Əslində hava məkanının müdafiəsi iki hissəyə ayrılır: “hava ilə nəfəs alan” təhdidlər və ballistik təhdidlər. “Hava ilə nəfəs alan” təhdid dedikdə döyüş təyyarəsi, pilotsuz uçuş aparatı, helikopter və ya qanadlı raket nəzərdə tutula bilər. Ballistik təhdidlər isə adından da göründüyü kimi, Türkiyənin də son dövrdə üzləşdiyi ballistik raketlərdir...
Hava hücumundan müdafiə sahəsində Türkiyənin qabiliyyətləri hazırda yaxşı bir səviyyəyə doğru irəliləyir. Həm F-16 parkı, həm də inventardakı KORKUT, SUNGUR, HİSAR-A, HİSAR-O və SİPER kimi çox alçaq hündürlükdən yüksək hündürlüyə qədər hava hədəflərinə qarşı döyüşə girə bilən hava hücumundan müdafiə təyinatlı top və raket sistemləri, onlarla birlikdə fəaliyyət göstərən kritik sensorlar və komanda-idarəetmə infrastrukturu ilə bərabər Türkiyə Silahlı Qüvvələrinin inventarında mövcuddur. Bu sistemlərin yayğınlaşdırılması məqsədilə seriyalı istehsal fəaliyyəti də sürətlə davam edir.
Hava hücumundan müdafiə və raketdən müdafiə fərqi
Ancaq Türkiyənin ballistik raketi önləməyə yönəlmiş anti-ballistik raket sistemi, yəni raketdən müdafiə sistemi yoxdur. Heç vaxt da olmayıb. Bu nöqtədə keçmişdə ABŞ-dən anti-ballistik raket qabiliyyətinə malik PATRIOT sistemlərinin tədarükü gündəmə gəlsə də, bu tədarüklər həyata keçirilmədi.
Rusiyadan tədarük edilən S-400 sisteminin kağız üzərində qısa və orta mənzilli ballistik raketlərə qarşı döyüşə girmək qabiliyyəti olsa da, Türkiyə bu sistemi NATO və ya Milli Radar Şəbəkəsinə inteqrasiya etmədən müstəqil şəkildə istifadə etdiyi üçün, S-400 ilə ballistik raketin məhv edilməsi hazırda praktiki baxımdan çox mümkün deyil.
S-400 ballistik raketin məhv edilməsində harada ilişir?
Ballistik raketin məhv edilməsi üçün ən kritik məsələ, onu məhv edə biləcək raketlə yanaşı, həmin raketi buraxıldığı andan etibarən aşkar edən və kosmosda olarkən anbaan izləyərək yerdəki raketdən müdafiə sistemi batareyasına məlumat ötürən bir sensor şəbəkəsinə sahib olmaqdır. Bunun üçün yüz milyonlarla dollar dəyərində xüsusi radarlar və peyklər hazırlanır.

Bu xüsusi radarlardan biri də Kürecikdəki NATO bazasında yerləşən ABŞ istehsalı AN/TPY-2 Radarıdır. Bu radar, onun iki “qardaşı” İran tərəfindən Qətər və İordaniyada məhv edildiyi üçün bu günlərdə daha da qiymətlidir...
Məhz bu dəyərli radarın yerləşdiyi Malatyaya NATO tərəfindən anti-ballistik raket qabiliyyətli bir PATRIOT batareyası yerləşdirildi. Türkiyəyə yönələn 2 ballistik raketi də ABŞ-nin “Arleigh Burke” sinfinə məxsus esminesindən atılan SM-3 raketi vurdu. İncirlikdə İspaniyaya məxsus bir PATRIOT batareyası isə 2015-ci ildən etibarən NATO missiyası çərçivəsində mövcuddur.

PATRIOT PAC-2 standartındakı bu sistem daha çox “hava ilə nəfəs alan” hədəflərə və GEM-T raketi ilə taktiki ballistik raketlərə (qısa mənzilli, tək pilləli, aşağı sürətli) qarşı effektivdir. İran mənşəli olaraq Türkiyənin hava məkanını təhdid edən ballistik raketlərin orta mənzilli raketlər sinfində olduğunu nəzərə alsaq, onların PATRIOT PAC-2 tərəfindən məhv edilməsi çox asan olmayacaq.
PATRIOT PAC-2 və PATRIOT PAC-3 fərqi
Məhz bu səbəbdən Malatyaya yerləşdirilən PATRIOT batareyasının, daha inkişaf etmiş ballistik təhdidlərlə mübarizə aparmaq üçün hazırlanmış, hədəfini birbaşa toqquşma prinsipi ilə məhv edən PATRIOT PAC-3 standartında olduğunu düşünürük. Beləliklə, “İncirlik” bazasının raketdən müdafiəsini dənizdən “Arleigh Burke” sinfinə məxsus esmineslər SM-3 raketləri ilə, “Kürecik” Radar Bazasının təhlükəsizliyini isə Malatyada yerləşən quru əsaslı PATRIOT PAC-3 batareyası təmin etmiş olacaq.

SM-3 çox uzun mənzilə sahib olduğuna görə, əslində bir orta mənzilli ballistik raket təhdidinə qarşı düzgün vasitə deyil. Başqa sözlə, SM-3-ün İran mənşəli olaraq Türkiyəyə atılan ballistik raketlərə qarşı “bir neçə ölçü böyük gəldiyini” deyə bilərik. Bu nöqtədə PATRIOT PAC-3 və THAAD kimi quru əsaslı anti-ballistik raket sistemləri daha doğru vasitələr olacaq.
Digər tərəfdən, İran tərəfindən İsrailə, bölgə ölkələrinə və həmin ölkələrdəki ABŞ bazalarına atılan ballistik raketlər səbəbindən bölgədə anti-ballistik raket ehtiyatlarının çox kritik səviyyəyə düşdüyünü söyləmək mümkündür. İsrail öz anti-ballistik raket sistemlərinə sahib olsa da, ABŞ-dən PATRIOT PAC-3 və THAAD dəstəyi almaq məcburiyyətində qaldı. Digər tərəfdən, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və İordaniya kimi ölkələrin hamısının ballistik raketdən müdafiə sistemləri ABŞ istehsalı PATRIOT və THAAD sistemlərindən ibarətdir. Buna görə də belə bir dövrdə Malatyaya PATRIOT yerləşdirilməsi çox önəmlidir.
Türkiyə nə vaxt raketdən müdafiə qabiliyyəti əldə edəcək?
Sonda bundan sonrakı mərhələ də, yəqin ki, Türkiyə baxımından maraq doğurur... SİPER-in “hava ilə nəfəs alan” hədəflərə qarşı təsirli olan 100+ kilometrlik mənzilə malik SİPER BLOCK I raketi hazırda inventardadır. Onun seriyalı istehsalı və tədarükləri də sürətlə davam edir. 150+ kilometrlik mənzilə malik olacaq və yenə “hava ilə nəfəs alan” hədəflərə qarşı təsir göstərəcək SİPER BLOCK II raketinin sınaq atışları isə davam edir. Onun 2027-ci ildə xidmətə qəbul ediləcəyi gözlənilir. Ballistik raketlərə qarşı təsirli olacaq SİPER BLOCK III raketinin isə 2028-2030-cu illər aralığında xidmətə daxil edilməsi planlaşdırılır.
Ardınca SİPER-in inkişaf yolu BLOCK 4 və BLOCK 5 raketləri ilə davam edəcək. Yekun olaraq, Türkiyə hava hücumundan müdafiə baxımından hazırda qabiliyyətlidir. Əsas məsələ mövcud sistemləri yayğınlaşdırmaqdır və bu da edilir. Ancaq ballistik raketdən müdafiə baxımından hazırda Türkiyənin heç bir qabiliyyəti yoxdur. Bu mənada 2028-2030-cu illər aralığı, ilkin səviyyədə Türkiyənin anti-ballistik raket qabiliyyəti qazanacağı dövr kimi önə çıxır. Beləliklə, “Polad Günbəz” “Hava və Raketdən Müdafiə Sistemi” ünvanını qazanmış olacaq.
Firuz Bağırov
Ordu.az