İnternetin gözəlliklərindən biri, eyni zamanda kabuslarından biri də odur ki, xəbərlərlə bağlı heç bir mövzu araşdırılmamış qalmır. Hadisələrin niyə baş verdiyini və nəticələrinin nə ola biləcəyini izah edən nəzəriyyə və açıqlamaların sayı-hesabı yoxdur. İrana qarşı müharibə də bu baxımdan istisna deyil. Lakin “müharibə dumanı” realdır və bu gün biz həm də münaqişə zamanı qəsdən daha da qalınlaşdırılan “informasiya dumanı” ilə qarşı-qarşıyayıq.
Bu informasiya dumanını yarmaq üçün bəzən geri çəkilib indiki hadisələrə keçmişin gözü ilə baxmaq faydalı ola bilər. Sun Tzunun “Müharibə sənəti” hələ də bu münaqişənin hansı istiqamətdə inkişaf edə biləcəyi barədə müəyyən fikir verə bilər.
Birinci fəsildə Sun Tzu izah edir ki, müharibənin nəticəsini iki əsas amil üzrə əvvəlcədən təxmin etmək olar:
hansı tərəfin daha yaxşı planlaşdırdığı və hazırlaşdığı;
hansı tərəfin qələbə üçün zəruri şərtləri daha yaxşı təmin etdiyi.
O yazır: “Döyüşdən əvvəl qalib gələn sərkərdə məbəddə çox sayda hesablamalar aparır. Məğlub olan sərkərdə isə əvvəlcədən az hesablamalar edir. Çox hesablamalar qələbəyə, az hesablamalar isə məğlubiyyətə gətirir. Bəs heç hesablamanın olmaması necə? Məhz bu məqama diqqət etməklə kimin qalib, kimin məğlub olacağını əvvəlcədən görmək olar”.
ABŞ-nin İrana qarşı müharibəyə bir neçə ay əvvəlcədən hazırlaşdığına dair bəzi əlamətlər mövcuddur. “12 günlük müharibə” bir çox müşahidəçi tərəfindən bu münaqişənin əvvəlcədən sınağı kimi şərh edilmişdi.
2025-ci ilin dekabrında ABŞ Cənubi Koreyadakı Osan Hərbi Hava Bazasıdan 1000-dən çox “Paveway” idarəolunan bomba dəstini yenidən ABŞ-yə köçürdü. 2026-cı ilin yanvarında isə ABŞ Venesuelaya reyd təşkil edərək prezidentini qaçırdı. Bəzi analitiklər bunu Fars körfəzində mümkün enerji böhranından əvvəl neft təchizatını təmin etmək cəhdi kimi qiymətləndirirlər.
Lakin eyni zamanda Vaşinqtonun tam hazır olmadığını göstərən bəzi əlamətlər də var. Donald Tramp administrasiyası ABŞ-nin Strateji Neft Ehtiyatlarını yenidən doldurmadı və regiondakı hava hücumundan müdafiə sistemləri İranla uzunmüddətli kampaniya üçün yetərli görünmür. Bundan başqa, müharibənin ümumi strateji məqsədi də aydın deyil.
Bəziləri iddia edir ki, ABŞ İrana qarşı müharibə ideyasını ən azı 2001-ci ildən düşünür. Həmin vaxt Uesli Klark demişdi ki, Corc Buş administrasiyasının planında beş il ərzində yeddi ölkəyə hücum etmək strategiyası göstərilmişdi.
Lakin bu iddia doğru olsa belə, bu daha çox geniş geosiyasi strategiyanı ifadə edir, konkret əməliyyat planını deyil. Üstəlik İraq müharibəsi göstərdi ki, belə planlar praktikada çox zaman uğursuz nəticələr verə bilər.
Digər tərəfdən, İranın belə bir münaqişəyə ən azı 1979-cu il inqilabından bəri hazırlaşdığı iddia edilə bilər. Daha konkret desək, 2003-cü ildən sonra bu hazırlıq daha sistemli xarakter alıb. Həmin vaxt Məhəmməd Əli Cəfəri, Səddam Hüseyn rejiminin sürətlə çökməsini gördükdən sonra İranın müdafiə strukturunu yenidən təşkil etdi və ABŞ kimi hərbi cəhətdən üstün rəqibə qarşı rejimin sağ qalmasını təmin etmək üçün “mozaika müdafiəsi” strategiyasını hazırladı.
Bu doktrina mərkəzsizləşdirilmiş komanda sistemi, adi hərbi qüvvələr və asimmetrik taktikanın birləşməsinə əsaslanır. Buraya “Bəsic” könüllü qüvvələri, raket sistemləri və PUA-lar daxildir və məhz bu tip strategiyanı biz bu gün baş verən hadisələrdə görürük.
Sun Tzunun birinci meyarına, yəni hansı tərəfin daha yaxşı planlaşdırıb hazırlaşdığına əsasən belə demək olar ki, hazırda müəyyən üstünlük İrana məxsusdur.
Bu qiymətləndirmə müəyyən mənada İsrail üçün də keçərlidir. İsrail iyun ayında baş verən əvvəlki döyüşlər zamanı öz strategiyasının bir hissəsini faktiki olaraq üzə çıxardı. Bundan sonra İran ölkə daxilində fəaliyyət göstərən İsrail kəşfiyyat şəbəkəsini dağıtdı.
Görünür, İsrailin əsas strategiyası ABŞ-ni birbaşa münaqişəyə cəlb etmək idi, ümid edirdi ki, Amerikanın böyük hərbi gücü müharibəni qısa zamanda həll edəcək. Lakin indiyə qədər bunun baş verdiyini demək çətindir.
Sun Tzu həmçinin qeyd edir ki, müharibənin perspektivlərini qiymətləndirərkən 5 əsas amil nəzərə alınmalıdır:
Mənəvi qanun
Göy
Yer
Sərkərdə
Metod və intizam
Bu amilləri qiymətləndirmək üçün o, yeddi sual irəli sürür:
“1. Hansı hökmdar mənəvi qanuna daha çox bağlıdır?2. Hansı sərkərdə daha bacarıqlıdır?
3. Göy və Yer amillərindən üstünlük kimə məxsusdur?
4. Hansı tərəfdə intizam daha ciddi şəkildə qorunur?
5. Hansı ordunun gücü daha böyükdür?
6. Hansı tərəfdə zabitlər və əsgərlər daha yaxşı təlim keçib?
7. Hansı orduda mükafat və cəza sistemi daha sabitdir?
Bu suallar vasitəsilə qələbə və ya məğlubiyyəti proqnozlaşdırmaq olar”.
Gəlin bu sualların hər birinə qısaca baxaq.
Mənəvi qanun
Birinci sual belədir: hansı hökmdar mənəvi qanunla daha çox uyğunluq təşkil edir?
Bəzi şərhçilər bunu hökumətin öz xalqı ilə nə qədər uyğunluq içində olması kimi izah edir. Müasir dillə desək, bu, xalqın hökuməti legitim sayıb-saymaması və müharibəni dəstəkləyib-dəstəkləməməsi deməkdir.
ABŞ-də müharibəyə dəstək cəmi 27 faiz təşkil edir. 43 faiz buna qarşıdır, 29 faiz isə qərarsızdır.
İranda isə müqayisə edilə bilən rəsmi sorğular azdır, lakin bombardmanlara baxmayaraq hökuməti və yeni ali lideri dəstəkləyən böyük nümayişlərin keçirildiyi bildirilir.
Eyni zamanda ABŞ-də MAGA hərəkatı (Prezident Donald Trampın əsas siyasi bazası) daxilində ciddi fikir ayrılıqları yaranıb. Məsələn, Taker Karlson və Stiv Bennon kimi tanınmış fiqurlar açıq şəkildə müharibəyə qarşı çıxırlar.
ABŞ hökumətinə ictimai etimad da zamanla xeyli azalıb. “Pew Research Center”in məlumatına görə, 1950-ci illərdə amerikalıların təxminən 70 faizi federal hökumətə etibar edirdi. Bu gün isə bu rəqəm təxminən 30 faizdir.
Digər tərəfdən, “Gallup” şirkətinin 2021-ci ildəki sorğusuna görə, iranlıların təxminən 59 faizi öz hökumətlərini dəstəklədiklərini bildirib, halbuki belə statistikaya ehtiyatla yanaşmaq lazımdır.
Daha önəmlisi isə odur ki, İran əhalisinin təxminən 90 faizi şiə İslamına mənsubdur və bu da siyasi rəhbərliklə cəmiyyət arasında ideoloji uyğunluq yaradır.
ABŞ-də isə təxminən 62 faiz özünü xristian hesab edir, lakin bu dini mənzərə çoxsaylı və bir-birindən fərqli dünyagörüşlü konfessiyalar arasında parçalanıb.
İsraildə isə sorğulara görə yəhudi israillilərin 93 faizi İrana qarşı müharibəni dəstəkləyir. Bu, güclü daxili dəstəyə işarə etsə də, İsrail ABŞ dəstəyi olmadan bu müharibəni davam etdirə bilməz. Bu isə həmin konsensusun strateji əhəmiyyətini müəyyən qədər azaldır.
Ümumilikdə, hər bir hökumət ayrıca qiymətləndirildikdə Sun Tzunun birinci meyarına görə İran daha yaxşı vəziyyətdə görünür.
İkinci sual belədir: hansı sərkərdə daha bacarıqlıdır?
Müqayisə üçün belə fərz edək ki, ABŞ tərəfində ən yüksək hərbi rəhbər kimi Pit Heqset, İran tərəfində isə ali liderdən sonra əsas hərbi fiqur kimi Əhməd Vahidi çıxış edir.
Əhməd Vahidi İslam İnqilabı Keşikçiləri Korpusunun ilk illərindən etibarən bu qurumun üzvüdür. O, İran-İraq müharibəsi zamanı yüksələrək mühüm kəşfiyyat və komandanlıq vəzifələri tutub.
İran dövlət mediasının məlumatına görə, o, 1988-1997-ci illərdə elit “Qüds Qüvvələri”nə rəhbərlik edib. Daha sonra isə Mahmud Əhmədinejad dövründə müdafiə naziri, İbrahim Rəisi hökumətində isə daxili işlər naziri vəzifəsində çalışıb və 2024-cü ildə vəzifədən ayrılıb.
Digər tərəfdən, Pit Heqset “Princeton University”ni bitirib, ABŞ ordusunda 16 il xidmət edib və İraq və Əfqanıstan müharibələrində iştirak edib. Daha sonra isə televiziya şərhçisi və media fiquru kimi tanınıb.
Əgər bu iki şəxsi yalnız hərbi karyera baxımından müqayisə etsək, demək olar ki, Vahidinin dövlət hərbi strukturlarında strateji təcrübəsi daha dərin ola bilər.
Üçüncü sual “Göy və Yer” amillərinin verdiyi üstünlüklərlə bağlıdır. Sun Tzu bunu belə izah edir: mövsüm, zamanlama, coğrafiya, məsafələr, ərazi və logistika kimi amillər.
Qısa və intensiv, əsasən hava hücumlarına əsaslanan müharibədə bu amillər ilkin mərhələdə ABŞ və İsrailin xeyrinə ola bilər.
Lakin müharibə uzunmüddətli olarsa, xüsusilə logistika və coğrafiya baxımından üstünlük İrana keçə bilər.
Bu, xüsusilə müharibənin iqtisadi tərəfi nəzərə alınanda daha aydın görünür. Uzunmüddətli hərbi əməliyyatların maddi xərcləri və beynəlxalq ticarətin pozulması ABŞ və İsrailə daha ağır təsir edə bilər. İran isə onilliklər boyu sanksiyalar və iqtisadi təcrid şəraitinə uyğunlaşmış iqtisadiyyata malikdir.
Qalan suallar (orduda intizam, hərbi güc, zabit və əsgərlərin hazırlığı, mükafat və cəza sisteminin sabitliyi) Sun Tzunun beşinci amili olan metod və intizam anlayışına daxildir.
Sun Tzu bunu belə izah edir: ordunun təşkilatlanması, komanda iyerarxiyası, təchizat xətlərinin qorunması və hərbi xərclərin idarə olunması.
Təchizat və iqtisadi davamlılıq məsələsinə baxsaq, müəyyən üstünlüklərin yenə də İrana məxsus olduğunu demək olar. Çünki İran öz ərazisini müdafiə edir və bu, logistikanı xeyli sadələşdirir.
Digər tərəfdən, İranın istifadə etdiyi asimmetrik strategiya ABŞ və İsrail üçün böyük iqtisadi xərclər yarada bilər. Bu ölkələrin iqtisadiyyatı qlobal ticarət şəbəkələrindən daha çox asılıdır.
Bunun ən açıq nümunələrindən biri Hörmüz boğazıdır.
İran güclü donanmaya malik olmasa belə, nisbətən ucuz dəniz PUA-ları vasitəsilə burada gəmiçiliyi pozaraq ABŞ donanması üçün ciddi problemlər yarada bilər. Fars körfəzinin dar suları belə əməliyyatları daha çətin edir.
Məhz buna görə də neft tankerlərini hərbi müşayiətlə qorumaq kimi təkliflər indiyə qədər qəbul edilməyib.
Biz strateq deyilik və qalan suallara qəti cavab vermək mənim üçün çətindir: hansı tərəfdə intizam daha effektiv tətbiq olunur, hansı ordunun hazırlığı daha yaxşıdır və hansı tərəfdə mükafat və cəza sistemi daha sabitdir.
Lakin belə ehtimal etmək olar ki, İran ordusu çox vaxt güman edildiyindən daha güclü müqayisə oluna bilər, xüsusilə də ABŞ ordusunun elit bölmələrindən kənar hissələri ilə müqayisədə.
Hansı ordu daha güclüdür?
Son sual belədir: hansı ordu daha güclüdür?
Ənənəvi hərbi baxımdan ABŞ açıq şəkildə üstünlüyə malikdir. Onun hərbi büdcəsi, texnologiyası və qlobal hərbi mövcudluğu digər ölkələrlə müqayisədə çox böyükdür.
Lakin bu amil digər amillərlə birlikdə qiymətləndirildikdə, konkret bu münaqişədə həlledici olmaya bilər.
Bəziləri iddia edə bilər ki, Sun Tzunun “Müharibə sənəti”ndəki prinsiplər müasir müharibələr üçün artıq köhnəlib. Axı müasir texnologiya, raketlər, PUA-lar və kibermüharibə qədim dövrlərlə müqayisədə tam fərqli reallıq yaradıb.
Amma doğrudanmı belədir?
Tarix göstərir ki, bir çox qədim strateji prinsiplər hələ də aktuallığını qoruyur. Müasir müharibələrdə texnologiya dəyişsə də, strategiya, logistika, siyasi legitimlik və ictimai dəstək kimi əsas amillər hələ də həlledici rol oynayır.
Bu baxımdan Sun Tzunun yazdıqları bu gün də müharibələrin gedişini anlamaq üçün faydalı çərçivə təqdim edə bilər.
Firuz Bağırov
Ordu.az