ABŞ İran İslam Respublikasına qarşı fevralın 28-də başlanan və davam edən hava kampaniyasının, yəni “Epic Fury” əməliyyatının ilk saatlarında İranın ən qabiliyyətli və qabaqcıl hərbi gəmilərindən birini batırıb. Digər bir gəminin isə zədələndiyi bildirilir.
“ABŞ qüvvələri İran rejiminə məxsus 20-dən çox gəmini vurub və ya dənizin dibinə göndərib. Dünən gecə Mərkəzi Komandanlıq siyahıya “Süleymani” sinfinə məxsus bir hərbi gəmini də əlavə edib”, - ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində yaydığı paylaşımda bildirib.
ABŞ Müdafiə Nazirliyi tərəfindən yayımlanan görüntüdən götürülmüş kadrda “Şəhid Süleymani” sinfinə məxsus korvetə endirilən zərbə əks olunub.
İranın İnqilab Keşikçiləri Korpusunun xidmətində olan iki “Şəhid Süleymani” sinifli raket korvetindən hansının hədəfə alındığı ilə bağlı ziddiyyətli məlumatlar var. Lakin ehtimal olunur ki, yalnız 2024-cü ilin fevralında istismara verilmiş IRIS “Şəhid Səyyad Şirazi” batırılıb, aparıcı gəmi olan “Şəhid Süleymani” isə yalnız zədələnib.
ABŞ hava zərbələrindən sonra İranın Hörmüz boğazı yaxınlığındakı əsas hərbi-dəniz bazalarından biri olan Bəndər-Abbas yaxınlığında raket korvetlərindən birinin yanmasını əks etdirən foto və videolar sosial şəbəkələrdə geniş yayılıb.
“Şəhid Süleymani”nin texniki xüsusiyyətləri
İstismara verildiyi il: 2022
İnşa edilən sayı: 4
Uzunluğu: 65 metr
Eni: 14,5 metr
Subasımı qabiliyyəti: təxminən 600 ton
Hərəkət sistemi: dörd yerli dizel mühərriki
Sürət: təxminən 32 düyün (59,2 km/saat)
Üzmə məsafəsi: 5 000 dəniz milinə qədər
Silahlanma:
Şaquli buraxılış sistemi (VLS): “yer-hava” raketləri üçün 16 kiçik boru (məsələn, “Navvab”, “Sayyad-3”) və qanadlı raketlər üçün 6 böyük boru
Gəmi əleyhinə qanadlı raketlər: “Noor”, “Qadir” və ya “Qader” raketləri üçün 4-6 konteyner tipli buraxılış qurğusu
Top silahları: bir 30 mm-lik avtomatik top (burunda), dörd 20 mm və ya 23 mm-lik “Gatling” tipli silah
Hava/dəniz komponenti: 5 tonluq helikopter üçün eniş meydançası, arxa hissədən buraxılan 3 sürətli hücum qayığı
Heyət: məlum deyil
İnqilab Keşikçiləri Korpusu üçün yenilikçi layihə
Bu korvet sinfi İnqilab Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin öldürülmüş komandanı Qasım Süleymaninin şərəfinə adlandırılıb. Süleymani 2020-ci ilin yanvarında İraqın Bağdad şəhəri yaxınlığında, Tramp administrasiyasının ilk dövründə həyata keçirilən əməliyyat zamanı öldürülüb.
Bu korvetlərin hazırlanması İran İslam Respublikasının daha qabaqcıl hərbi gəmilər istehsal etmək qabiliyyətlərinin artdığını göstərir.
“Şəhid Süleymani” sinfi İranın daha sürətli və daha az radara görünmə qabiliyyətli suüstü döyüş gəmiləri yaratmaq istiqamətində addımını nümayiş etdirir. Radar izini azaltmaq üçün nəzərdə tutulmuş katamaran tipli kompozit gövdə üzərində qurulan bu sinif 45 düyünədək sürət yığa bilir və həm “Navvab”, həm də “Sayyad” qanadlı raket sistemlərini daşıyır”, - deyə “Naval News” nəşri bildirib.
Bundan əvvəl bildirildiyi kimi, “Şəhid Süleymani” sinfinə məxsus korvetlərin Hörmüz boğazını bağlamaq üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar mövcud idi.
Təhlükə yalnız helikopter və qayıqlardan ibarət deyil. Bu korvetlər yaxşı silahlanıb və İranın şaquli buraxılış sistemi (VLS) ilə təchiz edilmiş ilk hərbi gəmiləridir. Bu sistem 6 böyük boruda “yer-yer” qanadlı raketlər və 16 kiçik boruda “yer-hava” raketləri, o cümlədən uzaq mənzilli “Noor” və ya “Qadir”, eləcə də qısa mənzilli “Nasir” raketlərini daşıya bilir.
Silahlanmadan əlavə, bu korvetlər qabaqcıl radioelektron mübarizə və müşahidə sistemləri ilə təchiz olunub ki, bu da onlara kəşfiyyat toplama əməliyyatları aparmağa imkan verir.
İran daha böyük korvet üzərində işləyir
Ötən ilin aprel ayında peyk görüntüləri daha da yenilikçi dizayna malik bir gəminin inşasının davam etdiyini göstərib. “Əbu Mehdi əl-Mühəndis” korveti kimi tanınan bu gəmi (Süleymani ilə eyni zərbə nəticəsində öldürülmüş iraqlı milis komandirinin adını daşıyır) ilk dəfə İranın cənubundakı Bəndər Bəhunar şəhərində İnqilab Keşikçiləri Korpusunun dəniz obyektində müşahidə olunub.
Alüminiumdan hazırlanan bu gəminin təxminən 77 metr uzunluğunda və 25 metr enində olduğu bildirilir ki, bu da onu İranın digər korvetlərindən daha böyük edir. “Əbu Mehdi əl-Mühəndis” katamaran konstruksiyasına malik olması ilə seçilir və bu, ənənəvi tək gövdəli hərbi gəmilərlə müqayisədə daha yüksək sürət və manevr qabiliyyəti təmin edə bilər.
Davam edən zərbələr zamanı bu gəminin də hədəfə alınıb-alınmadığı məlum deyil. Lakin yüksək sürət və manevr qabiliyyətinə baxmayaraq, ABŞ qüvvələrinin həm dənizdə, həm də havada üstünlük saxladığı şəraitdə onun uğurla yayınması çətin ola bilər.
Dəyanət Ağalarlı
Ordu.az