İsrail və ABŞ-nin İran İslam Respublikasına qarşı birgə əməliyyatlarının ilk günlərində İranın ballistik raketləri ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinə aid radarları məhv edib. Bu radarlar daxil olan hava təhdidlərini aşkar etmək, izləmək və məhv etmək üçün kritik əhəmiyyət daşıyır. İranın bu sistemləri yüksək dəqiqliklə vurması region ölkələri üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır.
Peyk görüntüləri və sosial şəbəkələrdə yayılan şəkillər İordaniyada yerləşən ABŞ-yə məxsus THAAD batareyasına aid AN/TPY-2 radar sisteminin məhv edildiyini göstərir. Qətərdə yerləşən digər AN/FPS-132 radarı da məhv edilib. Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt və Səudiyyə Ərəbistanında yerləşən digər sistemlər isə zədələnib.
İordaniyada radar Muvaffaq Salti aviabazasında yerləşdirilmişdi və məhz orada məhv edilib. Bu bazada hazırda regiona yerləşdirilmiş 60-dan çox ABŞ hərbi təyyarəsi, o cümlədən F-35 “Lightning II”, F-15E “Strike Eagle” və radioelektron mübarizə üçün nəzərdə tutulan EA-18G “Growler” təyyarələri mövcuddur.
Hava hücumundan müdafiə sistemləri müharibə zamanı hər zaman prioritet hədəflər olur və peyk görüntüləri göstərir ki, bu cür sistemlər, xüsusilə kommersiya peyk məlumatları onların koordinatlarını açıq şəkildə göstərdiyi halda sabit və açıq yerləşdikləri üçün asanlıqla müəyyən edilə bilir.
Bu sistemlərin itirilməsi çox bahalıdır və bərpası uzun zaman tələb edir. CNN-in 2025-ci il üçün Raketdən Müdafiə Agentliyinin büdcəsinə istinadən hesablamasına görə, belə sistemlərin əvəzlənməsi təxminən yarım milyard dollara başa gəlir. Bundan əlavə, bu itkilər regionun müdafiə qabiliyyətini zəiflədir, çünki vəziyyətə nəzarət imkanları azalır.
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri THAAD sisteminin ilk batareyasının istismara verildiyini açıqlayıb.
Yaxın Şərqdə yerləşdirilmiş beş THAAD sistemindən əlavə, ABŞ bu tip radar sistemlərini digər strateji bölgələrdə, o cümlədən Çin tərəfindən Tayvana qarşı təhdidlərin davam etdiyi Hind-Sakit okean regionunda da yerləşdirib.
Bu sistemlər iri və bahalı olsa da, eyni zamanda həssasdır. İranın “Shahed” tipli pilotsuz uçuş aparatı kimi sadə partlayıcı yük daşıyan vasitələr belə onları uzun müddət sıradan çıxarmaq üçün kifayət edir.
İran bu sistemləri vurmaq üçün yalnız ballistik raketlərə güvənmir. “Shahed” pilotsuz uçuş aparatları döyüş şəraitində yüksək effektivlik nümayiş etdirib. Müharibənin ilk günlərində pilotsuz uçuş aparatının hərbi obyektə zərbə endirməsi nəticəsində altı ABŞ hərbçisi həlak olub. Həmin obyekt pilotsuz uçuş aparatlarına qarşı qorunmamışdı.

Aşağı hündürlükdə və yavaş sürətlə uçan pilotsuz uçuş aparatları hava limanları kimi kritik infrastrukturlardan tutmuş otellər kimi mülki obyektlərə qədər Yaxın Şərq üzrə müxtəlif hədəflərə zərbələr endirib.
Buna baxmayaraq, ABŞ və İsrail bildirir ki, İranın raket və pilotsuz hücum imkanları zəiflədilir. ABŞ qüvvələrinin Yaxın Şərqdəki komandanı admiral Bred Kuper qeyd edib ki, ballistik raket hücumları 90%, pilotsuz hücumlar isə 83% azalıb.
Müdafiəni qorumaq
İsraildə yerləşən “SpectralX” müdafiə texnologiyaları şirkəti şəxsi heyətin və platformaların sağ qalma qabiliyyətinin artırılması üzərində işləyir. Şirkət görmə, istilik, infraqırmızı, radar və çoxspektrli sensorlar vasitəsilə aşkar edilməni çətinləşdirən texnologiyalara fokuslanır.
Bu texnologiyalara qabaqcıl kamuflyaj materialları, adaptiv gizlətmə sistemləri və quru, dəniz və hava platformaları üçün iz azaldıcı həllər daxildir. “SpectralX” həmçinin müxtəlif coğrafi şəraitə uyğunlaşdırılan kompüter əsaslı kamuflyaj naxışları da hazırlayıb.
Şirkətin rəhbəri Asaf Pikçiotto bildirib ki, hava hücumundan müdafiə sistemləri üçün kamuflyaj əvvəllər prioritet hesab olunmurdu, lakin Ukrayna müharibəsindən sonra bu yanaşma dəyişib: “Ukraynadakı müharibəyə qədər heç kim kamuflyajı ciddi müzakirə etmirdi. Lakin müharibə hər kəsin baxışını dəyişdi. İndi hamı ucuz pilotsuz uçuş aparatlarının və qabaqcıl sensorların yaratdığı təhlükəni görür”.
Məlumatlara görə, İran qoşunların yerləşdirilməsi və digər hədəflər barədə Rusiyadan kəşfiyyat məlumatları alır. Bu məlumatlar və açıq mənbələr İranın hədəflərin dəqiq koordinatlarını əldə etməsinə imkan verir.
Buna görə də hərbi qüvvələrin öz izlərini idarə etməsi getdikcə daha vacib olur, çünki müşahidə imkanları son illərdə xeyli artıb.
Bununla belə, müdafiənin qorunması çoxtəbəqəli yanaşma tələb edir. Buraya kinetik tutucu vasitələr, radioelektron mübarizə, yüksək güclü lazer sistemləri və mikrodalğalı sistemlər daxildir.
Mikrodalğalı sistemlər eyni anda bir neçə pilotsuz uçuş aparatının elektronikasını sıradan çıxara bilir və kütləvi hücumlara qarşı effektivdir. Lazer sistemləri isə yüksək dəqiqliklə fərdi hədəfləri məhv etmək üçün istifadə olunur.
Bu iki texnologiyanın birləşməsi pilotsuz uçuş aparatlarına qarşı yeni çoxtəbəqəli müdafiə yanaşması yaradır və bahalı raketlərdən asılılığı azaldır.
ABŞ və müttəfiqləri hazırkı əməliyyatlardan dərs çıxarmalıdır. Əgər gələcəkdə Çin oxşar hücumlara əl atarsa, yalnız buraxılış qurğularını məhv etmək kifayət etməyəcək. Effektiv müdafiə üçün mobillik, aldatma, çoxtəbəqəli müdafiə və radioelektron mübarizə birlikdə tətbiq olunmalıdır.
Sevinc Əliyeva
Ordu.az