Lakin bu dəfə cənab səfirin müsahibəsini təkcə öz kontekstində deyil, eyni gündə – martın 18-də, eyni şəhərdə – İrəvanda səslənən başqa iki bəyanatla birlikdə oxuyacağıq. Çünki tarix bəzən təsadüfləri elə düzür ki, heç bir analitik bundan yaxşısını qurmaz. Səfir Şirğolami Bakını “İsrailin təsiri altında” olmaqda ittiham etdiyi, “sionist mövcudluğu”nun regionun təhlükəsizliyini pozduğunu söylədiyi, Azərbaycanı “ehtiyatlı” olmağa çağırdığı eyni gündə – eyni İrəvanda İsrailin hava hücumundan müdafiə qüvvələrinin keçmiş komandanı, briqada generalı Tsvika Haymoviç “Güclü Ermənistan” partiyasının təhlükəsizlik proqramını təqdim edirdi. İsrailli general İrəvanda açıq şəkildə bəyan edirdi: “Ermənistan ordusunun mümkün qədər güclü olması üçün hansı addımların atılmalı olduğunu bilirik”. Eyni gündə, eyni şəhərdə, eyni auditoriya qarşısında. Və cənab səfir bunu görmürdü. Və ya görməməyi seçirdi.
Gəlin indi bu prosesi parçalayaq.
Səfirin müsahibəsinin əsas tezislərindən biri və bəlkə də ən çox təkrarlananı Azərbaycan ərazisindəki İsrail “təhlükəsizlik mövcudluğu”nun İran üçün narahatlıq mənbəyi olmasıdır. Səfir deyir: “İsrailin Azərbaycan Respublikasında təhlükəsizlik mövcudluğu var, biz bunu bilirik. ABŞ və İsrailin mövcudluğu regionun təhlükəsizliyini pozur. Azərbaycan ehtiyatlı olmalıdır, çünki belə proseslərə qoşulmaq yalnız zərər gətirə bilər”. Bütün bu cümlələrin ortaq məxrəci belədir: İsrailin Cənubi Qafqazdakı hər hansı forması İran üçün qırmızı xəttdir və Azərbaycan bu xətti keçməməlidir.
İndi isə gəlin eyni gündə İrəvandan gələn digər xəbəri oxuyaq. İsrailin hava hücumundan müdafiə qüvvələrinin keçmiş komandanı (bu, sıravi ekspert deyil, bu, İsrailin ən kritik hərbi strukturlarından birinin sabiq rəhbəridir) İrəvanda “Güclü Ermənistan” partiyasının təhlükəsizlik proqramının təqdimatında çıxış edir. Briqada generalı Haymoviç açıq şəkildə deyir: “Otuz ildən çox orduda xidmət etmişəm və öz xalqını və torpağını qorumağın nə demək olduğunu bilirəm. Ermənistan ordusunun mümkün qədər güclü olması üçün hansı addımların atılmalı olduğunu bilirik”. Bu sözlər turistik səfərdə deyilmir. Bu sözlər siyasi partiyanın təhlükəsizlik proqramının rəsmi təqdimatında, konkret hərbi ekspert qismində, konkret hərbi məsləhətçilik kontekstində deyilir.
Ziddiyyətin miqyasını anlamaq üçün bu iki faktı yan-yana qoyaq: İranın səfiri İrəvandan Bakıya “İsraili yanınızdan uzaqlaşdırın” deyir. Eyni gündə, eyni İrəvanda, İsrailin generalı Ermənistan ordusunu gücləndirmək üçün konkret proqram təqdim edir. Səfir Azərbaycandakı İsrail “mövcudluğu”ndan narahatlıq ifadə edir, lakin İrəvandakı İsrail hərbi generalından heç narahat olmur. Bu, seçici korluqdur və bu korluğun strateji izahı yoxdur. Nəticədə səfir “regionda İsrail mövcudluğu” ümumi ifadəsinin arxasına gizlənir, çünki açıq desə, İrəvandakı İsrailli generala da etiraz etməli olacaq ki, bu da İranın Ermənistanla münasibətlərini zədələyər. Bu, diplomatik ikiüzlülüyün dərslik nümunəsidir.
İndi isə səfirin Azərbaycanın reaksiyasına verdiyi qiyməti təhlil edək. Şirğolami deyir: “Azərbaycanın ilk reaksiyası emosional, tələsik və yersiz idi. Məntiq tələb edir ki, əvvəl araşdırma aparılsın, sonra mövqe bildirilsin. Çox güman ki, bəzi anti-İran qüvvələr bu reaksiyaya təsir göstərmişdi”.
Gəlin bu “emosional, tələsik və yersiz” reaksiyanın nədən ibarət olduğunu xatırlayaq. Martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən 4 kamikadze tipli PUA atılıb. PUA-lardan biri hava limanının terminal binasını, digəri isə dərs prosesi davam edən orta məktəbi hədəf aldı. Dörd dinc vətəndaş yaralandı. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırdı, hadisəni terror aktı adlandırdı, Azərbaycan ordusu tam döyüş hazırlığına gətirildi. İranın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı. Azərbaycan cavab tədbirləri görmək hüququnu özündə saxladığını bəyan etdi.
Səfir bunu “emosional və tələsik” adlandırır. Gəlin soruşaq: dünyanın hansı ölkəsinin prezidenti öz ərazisindəki məktəbə PUA düşdükdən sonra “gəlin əvvəl araşdıraq, sonra danışarıq” deyər? İranın ərazisindəki məktəbin yaxınlığına PUA düşsə, Tehran “əvvəl araşdırma aparılsın” deyərmi? Fransa, Böyük Britaniya, Türkiyə, İsrail – hansı biri susar? Cavab aydındır: heç biri. Çünki öz ərazisinə, öz mülki infrastrukturuna, öz vətəndaşlarına yönəlmiş silahlı hücuma dərhal və qətiyyətli cavab vermək suveren dövlətin yalnız borcu deyil, refleksidir. Bunu “emosional” adlandırmaq hücuma məruz qalan tərəfin hüquqlarını inkar etmək cəhdidir.
Lakin səfirin bu ittihamını daha da absurd edən nüans var. Azərbaycanın “emosional və yersiz” reaksiyası nə ilə nəticələndi? Martın 8-də (hücumdan cəmi 3 gün sonra) Prezident İlham Əliyev İran prezidenti Pezeşkianla telefon danışığı apardı. Bundan əvvəl, Prezident İlham Əliyev İranın Bakıdakı səfirliyinə şəxsən gedərək ali dini liderin vəfatı ilə bağlı başsağlığı vermişdi. Bundan sonra Azərbaycan İrana 30 ton humanitar yardım göndərdi: 10 ton un, 6 ton düyü, 2 ton yarım şəkər, 4 tondan artıq su, 600 kiloqram çay, 2 ton dərman və tibbi ləvazimat.
Səfirin müsahibəsinin başqa bir maraqlı hissəsi – Naxçıvan hücumunun İranla əlaqəsinin yenə dolayısı ilə inkar edilməsidir. Şirğolami deyir: “Bu müharibə zamanı İranla qonşuları arasında problem yaratmaq məqsədi daşıyan çoxsaylı təxribatçı və yanıldıcı hərəkətlərin şahidi olduq. Belə hallar Naxçıvan, Oman, Səudiyyə Ərəbistanı və Türkiyədə baş verib”. Diqqət edin: səfir Naxçıvan hadisəsini “təxribatçı və yanıldıcı hərəkətlər” sırasına qoyur, yəni bu hücumun İran tərəfindən deyil, üçüncü tərəfin (“İsrail” və ya “digər aktorlar”) provokasiyası olduğunu iddia edir.
Bu iddia bir neçə səbəbdən qeyri-inandırıcıdır. Birincisi, İran prezidenti Pezeşkian martın 7-də “qonşu ölkələrə daha hücum olmayacaq” bəyanatı vermişdi, “daha olmayacaq” ifadəsi “əvvəl olub” etirafını ehtiva edir. İkincisi, Pezeşkian martın 8-də İlham Əliyevlə telefon danışığında “hadisənin araşdırılacağını vurğulayıb”. Əgər İranın hadisəyə heç bir aidiyyəti yoxdursa, nəyi araşdıracaq? Üçüncüsü, PUA-ların İran ərazisindən, İran sərhədinin birbaşa yaxınlığından uçması, qırıntılardakı İran istehsalı komponentlər, mühərrik tipinin identifikasiyası bunlar fiziki sübutlardır. Səfirin “təxribat” nəzəriyyəsi bu sübutların heç birini izah etmir.
Lakin gəlin bir anlıq səfirin məntiqini qəbul edək: fərz edək ki, Naxçıvana düşən PUA-ları İran göndərməyib, bunu “təxribatçı üçüncü tərəf” edib. Bu halda sual yaranır: İran öz sərhədindən 10 kilometr məsafədə, öz hava məkanından keçən 4 kamikadze tipli PUA-nı nə üçün aşkar edə bilmədi? “Xatəmül-Ənbiya” hava müdafiə qərargahı (İranın bütün hava məkanına nəzarət edən struktur) necə oldu ki, öz ərazisindən buraxılan və ya öz ərazisindən keçən 4 PUA-nı görmədi?
Səfirin Azərbaycana “ehtiyatlı ol” mesajının arxasında isə artıq tanış olan konstruksiya dayanır: “təminat + şərt.” Əvvəlki təhlillərimizdə bu konstruksiyanı artıq öldürülmüş Laricaninin bəyanatı kontekstində izah etmişdik. Şirğolami eyni formulu istifadə edir: “Azərbaycanla problemimiz yoxdur, lakin İranın düşmənlərinin təsiri altına düşməməlidir”. “Problem yoxdur” ifadəsi təminatdır. “Düşmənlərin təsiri altına düşməyin” ifadəsi isə şərtdir. Şərtin pozulması halında nəticə açıq buraxılır. Bu, diplomatik dildə ifadə olunmuş ultimatumdur: bizim istədiyimiz kimi davranın, əks halda nəticəsinə qatlanın.
Lakin bu ultimatumun ünvan sahibi – Azərbaycan artıq cavabını verib. Və bu cavab sözlə deyil, əməllə verilib. Naxçıvana Türkiyənin ordu generalı gəlib. Birgə hərbi təlimlərin planlaşdırılması müzakirə olunub. Şuşa Bəyannaməsi çərçivəsində hərbi yardım öhdəliyi təsdiqlənib. Ordu tam döyüş hazırlığına gətirilib. Strateji obyektlərin müdafiəsinə həsr olunmuş təlimlər keçirilib. SEPAH-ın agent şəbəkəsi aşkarlanıb zərərsizləşdirilib. Bunların hamısı bir həftə ərzində baş verib. Bu, “ehtiyatlı” olmağın deyil, qətiyyətli olmağın nümunəsidir. Və bu qətiyyət Azərbaycanın suveren qərarıdır.
Nəhayət, cənab səfirə ən sadə, ən anlaşılan dildə bir şeyi xatırlatmaq lazımdır. O, İrəvandan Bakını “İsrailin təsiri altında” olmaqda ittiham edir. Eyni gündə, eyni İrəvanda, İsrailin briqada generalı Ermənistan ordusunun gücləndirilməsi proqramını təqdim edir. Səfir Bakıya “sionistləri uzaqlaşdırın” deyir, lakin İrəvandakı israilli generalı görmür. Səfir Azərbaycanı “təhlükəli oyun” oynamaqda xəbərdar edir, lakin eyni masanın arxasında israilli ekspertlərlə oturan Ermənistanı xəbərdar etmir.
Bu seçici korluğun səbəbi aydındır: İrəvandakı israilli generalın İrana qarşı olduğu düşünülmür, buna görə də onun açıqlamaları İran üçün problem deyil. İranın problemi İsrail deyil, İranın problemi Azərbaycanın güclənməsidir. Bütün bu “sionist təhdid” ritorikası əsl narahatlığı gizlətmək üçün istifadə olunan pərdədir. Əsl narahatlıq budur: Azərbaycan 30 il ərzində işğal altında olan torpaqlarını azad etmiş, regionun ən güclü ordusunu qurmuş, Türkiyə ilə strateji müttəfiqlik yaratmış, İsrail və Qərb texnologiyaları ilə hərbi potensialını dəfələrlə artırmış suveren dövlətdir. Bu dövlət İranın şimal sərhədində mövcuddur, güclüdür və heç kimin (nə İranın, nə başqasının) vassalı deyil. Bu reallıq İranı narahat edir, lakin bunu açıq demək əvəzinə “İsrail” pərdəsinin arxasına gizlənir.
Amma pərdənin arxasındakı həqiqəti hər kəs görür. O cümlədən İrəvandakı israilli general.
Cənab səfir, siz İrəvandakı mikrofonun arxasından Bakını hədələyirsiniz. Eyni gündə İrəvandakı başqa bir mikrofonun arxasından israilli general Ermənistan ordusunu gücləndirməyi planlaşdırır və siz bunu görmürsünüz. Siz Azərbaycanı “emosional” adlandırırsınız, lakin məktəbinə PUA düşən ölkənin prezidenti sizin səfirliyinizə başsağlığına gəldi. Siz Bakını “yersiz reaksiya” ilə ittiham edirsiniz, lakin vətəndaşları yaralanan Azərbaycan sizin xalqınıza un, düyü, dərman göndərdi. Siz “ehtiyatlı olun” deyirsiniz, lakin Türkiyənin ordu generalı artıq Naxçıvanda birgə təlim planlaşdırır.
Kim “ehtiyatlı olmalıdır”, məktəbinə PUA düşdükdən sonra hələ sizə çörək göndərən dövlət, yoxsa çörək alan əllə məktəb vuran dövlət?
Aqil Məmmədov
Ordu.az