“Fox News” aparıcısı Mark Levin ABŞ və İsrailin İrana qarşı birgə zərbələrindən sonra Trampı “əsl lider” kimi təqdim edib və hücumu pisləyən qanunvericiləri tənqid edib.
1979-cu ildə radikal tələbələr İran şahını devirdikdən və ABŞ səfirliyində girov götürdükdən sonra Yaxın Şərq ölkəsi yeni islamçı fundamentalist rejimin uzun müddətdir “Böyük Şeytan” adlandırdığı ABŞ-nin qatı və qanlı düşməninə çevrilib.
O vaxtdan etibarən Tehran dünya üzrə terror fəaliyyətlərini dəstəkləyib, o cümlədən ABŞ-ni hədəf alan bir sıra yüksək profilli hadisələrdə iştirak edib. ABŞ-nin keçmiş prezidenti Ronald Reyqan dövründə Ədliyyə Nazirliyinin aparat rəhbəri olmuş Levin bildirib ki, İranın amerikalıları birbaşa və ya dolayı şəkildə hədəf aldığı ən azı 44 nümunə mövcuddur.
Levin deyib: “İranın nasist rejimi 1000-dən çox amerikalını qətlə yetirib və bizə qarşı istifadə etmək üçün nüvə silahı əldə etməyə fasiləsiz çalışıb, onlar soyqırımı meylli müharibə tərəfdarlarıdır”.
İranın ABŞ-nin müttəfiqindən düşməninə çevrilməsinin əsası 1960-cı illərdə qoyulub. Həmin dövrdə şah Məhəmməd Rza Pəhləvi nüfuzlu din xadimi Ruhullah Xomeyni ilə qarşıdurmaya başlayıb. Şah ölkə konstitusiyasını liberallaşdıraraq İslamdan başqa dinlərin nümayəndələrinə də öz müqəddəs kitabları üzərinə and içərək vəzifəyə başlamağa icazə verdiyi üçün Xomeyninin qəzəbinə səbəb olub.
Fransada sürgündə olan Xomeyninin ritorikası “Ağ inqilab” dövründə daha da sərtləşib, o, qadınlara qarşı ayrı-seçkilik və ksenofob çıxışlar edib, Pəhləvinin hakimiyyətdən uzaqlaşdırılmasını tələb edib.
1978-ci ilin payızında Xomeyni tərəfindən təşkil olunan etirazlar başlayarkən şah hərbi vəziyyət elan edib və hərbi polis kütləvi etirazçı qrupuna atəş açıb. Qısa müddət sonra şah və imperatriça Fərəh Pəhləvi “tətil” adı ilə Misirə gedərək ölkəni tərk ediblər və bir daha geri qayıtmayıblar. 1979-cu ilin fevralında isə Xomeyni geniş dəstək ilə Tehrana qayıdıb.

ABŞ-nin o dövrdəki prezidenti Cimmi Karter administrasiyasının milli təhlükəsizlik üzrə müşaviri Zbiqnev Bjezinski “böhranlar qövsü” anlayışını irəli sürərək Yaxın Şərqdə Sovet İttifaqına qarşı yönəlmiş fundamentalist rejimlərdən ibarət “Yaşıl kəmər” strategiyasını təşviq edib. Lakin bu strategiya uğursuz olub, çünki Xomeyni həm ABŞ-yə, həm də Sovet İttifaqına qarşı çıxıb.
1979-cu ilin oktyabrında Karter uzun müzakirələrdən sonra xərçəng xəstəliyindən əziyyət çəkən şahın müalicə üçün ABŞ-də yerləşən Nyu-Yorka gəlməsinə icazə verib.

Həmin ilin noyabrında “İmamın xəttinin davamçıları olan müsəlman tələbələr” qrupu ABŞ səfirliyinə hücum edib və 52 amerikalı 444 gün girov saxlanılıb.
Növbəti ilin aprelində ABŞ İranla diplomatik əlaqələri kəsib. Girovların xilas edilməsi üçün keçirilən əməliyyat uğursuz olub və bir neçə ABŞ hərbçisi həlak olub. Şah həmin yay Misirdə vəfat edib və Xomeyni ölkə üzərində tam nəzarəti ələ alıb.
İran 1981-ci il yanvarın 20-də Ronald Reyqan prezident kimi vəzifəyə başladığı dəqiqələrdə girovları azad edib və bu hadisə Karter administrasiyası üçün son zərbə kimi qiymətləndirilib.
Livan girov böhranı
1982-ci il iyulun 5-də Livanda uzun illər davam edən girov böhranı başlayıb. Bu dövrdə “Hizbullah” və İranın dəstəklədiyi qüvvələr xarici vətəndaşları, o cümlədən amerikalıları sistemli şəkildə qaçırıb.
Girovlar illərlə əsir saxlanılıb və psixoloji, eləcə də tibbi işgəncələrə məruz qalıblar. Onlar arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Beyrut stansiyasının rəhbəri Uilyam Bakli də olub.
Bakli aylarla işgəncəyə məruz qalıb və livanlı psixiatr Əziz əl-Əbub tərəfindən müxtəlif dərmanlarla təcrübələr aparılıb. Bu təcrübələrin məqsədi ondan ifadə almaq və Qərbə mesaj vermək olub.

Baklinin 1985-ci il iyunun 3-də əsirlikdə öldüyü bildirilir. Daha sonra Mərkəzi Kəşfiyyat İdarəsi onun xatirəsini əbədiləşdirib.
Sonradan kəşfiyyat qurumu “İslam Cihadı” adlı və “Hizbullah”a bağlı terror qrupunun liderinə qarşı nadir sui-qəsd əməliyyatı həyata keçirib. Bu qrupun rəhbəri İmad Muğniyə Baklinin edam edildiyini 1985-ci ilin oktyabrında elan etsə də, sonradan onun işgəncələrin təsirindən öldüyü müəyyən edilib.
Həmin dövrdə Beyrutdakı Amerika Universitetinin prezidenti Devid Doc təxminən bir il girov saxlanılıb, jurnalist Terri Anderson isə altı ildən çox əsirlikdə qalıb.

1983-cü il aprelin 18-də İranın dəstəklədiyi və sonradan “Hizbullah”ın sələfi kimi tanınan qrup Beyrutdakı ABŞ səfirliyini partladıb. Hücum nəticəsində 17 amerikalı daxil olmaqla 63 nəfər həlak olub.
Həmin ilin oktyabrında İranla əlaqəli intiharçı yük maşını bombası Livandakı ABŞ dəniz piyadaları kazarmasına çırpılıb və 241 hərbçi həlak olub. Bu hadisə İvo Cima döyüşündən sonra korpus üçün ən qanlı gün kimi yadda qalıb.
MEMRI-nin tərcüməsinə əsasən, Xomeyninin Livandakı nümayəndəsi Seyid İsa Təbatəbai IRNA-ya müsahibəsində bildirib: “Mən dərhal Livana getdim və amerikalıların və israillilərin olduğu yerlərdə “şəhidlik əməliyyatlarının” həyata keçirilməsi üçün lazım olanları təmin etdim”.
O əlavə edib: “Hizbullah” təşkilatının yaradılması istiqamətində səylər Livanın Baalbek bölgəsində başlayıb. Buraya İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələri gəlib. Mən “Hizbullah”ın siyasi qanadının yaradılmasında iştirak etməmişəm, lakin Allah mənə İnqilabın qələbəsindən əvvəl bizimlə əməkdaşlıq edən qrupla hərbi fəaliyyəti davam etdirməyə imkan verdi”.
MEMRI hesabatında qeyd olunub ki, Təbatəbainin Xomeynidən Livanda ABŞ və İsrail hədəflərinə hücum əmri verən fətva aldığını etiraf etdiyi hissə dərc edildikdən qısa müddət sonra IRNA-nın saytından silinib. Bu isə görünür, İranın rəsmi şəxslərinin Livandakı ABŞ hədəflərinə qarşı hücumların planlaşdırılması və icrasında rolunu inkar etməsi ilə bağlı olub.
1985-ci ildə İranın dəstəklədiyi “Hizbullah” Afina şəhərindən qalxan “Trans World Airlines” (TWA) 847 saylı reysini qaçırıb. Qaçıranlar sərnişinlərin şəxsiyyət vəsiqələrini toplayaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin mühəndis bölməsinin üzvü Robert Stethemi dəniz piyadası hesab edərək seçiblər və onu Livan vətəndaş müharibəsində iştirakda günahlandırıblar.
Qaçıranlar Stethemə işgəncə verib, Beyruta uçuş zamanı onu güllələyərək öldürüblər, cəsədini uçuş-enmə zolağına atıb və yenidən atəş açıblar.
“Praying Mantis” əməliyyatı
1988-ci ildə USS “Samuel B. Roberts” Fars körfəzində İran minasına düşərək demək olar ki, batıb. Gəmi Küveyt neft tankerlərini qorumaq üçün müşayiət edirdi.
Minaların həmin ilin əvvəlində ABŞ tərəfindən ələ keçirilmiş İranın “Ajr” gəmisinə aid olduğu müəyyən edildikdən sonra ABŞ-nin prezidenti Ronald Reyqan cavab əməliyyatı həyata keçirməyə qərar verib.
Bu əməliyyat zamanı İran İnqilab Keşikçiləri Korpusunun müşahidə strukturları kimi istifadə edildiyi bildirilən iki neft platforması məhv edilib və nəticədə İran qeyri-hərbi hədəflərə hücumlara başlayıb.
Əməliyyat zamanı iki digər İran gəmisi də məhv edilib və bu hadisə İkinci Dünya müharibəsindən sonra ən böyük dəniz qarşıdurmalarından biri hesab olunur.
Əməliyyat zamanı iki amerikalı helikopter qəzasında həlak olub, onlarla iranlı hərbçi öldürülüb.
Klinton-Buş-Obama dövrü, 11 sentyabr
1996-cı ildə Səudiyyə Ərəbistanında ABŞ hərbi yaşayış kompleksinə edilən hücumun İranın dəstəklədiyi digər terror qrupla əlaqəli olduğu Federal Təhqiqat Bürosu tərəfindən müəyyən edilib.
Həmin ilin iyun ayında baş verən “Khobar Towers” partlayışına görə “Hizbullah al-Hejaz” məsul tutulub və nəticədə 19 ABŞ hərbçisi həlak olub.
2000-ci ildə “Əl-Qaidə” tərəfindən Yəmənin Ədən şəhərində USS “Cole” esminesinə edilən hücumdan sonra ABŞ məhkəmələri İranı dolayı məsul hesab edib. Bildirilib ki, Tehran terrorçulara dəstək verib və onların Livandakı “Hizbullah” bazalarında hazırlanmasına şərait yaradıb.
2015-ci ildə FISA hakimi Rudolf Kontreras İran və Sudanın məsuliyyət daşıdığını müəyyən edib. Daha sonra Co Bayden administrasiyası dövründə Sudan həlak olan dənizçilərin ailələri ilə razılaşmaya gəlib.
11 sentyabr hücumlarından sonra ABŞ İraqda müharibəyə başlayarkən İran və onun dəstəklədiyi qüvvələrin iraqlı şiə qruplarına mina təmin etməklə ABŞ itkilərinin böyük hissəsinə səbəb olduğu ehtimal edilib. 2019-cu ildə ABŞ Müdafiə Nazirliyi bu rəqəmi 600-dən çox hərbçi itkisi kimi qiymətləndirib və bunun hər altı itkidən birinə bərabər olduğu bildirilib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi bildirib ki, bu itkilər partlayıcı qurğular, raketlər, minaatanlar, qumbaraatanlar, snayper atəşi və digər hücumlar nəticəsində baş verib.
Prezident Donald Tramp ilk prezidentlik dövründə İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrinə zərbə endirilməsi barədə göstəriş verib və bu əməliyyat zamanı onun tanınmış komandiri Qasım Süleymani öldürülüb.
İran 2001-ci il sentyabrın 11-də Nyu York, Pensilvaniya və Virciniya ştatlarında baş verən hücumlar barədə birbaşa məlumatlı olmasa da, planlaşdırılan terror fəaliyyətinə şərait yaratmaqda iştirak etdiyi müəyyən edilib.
Hesabat Tom Kean rəhbərliyi ilə hazırlanıb və İran rəsmiləri ilə “Əl-Qaidə” arasında davamlı əlaqələrin olduğu qeyd olunub.
Hesabatın 7-ci fəslində İranın ən azı Hizbullah tərəfindən hazırlanan terrorçuların ABŞ və ya İsrailə qarşı fəaliyyət göstərəcəyini bildiyi vurğulanıb.
Eyni zamanda İran sərhəd nəzarəti əməkdaşlarının “Əl-Qaidə” üzvlərinin pasportlarına möhür vurmadığı, bunun isə onların ABŞ vizası alarkən aşkarlanmasının qarşısını aldığı bildirilib.

Keçmiş FBI agenti Robert Levinson 2007-ci ildə İran adasında itkin düşüb. O, girov saxlanılıb və 2020-ci ildə İran nəzarətində öldüyü elan edilib.
Levinsonun ailəsinə 2010 və 2011-ci illərdə onun sağ olduğunu göstərən video və fotolar göndərilib.
2020-ci ildə Tramp administrasiyası Məhəmməd Baseri və Əhməd Xəzai adlı iki İran kəşfiyyat əməkdaşını Levinsonun oğurlanmasında ittiham edib. Həmin dövrdə FBI direktoru Kristofer Rey İranın Levinsonun geri qaytarılmasına kömək edəcəyini vəd etdiyini, lakin bunu yerinə yetirmədiyini bildirib.
Bəyanatda deyilib: “Həqiqət ondan ibarətdir ki, İran kəşfiyyat əməkdaşları yüksək vəzifəli İran rəsmilərinin təsdiqi ilə Bobun oğurlanması və saxlanılmasında iştirak ediblər. Biz onun uzunmüddətli əsirliyi barədə həqiqəti üzə çıxarmaq, ailəsinə cavab vermək və nəhayət onu vətəninə qaytarmaq öhdəliyimizdən geri çəkilməyəcəyik”.

2025-ci ildə ABŞ Dövlət Departamenti Co Bayden dövrünə aid “Girov götürülmüş və qanunsuz saxlanılan ABŞ vətəndaşlarının geri qaytarılması səylərinin gücləndirilməsi” adlı icra sərəncamına əsaslanaraq İran kəşfiyyat xidmətinə bağlı üç quruma sanksiya tətbiq edib. Bu çərçivədə həmçinin o dövrdə Nyu-Cersi ştatından senator olan Robert Menendez tərəfindən irəli sürülmüş “Robert Levinson Girovların Qurtarılması və Girov götürməyə görə məsuliyyət haqqında qanun” da nəzərə alınıb.
Robert Levinsonun ailəsi “Fox News Digital”a açıqlamasında ayətullahın zərərsizləşdirildiyi əməliyyata münasibət bildirib:
“Təxminən 19 ildir ki, İran atamız Robert Levinsonun oğurlanması, saxlanılması və ölümü ilə bağlı yalan danışıb, maneələr yaradıb və cavab verməkdən imtina edib. O, 2007-ci ildə İran rəsmiləri tərəfindən oğurlanıb, illərlə əsas insan hüquqlarından məhrum şəkildə saxlanılıb, ailəsi ilə əlaqə qurmasına icazə verilməyib və heç vaxt evə qayıtmayıb.
Əli Xameneyi bu cinayətlərə görə məsul olan rejimə rəhbərlik edib. Onun ölümü İranın atamıza qarşı etdiklərini silmir və bizim ədalət uğrunda mübarizəmizi dayandırmır. Lakin bu, ailəmiz və bu rejimin girov götürməsi və qanunsuz saxlaması nəticəsində əziyyət çəkən bütün ailələr üçün mühüm məqamdır.
Biz Prezident Donald Trampa və dövlət katibi Marko Rubioya ABŞ-nin imkanlarından istifadə edərək İranla üzləşdikləri və onu məsuliyyətə cəlb etdikləri üçün minnətdarıq. Bu, həm də İranın uzun illər davam edən qanunsuz saxlamalar praktikasının tanınması və ona qarşı tədbir görülməsini əhatə edir.
Eyni zamanda ürəyimiz İran xalqı ilədir. Onlar azadlıq, ləyaqət və bu rejimin təzyiqindən azad gələcək uğrunda mübarizəni davam etdirirlər.
İndi İran təxminən iki onillikdir etməkdən imtina etdiyini etməlidir: atamızla bağlı baş verənlərə görə tam məsuliyyət daşımalı, onun qalıqlarını ailəmizə qaytarmalı və oğurlanması, saxlanılması və ölümü ilə bağlı həqiqətləri açıqlamalıdır.
Ailəmiz həqiqəti tələb etməkdən geri çəkilməyəcək. Biz ədalət tələb etməkdən də vaz keçməyəcəyik”.
2016-cı ildə İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hakerlərə qarşı ABŞ Ədliyyə Nazirliyi tərəfindən ittiham irəli sürülüb. Onların arasında Nyu-York ştatının Ray-Bruk bölgəsində yerləşən iri bəndin idarəetmə sisteminə daxil olduğu iddia edilən 34 yaşlı İran vətəndaşı da olub.
2011-ci ildə ABŞ paytaxt Vaşinqton ərazisində yerləşən restoranda Səudiyyə Ərəbistanının ABŞ-dəki səfiri Adel əl-Cübeyri öldürmək məqsədilə planlaşdırılan partlayışı da ifşa edib.
Bu iş üzrə İran əsilli ABŞ vətəndaşı Mənsur Ərbabsiyar və “Qüds qüvvələri”nin üzvü Qulam Şəkuri ittiham olunublar. Ərbabsiyar Nyu-Yorkdakı “John F. Kennedy International Airport” hava limanında saxlanılıb, Şəkuri isə hələ də azadlıqdadır.
ABŞ Federal Təhqiqat Bürosunun o dövrdəki direktoru Robert Mueller bildirib ki, bu həbslər ABŞ-nin kəşfiyyat və hüquq-mühafizə resurslarını birləşdirərək təhdidləri daha effektiv müəyyənləşdirmək və qarşısını almaq imkanlarının artdığını göstərir.
2020-ci ilə qədər İran bir neçə kommersiya neft tankerinə hücumda ittiham olunub. Daha sonra Donald Tramp Qasım Süleymaninin öldürülməsi barədə göstəriş verdikdən sonra Əli Xameneyi İraqdakı “Al Asad Airbase” bazasına ballistik raketlər buraxıb.
Bu hücum nəticəsində onlarla ABŞ hərbçisi yaralanıb.
2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən İsrailə qarşı hücumlardan sonra İranın dəstəklədiyi HƏMAS və “Hizbullah” regiondakı Qərb qüvvələrinə qarşı təxminən 180 hücum həyata keçirib. Bu hücumlara İordaniyadakı bazaya pilotsuz uçuş aparatı ilə edilən zərbə də daxil olub və nəticədə üç amerikalı həlak olub.
Tramp dövrü: prezidentə qarşı sui-qəsd planı
İran əsilli bir şəxs və iki amerikalının ayətullah rejiminin tənqidçisi olan jurnalisti öldürmək məqsədilə plan qurmaqda ittiham edilməsindən sonra ABŞ Ədliyyə Nazirliyi Donald Trampın da oxşar sui-qəsd planının hədəfi olduğunu açıqlayıb.
İttihama görə, Fərhad Şakeri Nyu-York ştatında həbsdə olduğu dövrdən sonra əlaqələr quraraq ABŞ daxilində İslam İnqilabı Keşikçiləri Korpusu üçün əməliyyatçılar şəbəkəsi yaratmağa çalışıb və jurnalist Məsih Əlinejadı öldürməyi planlaşdırıb.
Onunla əlaqəli ABŞ vətəndaşları Conatan Loadholt və Karlayl Rivera Bruklində mühakimə olunublar. ABŞ-nin o dövrdəki baş prokuroru Merrik Qarland bildirib ki, onlar ABŞ ərazisində bir jurnalisti susdurmaq və öldürmək üçün cəlb ediliblər.
İstintaqa əsasən, onlar jurnalisti izləyib və şübhə doğurmamaq üçün avtomobil nömrələrini dəyişiblər. Kristofer Rey də bu işlə bağlı açıqlamasında Trampın da İran tərəfindən hədəf seçildiyini qeyd edib.
Bildirilir ki, Şakeri Federal Təhqiqat Bürosu ilə könüllü əlaqə saxlayaraq Trampı öldürmək planları barədə məlumat verib. Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu toplantısından sonra ona bu planı hazırlamaq tapşırılıb və əgər bunu edə bilməsə, Trampın seçkidə Kamala Harrisə uduzacağı və vəzifədən kənarda daha asan hədəf olacağı düşünülüb.
Rey bildirib: “FBI-nin səyləri sayəsində bu təhlükəli planların qarşısı alınıb. Biz ABŞ vətəndaşlarını İran və ya digər düşmənlərdən qorumaq üçün bütün resurslarımızdan istifadə etməyə sadiqik”.
Sonradan Tramp İranı dəfələrlə geri çəkilməyə çağırıb. ABŞ-nin müharibə naziri Pit Hüqset 2025-ci ildə nüvə obyektlərinə zərbələrə rəhbərlik edib və administrasiya rejim dəyişikliyinə nail olmaq üçün uzunmüddətli hərbi addımlar atdığını bildirib.
Tramp deyib: “Məqsədimiz İran rejimindən qaynaqlanan təcili təhdidləri aradan qaldıraraq ABŞ xalqını qorumaqdır”.
Firuz Bağırov
Ordu.az