Bu fonun üzərindən indi İranın Ermənistandakı səfiri Xəlil Şirğolaminin “Şant” telekanalına verdiyi müsahibəni oxuyaq. Səfir deyir “Naxçıvana PUA vurmağımız üçün heç bir səbəb yox idi. Əgər belə bir qərar olsaydı, dəqiq vurardıq, necə ki bəzi Amerika bazalarını və İsraili vurduq”. Daha sonra əlavə edir “Bu hadisə şübhəli idi. Azərbaycanın reaksiyası isə qeyri-mütənasib və qeyri-dostcasına idi”.
Gəlin bu sözləri cümlə-cümlə təhlil edək, çünki hər birinin arxasında ya açıq yalan, ya strateji ziddiyyət, ya da diplomatik absurd dayanır.
Birinci iddia “Vurmağımız üçün heç bir səbəb yox idi”. Bu cümlə formal inkar formatında verilmiş boş ifadədir. Dövlətlər başqa dövlətlərə hücum etdikdə bunu adətən elan etmirlər, çünki elan beynəlxalq hüquqi məsuliyyətin qəbulu deməkdir. İranın Naxçıvan hücumunu inkar etməsi gözlənilən diplomatik davranışdır. Lakin inkarın inandırıcılığı sübutların gücü ilə ölçülür. PUA-ların İran ərazisindən, İran sərhədindən cəmi on kilometr məsafədəki Naxçıvan hava limanına doğru uçması, qırıntıların texniki ekspertizasında İran istehsalı komponentlərin aşkar edilməsi, mühərrik tipinin müəyyən edilməsi, uçuş istiqamətinin İran ərazisindən gəlməsi, bütün bunlar fiziki sübutlardır. Buna qarşı İranın təqdim etdiyi sübut “səbəbimiz yox idi” cümləsindən ibarətdir. Fiziki sübut ilə şifahi inkar arasında seçim etmək hərbi-texniki ekspertiza tələb etmir, adi məntiq kifayətdir.
İkinci iddia “Əgər belə bir qərar olsaydı, dəqiq vurardıq, necə ki bəzi Amerika bazalarını və İsraili vurduq”. Bu cümlə səfirin bəyanatının ən maraqlı və eyni zamanda ən zəif hissəsidir. Gəlin bunu parçalayaq.
Səfir İranın dəqiq zərbə qabiliyyətini sübut etmək üçün ABŞ bazalarına və İsrailə endirdiyi zərbələri nümunə gətirir. Yaxşı, gəlin o zərbələrə baxaq. İranın ABŞ bazalarına, konkret olaraq İraqdakı “Eyn əl-Əsəd” bazasına, 2020-ci il yanvarında endirdiyi raket zərbəsində onlarla ballistik raket istifadə olunmuşdu. Nəticə bazanın bəzi infrastruktur obyektləri zədələndi, lakin heç bir amerikalı hərbçi həlak olmadı. ABŞ Müdafiə Nazirliyi rəsmi olaraq təsdiqlədi ki, raketlərin əksəriyyəti ya hədəfdən kənara düşüb, ya da boş əraziyə enib. Bu, İranın “dəqiq zərbə” imkanının nümunəsidirsə, onda bu nümunə tezisi deyil, əksinə onu təkzib edir. İsrailə endirdiyi zərbələrə gəldikdə isə İranın kütləvi raket və PUA hücumları zamanı İsrailin çoxtəbəqəli hava hücumundan müdafiə sistemi hücum vasitələrinin böyük əksəriyyətinin qarşısını aldı. Hədəfə çatan vasitələrin sayı buraxılanların ümumi sayı ilə müqayisədə son dərəcə aşağı idi. Əgər bu, “dəqiq zərbə” nümunəsidirsə, onda İranın “dəqiqlik” anlayışı ilə hərb elminin “dəqiqlik” anlayışı arasında ciddi terminoloji uçurum var.
Lakin səfirin bu cümləsinin ən böyük problemi onun öz inkarını təkzib etməsidir. Diqqətlə oxuyaq “Əgər belə bir qərar olsaydı, dəqiq vurardıq”. Səfir bu cümlə ilə nə demək istəyir. O demək istəyir ki, İranın Naxçıvana dəqiq zərbə endirmək imkanı var, lakin “belə qərar olmayıb”. Başqa sözlə, səfir İranın texniki qabiliyyətini təsdiqləyir və yalnız niyyətin olmadığını iddia edir. Lakin hava limanından 10 kilometr məsafədə, İran sərhədinin birbaşa yaxınlığında, İran istehsalı komponentlərlə təchiz olunmuş PUA-lar İran ərazisindən uçub gəlibsə, bu PUA-ları kim göndərib. Səfirin məntiqinə görə İran deyil, çünki “İran dəqiq vurardı”. Bəs onda Naxçıvana düşən PUA-lar havadan tökülüb? Öz-özünə yaranıb? Sərhədin o tayından küləklə gəlib?
Üstəlik, səfirin “dəqiq vurardıq” iddiasını Naxçıvan hadisəsinin özü təkzib edir. 4 PUA-dan biri Azərbaycan qüvvələri tərəfindən vuruldu, yəni hədəfə çatmadı. Məktəbə yönəldilmiş PUA binaya deyil, yaxınlığa düşdü, yəni hədəfi vura bilmədi. 4 PUA-dan 2-si nisbətən hədəfə yaxın düşsə də, heç biri strateji mənada uğurlu zərbə endirə bilmədi. Əgər bu, İranın “dəqiq vurmamaq” qərarının nəticəsidirsə, onda İran bilərəkdən məktəbin yanına, hava limanının yaxınlığına vurub. Bilərəkdən 4 dinc vətəndaşı yaralayıb. Bu məntiq özü-özünü inkar edən absurddur.
Üçüncü iddia “Azərbaycanın reaksiyası qeyri-mütənasib və qeyri-dostcasına idi”. Bu cümlə bəyanatın ən həyasız hissəsidir. Gəlin bunu kontekstə qoyaq. İranın ərazisindən PUA göndərilir. Hədəf mülki infrastruktur, o cümlədən uşaqların olduğu məktəb. Vətəndaşlar yaralanır. Və İranın səfiri, hücum edən tərəfin diplomatik nümayəndəsi çıxıb deyir ki, hücuma məruz qalan tərəfin reaksiyası “qeyri-mütənasib” olub. Gəlin soruşaq mütənasib reaksiya nə olmalı idi? Susmaq? Üzr istəmək? Təşəkkür etmək? Hansı dövlət öz məktəbinə PUA düşdükdən sonra sakit oturur? Hansı prezident öz vətəndaşları yaralandıqdan sonra Təhlükəsizlik Şurasını çağırmır?
Səfirin “qeyri-dostcasına” sözü isə ayrıca diqqətəlayiqdir. Dostluq qarşılıqlı anlayışdır. Dostluq tərəflərdən birinin digərinin məktəbinə PUA göndərməməsi, hava limanını hədəf almaması, mülki əhalini yaralamamasıdır. Azərbaycan dostluğun nə olduğunu əməli şəkildə göstərdi. Hücumdan 3 gün sonra, öz məktəbi hədəf alınmış, öz vətəndaşları yaralanmış halda İrana 30 ton humanitar yardım göndərdi. Un, düyü, şəkər, su, dərman. Məktəbinə PUA düşən ölkə PUA göndərən ölkənin xalqına çörək göndərir. Bu, dostluqdur. İranın Ermənistandakı səfirinin Bakının reaksiyasını “qeyri-dostcasına” adlandırmağa mənəvi haqqı yoxdur, çünki dostluğun nə olduğunu bu hadisədə yalnız bir tərəf nümayiş etdirdi və o tərəf Azərbaycandır.
Dördüncü məqam səfirin bu bəyanatı niyə İrəvandan verdiyidir. İranın Bakıdakı səfirliyi mövcuddur, İranın Azərbaycanla birbaşa diplomatik kanalları açıqdır, Pezeşkianın özü İlham Əliyevlə telefon danışığı aparıb. Lakin İranın Azərbaycana ünvanladığı ən sərt, ən hədələyici, ən təhqiredici bəyanatlar, SEPAH sözçüsünün ultimatumu, Laricaninin şərtli xəbərdarlığı, indi isə səfirin “dəqiq vurardıq” çıxışı, ya Tehrandan, ya da İrəvandan səsləndirilir. Niyə? Çünki Bakıda bu sözləri demək diplomatik nəticə doğurur. Bakıda oturub “dəqiq vurardıq” demək “persona non grata” elan olunmaq riskidir. İrəvanda oturub eyni sözü demək isə daha rahatdır, həm İranın daxili auditoriyasına “biz güclüyük” mesajı verilir, həm birbaşa diplomatik nəticə riski azalır, həm də ən vacib nüans, Ermənistan ictimaiyyətinə “biz sizin tərəfinizdəyik” siqnalı ötürülür. Bu, diplomatiya deyil, üçüncü ölkənin platformasından siyasi manipulyasiyadır.
Bütün bu təhlili yekunlaşdırarkən ortaya çıxan mənzərə budur. İranın Ermənistandakı səfiri beş dəqiqəlik müsahibə ərzində öz ölkəsinin mövqeyindəki bütün ziddiyyətləri üzə çıxardı. “Vurmamışıq” deyir, amma PUA-lar İran ərazisindən gəlib. “Vursaydıq, dəqiq vurardıq” deyir, amma nümunə göstərdiyi “dəqiq zərbələr” hərbi mənada fiasko olub. “Dəqiq vurardıq” deyir, amma məktəbin yanına düşüb. “Reaksiya qeyri-mütənasib idi” deyir, amma reaksiya verən tərəf eyni zamanda humanitar yardım göndərib. “Qeyri-dostcasına idi” deyir, amma dostcasına olan tərəf çörək göndərən tərəfdir, PUA göndərən tərəf deyil.
Səfir cənablarına bir şeyi xatırlatmaq lazımdır. Azərbaycan 30 il torpaqları işğal altında qalmış, öz gücü ilə azad etmiş, regionun ən güclü ordusunu quran, müharibədə qalib gələn dövlətdir. Bu dövlət nə hədəyə boyun əyir, nə təhqirə susur, nə də öz vətəndaşlarının qanını unudur. Azərbaycan İrana humanitar yardım göndərdi, çünki Azərbaycanın İran xalqı ilə problemi yoxdur. Lakin Azərbaycanın məktəbinə PUA göndərənlərlə, sonra da “dəqiq vurardıq” deyə lovğalananlarla çox ciddi problemi var. Və bu problem cavabsız qalmayacaq.
Aqil Məmmədov
Ordu.az