“Shahed-136” tipli kamikadze pilotsuz uçuş aparatları və kiçik, sadə qanadlı raketlər bazar ertəsi Yaxın Şərq üzrə hədəfləri vurmağa davam edib. ABŞ və İsrailin İrana qarşı başlatdığı qanadlı raketlər, pilotsuz uçuş aparatları və dəqiq idarə olunan bombalardan ibarət hücumdan sonra son günlər bu aparatların ABŞ bazalarını, neft infrastrukturunu və mülki binaları vurduğu bildirilib.
ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərinin raketləri İranın “Shahed” aparatlarını və digər ballistik raketləri dayandırmaqda əsasən uğurlu olub, BƏƏ-nin məlumatına görə, önləmə səviyyəsi 90 faizdən yuxarıdır. Lakin 20 min dollarlıq pilotsuz uçuş aparatlarını məhv etmək üçün 4 milyon dollarlıq raketlərdən istifadə olunması Qərb hərbi planlaşdırıcılarını Ukrayna müharibəsinin əvvəlindən narahat edən problemi ortaya qoyur: ucuz silahlar daha mürəkkəb təhdidlər üçün nəzərdə tutulmuş resursları sürətlə tükəndirir.
Nəticədə həm İran, həm də ABŞ bir neçə gün və ya həftə ərzində silah ehtiyatlarının azalması ilə üzləşə bilər. Daha uzun müddət davam gətirən tərəf ciddi üstünlük qazanacaq.
“Shahed” pilotsuz uçuş aparatları müasir müharibəyə ciddi təsir göstərib, Rusiya bu ölümcül vasitələrdən Ukrayna səmasında kütləvi şəkildə istifadə edib.
İranın regiondakı proksi qüvvələri Qəzza müharibəsi nəticəsində ciddi şəkildə zəiflədilib və onun raket imkanları iyunda baş vermiş 12 günlük İsrail-ABŞ hücumları zamanı zərər görüb.
Bundan sonra İran üçün əsas istiqamət Donald Trampın mümkün zərbəsinin nəticələri və xərcləri ilə bağlı xəbərdarlıqları artırmaq olub. Çünki onun tərəfdarlarının uzun və mürəkkəb müharibələrə ümumilikdə qarşı olduğu məlumdur.
Şənbə günü həyata keçirilən hava zərbələri nəticəsində həlak olan İranın ali lideri Əli Xameneyi ABŞ hücumunun bütün regionu əhatə edəcək genişmiqyaslı münaqişəyə səbəb olacağı barədə xəbərdarlıq etmişdi.
“Bu tükəndirmə strategiyası əməliyyat baxımından İran üçün məntiqlidir. Onlar hesab edir ki, müdafiə tərəfi önləyici raketlərini tükəndirəcək və Körfəz ölkələrinin siyasi iradəsi zəifləyərək ABŞ və İsraili əməliyyatları dayandırmağa məcbur edəcək, bundan əvvəl isə onların öz raket və pilotsuz uçuş aparatları ehtiyatı tükənəcək”, - deyə Stimson Mərkəzinin aparıcı əməkdaşı Kelli Qrieko bildirib.
“Bloomberg News”un əldə etdiyi daxili təhlilə görə, Qətərin “Patriot” önləyici raket ehtiyatları mövcud istifadə tempi ilə dörd gün kifayət edə bilər. Doha qeyri-rəsmi şəkildə münaqişənin tezliklə başa çatdırılmasına çağırır.
İranın ötən il İsraillə qarşıdurmadan sonra təxminən 2 min ballistik raketə malik olduğu qiymətləndirilib. Digər əsas istehsalçı olan Rusiyanın gündə bir neçə yüz ədəd istehsal edə bildiyi nəzərə alınarsa, “Shahed” aparatlarının sayı xeyli çox ola bilər. Bu barədə “Bloomberg Economics”də müdafiə üzrə aparıcı analitik Bekka Vasser qeyd edib.
Tehran bu ilin əvvəlindən bəri münaqişə çərçivəsində 1200-dən çox müxtəlif sursat buraxıb və onların çoxunun “Shahed” olduğu ehtimal edilir. Vasser əlavə edib ki, bu, daha dağıdıcı ballistik raketlərin daha uzunmüddətli hücumlar üçün saxlanılması anlamına gələ bilər.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, İran ordusu hazırda Xarici İşlər Nazirliyi də daxil olmaqla mülki rəhbərliklə sıx koordinasiya olmadan fəaliyyət göstərir.
“Hazırda hərbi bölmələrimiz faktiki olaraq müstəqildir və müəyyən mənada təcrid olunub, əvvəlcədən verilmiş ümumi təlimatlar əsasında fəaliyyət göstərirlər”, - deyə Əraqçi “Al Jazeera”ya müsahibəsində bildirib.
ABŞ tərəfinə gəldikdə isə, Vasser qeyd edib ki, zərbə planlaşdırıcılarının regiona dörd həftəlik əməliyyatlar üçün kifayət qədər sursat yerləşdirdiyi ehtimalı azdır. Halbuki prezident Donald Tramp belə bir müddətin mümkün olduğunu demişdi.
ABŞ-nin müharibə naziri Pit Heqset bazar ertəsi keçirilən mətbuat konfransında bildirib: “Bu, İraq deyil, bu, sonsuz müharibə deyil”.
Müdafiə baxımından İranın imkanları çox məhduddur. Müharibənin ilk saatlarında həyata keçirilən hava zərbələri onun yer-hava raket sistemlərini, o cümlədən ən müasir Rusiya istehsalı S-300 komplekslərini vurub. Bundan sonra ABŞ və İsrail qırıcılarının İran hava məkanında maneəsiz fəaliyyət göstərdiyi bildirilir.
ABŞ və regiondakı tərəfdaşları əsasən “Lockheed Martin” şirkətinin “Patriot” hava hücumundan müdafiə sistemlərindən istifadə edir və PAC-3 raketləri buraxır. Pentaqon istehsalı artırmağa çalışsa da, “Lockheed”in məlumatına görə, 2025-ci ildə cəmi təxminən 600 ədəd PAC-3 raketi istehsal edilib. Şənbə günündən bəri vurulan raket və pilotsuz uçuş aparatlarının sayına əsasən, Yaxın Şərqdə minlərlə önləyici raketin istifadə edildiyi ehtimal olunur.
Səudiyyə Ərəbistanı və BƏƏ həmçinin atmosferin yuxarı qatlarında daha sürətli və mürəkkəb raketləri vurmaq üçün nəzərdə tutulmuş “Lockheed” sisteminə aid THAAD komplekslərindən istifadə edir. Bu sistemlər digər hədəflərə qarşı tətbiq edilmir və hər bir raketin qiyməti təxminən 12 milyon dollardır.
ABŞ əlavə olaraq 20-30 min dollar dəyərində olan “Advanced Precision Kill Weapon System” raketlərindən istifadə edən qırıcı təyyarə patrullarından da istifadə edib, lakin buna təyyarələrin istismar xərcləri də əlavə olunur.
Regionda pilotsuz uçuş aparatlarına qarşı xüsusi hazırlanmış müdafiə vasitələri daha az yayılıb. Lazerlər, avtomatik toplar və ya digər pilotsuz uçuş aparatlarından istifadə daha ucuz müdafiə üsulu ola bilər və bahalı sistemləri daha ciddi təhdidlər üçün qorumağa imkan verir.
İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərəfindən hazırlanmış “Iron Beam” lazer sistemi bu problemi həll etmək üçün nəzərdə tutulub, lakin İsrail Müdafiə Qüvvələri bazar ertəsi onun hələ münaqişədə istifadə edilmədiyini bildirib.
Məsələ ilə tanış olan və adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, İranın hücumlarının hazırkı intensivliyi davam edərsə, regiondakı PAC-3 ehtiyatları bir neçə gün ərzində təhlükəli dərəcədə azala bilər. Hücum silahları da tükənərsə, vəziyyət dalana dirənə bilər.
“Karnegi” Beynəlxalq Sülh Fondundan Ankit Panda bildirib: “Bu arada İranın raket və pilotsuz uçuş aparatı ehtiyatı azala bilər və rejim xaos şəraitində də olsa mövcudluğunu qoruya bilər. Müharibənin ilk 60 saatına əsasən, bu, ən real ssenarilərdən biri kimi görünür”.
Dəyanət Ağalarlı
Ordu.az