Pekinin ABŞ və İsrailin İranın rəhbərliyini və hərbi imkanlarını dağıtmasına verdiyi açıq şəkildə təmkinli reaksiya Çinin müttəfiqləri arasında etibarlılığına təsiri ilə bağlı müzakirələrə səbəb olub.
Bəzi ekspertlər bildirir ki, bu passivlik ABŞ-nin qlobal güc proyeksiyası imkanları qarşısında zəifliyi üzə çıxarıb və Pekinin Yaxın Şərq və Şimali Afrika regionunda Vaşinqtonun təsir dairəsinə daxil olmaq cəhdlərinin məhdudiyyətlərini göstərib. Oxşar fikirlər ABŞ-nin Venesuelanın sabiq prezidenti Nikolas Maduronu ələ keçirməsindən sonra da səsləndirilmişdi.
Çin ABŞ və İsraili İranın nüvə proqramı üzrə danışıqlar davam etdiyi halda həyata keçirilən hücumlar və ölkənin ali lideri Ayətullah Əli Xameneyinin öldürülməsi ilə əlaqədar beynəlxalq hüququ pozmaqda ittiham edib. Lakin müşahidəçilər rəsmi etiraz bəyanatlarından kənar real dəstəyin olmadığını qeyd edir.
Bəzi Çin üzrə müşahidəçilərin fikrincə, bu vəziyyət Çinin böyük güc və etibarlı tərəfdaş imicinə uzunmüddətli zərbə vurub. ABŞ-nin Çindəki keçmiş səfiri Nikolas Berns “X” platformasında yazıb: “Çin, eləcə də Rusiya avtoritar müttəfiqləri üçün zəif tərəfdaş olduğunu göstərir”.
Aktiv, yoxsa müttəfiq?
Lakin bəzi ekspertlərə görə, bu yanaşma Çin Kommunist Partiyasının hesablamalarını ABŞ prizmasından qiymətləndirmək deməkdir. “Karnegi” Beynəlxalq Sülh Fondunun tədqiqatlar üzrə vitse-prezidenti Evan Feigenbaum bazar ertəsi yayımladığı təhlildə bu fikri qeyd edib.
“Çox sayda Qərb strateqi Çindən ABŞ kimi davranmağı gözləyir və Çin belə davranmadıqda bunu şüurlu seçim deyil, strateji uğursuzluq kimi qiymətləndirir”, - deyə Feigenbaum bildirib.
Onun sözlərinə görə, öldürülmüş Xameneyinin və ya Maduronun xilas edilməsi Çinin əsas təhlükəsizlik maraqlarına, yəni öz regionuna xidmət etməzdi. İranla bağlı “müttəfiq” anlayışının işlədilməsi ABŞ-nin Yaponiya kimi tərəfdaşlarla bağladığı rəsmi təhlükəsizlik müqavilələri ilə müqayisədə fərqli səviyyədə öhdəlik ifadə edir. Çin Şimali Koreya istisna olmaqla heç bir ölkə ilə formal müdafiə öhdəliyinə malik deyil.
Əvəzində Çin diqqətini Sakit okean regionunda hərbi üstünlük əldə etməyə və böyük güclər arasında münaqişə zamanı Pentaqonun istifadə edə biləcəyi strateji keçid nöqtələrindən ibarət “birinci ada zəncirini” qırmağa yönəldib.
Eyni zamanda Pekin İranla güclü əlaqələrdən faydalanmaqla yanaşı qlobal maraqlarını şaxələndirib. Feigenbaumun sözlərinə görə, İran yalnız bir neçə iri neft istehsalçısından biridir və Çin 120-dən çox ölkənin əsas ticarət tərəfdaşıdır.
“Brookings Institution”un Con L. Thornton Çin Mərkəzinin direktoru Rayan Hassın fikrincə, İran rejiminin devrilməsi bəzi analitiklərin iddia etdiyi qədər strateji zərbə deyil.
“İran hansısa böyük strategiyanın əsas sütunu deyil. Bununla belə, əgər ABŞ İranda uzunmüddətli qarşıdurmaya sürüklənsə, Pekin bunu alqışlayacaq, çünki bu, ABŞ-nin Çin üzərindəki təzyiqini azaldacaq”, - deyə o bildirib
İmkan məsələsi
Digər ekspertlər isə hesab edir ki, yüksəlməkdə olan supergüc və regional hegemon kimi Çin müttəfiqlər və təsir məsələsində əslində ABŞ ilə eyni böyük güc məntiqinə malikdir, lakin əsas məhdudiyyət niyyət deyil, imkanlardır.
Müstəqil jurnalist və Çin məsələləri üzrə şərhçi Terens Şen “X” platformasında yazıb: “Böyük güclər üstünlük əldə etməyə çalışır. Problem ondadır ki, Çin daha zəifdir və müttəfiqlərini real şəkildə qorumaq və ya xilas etmək imkanına malik deyil”.
Digər müşahidəçilər qeyd edir ki, Çin Xalq Azadlıq Ordusu güclü olsa da əsasən regional qüvvə olaraq qalır və davamlı güc proyeksiyası həyata keçirmək üçün xaricdə geniş hərbi baza şəbəkəsinə malik deyil.
İran ABŞ təsirinə qarşı balans yaradan və ucuz enerji mənbəyi kimi əhəmiyyətli olsa da, həlledici rol oynamır.
Təl-Əviv Universiteti ilə əlaqəli Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun tədqiqatçısı Tuviya Gerinq bildirib: “Çin ABŞ və İsrailin hərbi üstünlüyünü balanslaşdırmaq üçün kifayət qədər imkanlara malik deyil”.
O əlavə edib: “Bu vəziyyət ironikdir. İkinci Körfəz müharibəsində ABŞ-nin hərbi güc nümayişi və Ərəb baharının təsirləri Pekini Yaxın Şərqdə daha aktiv siyasətə yönəltdi. İndi isə mümkün rejim dəyişikliyi və üçüncü Körfəz müharibəsi fonunda Çin hələ də vəziyyətə uyğun hərəkət etmir”.
Sevinc Əliyeva
Ordu.az