XÜSUSİ DOSYE/1987-1988-ci illər Körfəz böhranı: ABŞ ilə İran arasında açıq dəniz qarşıdurması (FOTOLAR)

2026/03/1774002587.jpg
Oxunub: 1151     14:43     20 Mart 2026    
ABŞ ilə İran arasında gərginlik yalnız müasir dövr böhranları ilə məhdudlaşmır. İki ölkə xüsusilə 1980-ci illərdə Fars körfəzi mərkəzli bir sıra isti toqquşmalarda birbaşa və ya dolayı şəkildə qarşı-qarşıya gəlib. Fars körfəzində baş verən qarşıdurmalarda ABŞ İranın bir freqatına ciddi ziyan vurub, bir hücum qayığı və üç sürətli qayığı batırıb. Səhvən bir İraq təyyarəsi ABŞ döyüş gəmisini vurub, daha sonra isə bir ABŞ gəmisi “İran Hava Yolları”na məxsus mülki təyyarəni vurub.

İran-İraq müharibəsinin intensiv davam etdiyi 1984-cü ildə İraq Fransadan aldığı “Mirage” F-1 döyüş təyyarələri və “Exocet” raketləri ilə İran limanlarına gedən bütün gəmiləri vuracağını açıqlayıb. Bu qərardan sonra İraq və İran qüvvələri neft daşıyan gəmiləri hədəfə almağa başlayıb. Həmin il Fars körfəzində hücuma məruz qalmadan hərəkət edən demək olar ki, heç bir gəmi qalmayıb. Hücumların Səudiyyə Ərəbistanına məxsus tankerlərə yönəlməsi nəticəsində Səudiyyə Hərbi Hava Qüvvələrinə aid F-15 döyüş təyyarələri ilə İrana məxsus F-4 “Phantom” döyüş təyyarələri arasında hava döyüşləri baş verib və bir İran F-4 təyyarəsi vurulub. Bu hadisə tarixdə iki ABŞ istehsalı döyüş təyyarəsinin qarşı-qarşıya gəldiyi ilk hava döyüşü kimi qiymətləndirilir.

İran bu prosesdə hava hücumundan müdafiə imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib. Şah dövründə ABŞ-dən alınmış F-14 “Tomcat” döyüş təyyarələrini yüzlərlə kilometr məsafədə patrul uçuşlarına cəlb edən İran üzərlərindəki təxminən 100 kilometr mənzilli radarlar vasitəsilə geniş hava məkanını nəzarətdə saxlamağa nail olub. Demək olar ki, mini AWACS kimi istifadə edilən F-14 “Tomcat”lar İraqın hava hücumlarını erkən mərhələdə aşkar edib və çoxsaylı İraq təyyarələrinin vurulmasında rol oynayıb.

Tanker müharibələri zamanı 546 gəminin zərər görməsi və təxminən 430 dənizçinin həyatını itirməsi fonunda ABŞ Fars körfəzinə daxil olan tankerləri qorumaq məqsədilə “Earnest Will” əməliyyatına başlayıb. ABŞ Hərbi Dəniz Qüvvələri İkinci Dünya müharibəsindən sonra dünyanın ən böyük dəniz konvoy əməliyyatlarından birini həyata keçirib.

Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, BƏƏ və Bəhreynə məxsus gəmilər ABŞ eskortu ilə hərəkət etməyə başlayıb. ABŞ İran gəmilərinə isə eskort təmin etməyib. Bundan istifadə edən İraq qorunmasız qalan gəmilərə hücumlarını artırıb. İran isə ABŞ-ni Birləşmiş Millətlər Təşkilatına şikayət edərək İraqa yardım göstərməkdə ittiham edib.

ABŞ-nin “Çevik Oxçu” əməliyyatı

İraqın qorunmasız gəmilərə hücumlarını artırmasından sonra İran cavab olaraq Küveyt bayrağı altında üzən MV “Sea Isle City” tankerini raket zərbəsi ilə vurub. Bu hadisə ABŞ-nin “Earnest Will” əməliyyatının çəkindirmə baxımından kifayət etmədiyini göstərib. ABŞ İran təyyarələrinə birbaşa əməliyyat keçirmək əvəzinə İranın Fars körfəzindəki neft platformalarını hədəf almaq qərarı verib.

1987-ci ilin oktyabrında ABŞ “Operation Nimble Archer” (“Çevik Oxçu” əməliyyatı) çərçivəsində İrana məxsus iki neft platformasına hücum edib. Əməliyyatda hava dəstəyi ilə birlikdə dörd döyüş gəmisi iştirak edib. USS “Hoel” (DDG-13), USS “John Young” (DD-973), USS “Kidd” (DDG-993) və USS “Leftwich” (DD-984) platformaları artilleriya atəşi ilə vuraraq ciddi ziyan verib və onları yandırıb.

1987-ci ildə İran sahilləri yaxınlığında hərəkət edən “Oliver Hazard Perry” sinfinə məxsus USS “Stark” (FFG-31) freqatına İraq Hərbi Hava Qüvvələrinə aid “Mirage” F-1 döyüş təyyarəsi tərəfindən səhvən iki “Exocet” raketi atılıb. Raketlərin gəminin gövdəsinə dəyməsi nəticəsində 37 dənizçi həlak olub, 21 nəfər yaralanıb.

ABŞ rəhbərliyi hadisəni böyütməyib. Lakin gəmini vuran iraqlı pilot Səddam Hüseyn tərəfindən Bağdadda ictimaiyyət qarşısında, uçuş geyimində edam edilib.

“Oliver Hazard Perry” sinfinə məxsus USS “Stark” (FFG-31) İraq “Mirage” F-1 təyyarəsindən atılan iki “Exocet” raketi ilə vurulub.


“Peyğəmbər Dəvəsi” əməliyyatı

Fars körfəzində xidmət edən ABŞ freqatı USS “Samuel B. Roberts” (FFG-58) 1988-ci ilin aprelində sancaq tərəfindən mina ilə toqquşaraq ağır ziyan görüb. Partlayış nəticəsində gəminin gövdəsində təxminən 4,5 metrlik dəlik yaranıb. Heyət arasında itki olmayıb, şəxsi heyət gəmini batmaqdan xilas edərək su üzərində saxlamağa nail olub. Yardıma gələn ABŞ gəmiləri USS “Samuel B. Roberts”i yedəyə alaraq Dubaya aparıb.


ABŞ dalğıclarının apardığı araşdırma nəticəsində gəminin dəydiyi minanın bir il əvvəl ələ keçirilmiş İran Hərbi Dəniz Qüvvələrinə məxsus AJR adlı mina döşəyən gəmi tərəfindən yerləşdirildiyi müəyyən edilib. Bunun ardından ABŞ cavab tədbiri olaraq “Praying Mantis” (“Peyğəmbər Dəvəsi” əməliyyatı) əməliyyatına başlayıb.

Əməliyyatda USS “Enterprise” (CVN-65) aviadaşıyıcısı, USS “Trenton” (LPD-14) amfibiya desant gəmisi, beş esmines USS “Wainwright” (CG-28), USS “Lynde McCormick” (DDG-8), USS “Merrill” (DD-976), USS “Joseph Strauss” (DDG-16), USS “O’Brien” (DD-975) və üç freqat USS “Simpson” (FFG-56), USS “Bagley” (FF-1069), USS “Jack Williams” (FFG-24) iştirak edib.


Əməliyyatın ilk hədəfləri İrana məxsus “Sassan” və “Sirri” neft platformaları olub. Xəbərdarlıqlardan sonra “Bravo” Dəniz Qrupu (USS “Trenton”, USS “Lynde McCormick” və USS “Merrill”) “Sassan” platformasına atəş açıb. “Charlie” Dəniz Qrupu (USS “Wainwright”, USS “Simpson” və USS “Bagley”) isə “Sirri” platformasını hədəf alıb. “Delta” Dəniz Qrupu (USS “Jack Williams”, USS “Joseph Strauss” və USS “O’Brien”) İran Hərbi Dəniz Qüvvələrinin mümkün hücumlarına qarşı mövqe tutub.

Platformalar vurulduqdan sonra iki mühərrikli CH-46E helikopterləri ilə “Sassan” platformasına dəniz piyadaları, “Sirri” platformasına isə dəniz komando qüvvələri endirilib.


İran hadisələrə dərhal reaksiya verib. “Joshan” adlı raket hücum qayığı bütün xəbərdarlıqlara baxmayaraq, “Charlie” qrupuna yaxınlaşmağa davam edib. Şah dövründə “Harpoon” gəmi əleyhinə raketləri ilə təchiz olunan “Joshan” təxminən 13 mil məsafədən bir “Harpoon” raketi atıb. ABŞ gəmiləri qarşı tədbir sistemləri və aldadıcı hədəflərdən istifadə edərək raketi zərərsizləşdirib. Bundan sonra tərəflər arasında “Harpoon” və “Standard” raketləri ilə qarşılıqlı atışma baş verib və “Joshan” batırılıb. Bu hadisə dəniz müharibəsi tarixində raket dueli nəticəsində batırılan ilk gəmi kimi qeyd olunur.


Əməliyyatın ilk günündə günortadan sonra İrana məxsus “Boghammar” tipli sürətli qayıqlar BƏƏ-də yerləşən “Mübarək” neft yatağında olan Panama bayraqlı “Scan Bay” gəmisinə hücum edib. Gəmidə 15 ABŞ vətəndaşının olması səbəbindən ABŞ USS “Enterprise” aviadaşıyıcısından iki A-6 Intruder və bir F-14 “Tomcat” döyüş təyyarəsini bölgəyə göndərib. ABŞ bu addımla ilk dəfə öz bayrağını daşımayan bir gəmini qorumaq üçün birbaşa müdaxilə edib. Hücum zamanı bir A-6E “Intruder” üç sürətli qayığı batırıb, digər qayıqlar isə İranın ərazi sularına çəkilərək tərk edilib.


Axşam saatlarına yaxın ABŞ döyüş gəmiləri və aviadaşıyıcıdan qalxan A-6 “Intruder” təyyarələri İran Hərbi Dəniz Qüvvələrinə məxsus “Sahand” (74) freqatına koordinasiyalı hücum həyata keçirib. Təyyarələr freqatın baca hissəsinə 500 kiloqramlıq CBU-59 kaset bombaları atıb, gəmi ağır ziyan alaraq hərəkətsiz vəziyyətdə qalıb. Daha sonra ABŞ gəmilərindən buraxılan üç “Harpoon” raketi hədəfə dəyib. Vaşinqtondan prosesi izləyən hərbi rəsmilər gəminin tam batırılmaması barədə qərar verib. Ağır ziyan görən “Sahand” sonradan yedək gəmisi ilə Bəndər-Abbas dəniz bazasına aparılıb.

ABŞ ilə İran arasında Fars körfəzində baş verən dəniz döyüşlərinin ən faciəvi hadisəsi ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS “Vincennes” döyüş gəmisinin Tehran-Dubay reysi həyata keçirən “İran Hava Yolları”na məxsus “Airbus” A300 sərnişin təyyarəsini F-14 döyüş təyyarəsi hesab edərək vurması olub. Hadisə nəticəsində 66-sı uşaq olmaqla ümumilikdə 290 nəfər həyatını itirib.


Təxminən 25 il əvvəl həyata keçirilən bu əməliyyatlarda ABŞ Hərbi Dəniz Qüvvələri qarşıya qoyduğu bütün hərbi hədəflərə nail olub. Bu əməliyyatlardan gələcək komandanlıq səviyyəsi üçün mühüm dərslər çıxarılıb. Sadə planlaşdırma, dəqiq hədəf müəyyənləşdirmə və güclü komanda-nəzarət sistemi uğurun əsas amilləri kimi qiymətləndirilib.

Fərqli qüvvə elementlərinin koordinasiyalı istifadəsi, məsələn, dəniz qrupları ilə hava və quru elementlərinin birgə fəaliyyəti effektiv nəticələr verib və çoxşaxəli əməliyyatların əhəmiyyətini artırıb. Hava vasitələrinin, xüsusilə sabit qanadlı təyyarələr və helikopterlərin qoruma və vizual təmas təmin etmədə rolu ön plana çıxıb. Xarici dil bilən şəxsi heyətin mövcudluğu İran qüvvələri ilə əlaqə və onların fəaliyyətinin izlənməsi baxımından faydalı olub.

Klassik gəmi artilleriya sistemləri ilə hədəfin məhv edilməsinin çətin olduğu müəyyən edilib. “Sassan” və “Sirri” platformalarına edilən atışlarda hədəf ətrafına təxminən 280 mərmi sərf olunub. Hədəflərin əvvəlcədən xəbərdar edilməsi humanitar baxımdan müsbət qiymətləndirilsə də, taktiki baxımdan mənfi nəticələr doğurub və bu yanaşmanın yenidən nəzərdən keçirilməsinin vacibliyi ortaya çıxıb.

Gəmilərdə yerləşən “Standard” raket sistemi yüksək effektivlik göstərib və beş atışın hamısında hədəflər uğurla məhv edilib. Harpoon gəmi əleyhinə raketinin performansı da yüksək qiymətləndirilib.

Nəticə etibarilə, komandanlıq heyətinin və şəxsi heyətin bütün ssenarilərə hazır olması, yeni təhdidləri davamlı şəkildə qiymətləndirməsi, planlaşdırma aparması və müntəzəm təlimlərlə hazırlıq səviyyəsini qorumasının vacibliyi vurğulanıb.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   1987-1988  


Bizi "telegram"da izləyin