyyənliyi artırsa da, bəzi sektorlar bundan faydalana bilər. Enerji və müdafiə şirkətləri qazanc əldə edə bilər, lakin turizm, nəqliyyat və lüks istehlak sektorları zərər görə bilər. Böyük enerji şirkətləri, o cümlədən “ExxonMobil” və “Chevron” artan neft qiymətlərindən faydalana bilər.

Daha uzunmüddətli münaqişə iqtisadiyyata ciddi zərbə vuracaq. İstehsal azalacaq, investisiyalar gecikəcək, turizm zəifləyəcək. İran iqtisadiyyatında ÜDM-in 10%-dən çox azalması ehtimal edilir.

Bu vəziyyət Avropaya da dolayı təsir göstərir. Avropa İttifaqı enerji bazarında təzyiq altına düşür. Hürmüz boğazı geosiyasi qarşıdurma zonasına çevrildikcə, Rusiya alternativ enerji təchizatçısı kimi mövqeyini gücləndirə bilər.

Azərbaycan isə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa üçün mühüm alternativ təchizatçı rolunu artıra bilər. TANAP xətti və Türkiyə üzərindən qaz nəqli daha da ön plana çıxacaq.

Münaqişə uzandıqca enerji bazarlarında struktur dəyişikliklər sürətlənəcək. Yüksək qiymətlər bərpa olunan enerji layihələrinin iqtisadi cəhətdən daha cəlbedici olmasına səbəb olacaq.

Çin isə həm iqtisadi, həm də texnoloji müstəqilliyini gücləndirməyə çalışır və xüsusilə Qlobal Cənubda təsirini artırır. Eyni zamanda, İranın əsas enerji tərəfdaşlarından biri kimi, bölgədəki gərginlikdə mühüm rol oynaya bilər.

Nəticə etibarilə, münaqişənin uzanması qlobal iqtisadiyyatda dərin təsirlər yaradacaq və enerji bazarlarını uzun müddət qeyri-sabit vəziyyətdə saxlayacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   İsrail   Müharibə  


Bizi "telegram"da izləyin