SEPAH-dan Kompensator Davranış: Çoxcəbhəli Mühasirədə İranın Azərbaycana Psixoloji Təzyiq Cəhdi (ANALİZ)

2026/03/1772979699.jpg
Oxunub: 1463     18:08     08 Mart 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Xatəmül-Ənbiya” hava hücumundan müdafiə qərargahının sözçüsünün Azərbaycan Respublikasına ünvanladığı bəyanat forma etibarilə hərbi xəbərdarlıq, məzmun etibarilə isə strateji zəifliyin etirafıdır. Bu açıqlamanı düzgün qiymətləndirmək üçün əvvəlcə onun kim tərəfindən, hansı strukturdan, hansı kontekstdə və hansı hərbi-siyasi şəraitdə verildiyini dəqiq anlamaq lazımdır. Yalnız bundan sonra bəyanatın arxasında duran həqiqi mesajı və həqiqi zəifliyi görmək mümkündür.

“Xatəmül-Ənbiya” qərargahı İran Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sahəsindəki ən ali komanda strukturudur. Bu qərargah İranın bütün hava məkanına nəzarəti, radiolokasiya şəbəkəsinin koordinasiyasını, ballistik raketlərə və Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı müdafiə tədbirlərinin planlaşdırılmasını həyata keçirir. Həm ənənəvi ordunun, həm də SEPAH-ın hava hücumundan müdafiə komponentləri bu qərargahın vahid komandanlığı altında fəaliyyət göstərir. Sadə dillə desək, bu, İranın səmasını qoruyan baş beyindir. Belə bir strukturun sözçüsünün siyasi məzmunlu ultimatum verməsi adi diplomatik nota deyil, hərbi-siyasi elitanın birbaşa mesajıdır. Bu mesajın ağırlığını inkar etmək olmaz, lakin onun arxasındakı hərbi reallığı da gizlətmək mümkün deyil.

Bəyanatın verildiyi tarix və kontekst isə onun mahiyyətini tamamilə başqa işıqda göstərir. İran bu sözləri rahat kabinet arxasından, güc mövqeyindən deyil, bir həftədir ABŞ və İsrailin birbaşa hərbi zərbələri altında olan, hava hücumundan müdafiə infrastrukturu ciddi zədə almış, Körfəz ölkələrinə cavab zərbələri endirməyə məcbur qalmış, yəni eyni anda bir neçə cəbhədə müharibə aparan bir dövlətin içindən səsləndirir. Üstəlik, cəmi iki gün əvvəl, martın beşində həmin bu dövlətin ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına 4 kamikadze tipli PUA göndərilib, mülki infrastruktur (hava limanı və dərs prosesi davam edən orta məktəb) hədəf alınıb, dörd dinc vətəndaş yaralanıb. İran prezidenti Pezeşkian isə martın 7-də “qonşu ölkələrə daha hücum olmayacaq” bəyanatı verib, yəni faktiki olaraq hücumun baş verdiyini dolayısı ilə etiraf edib. Və indi həmin hücumdan sonra, həmin etirafdan sonra, SEPAH-ın hava müdafiə qərargahı Azərbaycana “sionistləri çıxarın” deyir. Bu xronologiyanı diqqətlə izləmək lazımdır, çünki o, bəyanatın həqiqi motivini açıq şəkildə üzə çıxarır.

Hərbi-strateji baxımdan İranın hazırkı vəziyyəti klassik çoxcəbhəli mühasirə ssenarisinə uyğun gəlir. Cənub-qərb istiqamətində ABŞ hərbi qüvvələri ilə birbaşa qarşıdurma, qərb istiqamətində İsrailin hava zərbələri, cənub istiqamətində Körfəz dövlətləri ilə gərginlik fonunda İran Silahlı Qüvvələri eyni anda üç əsas strateji istiqamətdə döyüş fəaliyyəti göstərməyə məcburdur. Hərbi planlaşdırmanın ən fundamental prinsiplərindən biri budur ki, qüvvələrin əsas kütləsi bir-iki prioritet istiqamətdə cəmləşdirilməlidir. Qüvvələrin çoxsaylı istiqamətlərə səpələnməsi (hərbi terminologiya ilə desək, “qüvvələrin dispersiyası”) müdafiənin hər bir istiqamətdə zəifləməsinə gətirib çıxarır. İran hazırda məhz bu vəziyyətdədir: mövcud hərbi resurslar artıq kifayət qədər gərgin şəkildə istifadə olunur. Belə bir şəraitdə şimal istiqamətində, yəni Azərbaycan sərhədində yeni bir hərbi cəbhə açmaq İran üçün əməliyyat baxımından son dərəcə riskli, logistik baxımdan çətin, strateji baxımdan isə fəlakətli olardı.

Və məhz buna görə SEPAH silah əvəzinə söz seçir. “Sionistləri çıxarın” ultimatumu raket deyil, çünki raket üçün resurs lazımdır və həmin resurslar hazırda başqa istiqamətlərdə xərclənir. Bu, hərbi güc proyeksiyasının əvəzinə informasiya-psixoloji təsir vasitəsindən istifadədir: əsl gücün çatışmadığı yerdə təhdid ritorikası ilə boşluğu doldurmaq cəhdi. Hərbi elmdə bu, klassik “kompensator davranış” adlanır, bu, real hərbi imkanlar konkret istiqamətdə məhdud olduqda, ritorik eskalasiya ilə qarşı tərəfə psixoloji təzyiq göstərmək strategiyasıdır.

İndi isə bəyanatın məzmununa, “sionistləri Azərbaycandan çıxarın” tələbinə keçək. Bu ifadənin hərbi-strateji təhlili bir neçə vacib nüansı üzə çıxarır. Birincisi, Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı suveren dövlətin beynəlxalq hüquqdan irəli gələn müstəqil qərarıdır. Bu əməkdaşlıq çərçivəsində əldə olunan müasir PUA-lar, yüksək dəqiqlikli silah sistemləri, hava hücumundan müdafiə texnologiyaları və kəşfiyyat vasitələri Azərbaycan ordusunun döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. İkinci Qarabağ müharibəsindəki nəticə bunu aydın şəkildə nümayiş etdirdi. SEPAH-ın bu əməkdaşlığı “təhlükə” kimi təqdim etməsi əslində İranın özü üçün yaranan hərbi balansın dəyişməsindən duyduğu narahatlığın ifadəsidir. Başqa sözlə, SEPAH Azərbaycana “öz təhlükəsizliyinizi zəiflətdin” deyir, halbuki əsl narahatlıq İranın öz hərbi üstünlük iddiasının itirilməsidir.

İkincisi, bəyanatda Azərbaycan “dost, qonşu və müsəlman ölkəsi” kimi xarakterizə olunur. Bu, martın beşində həmin “dost və qonşu” ölkənin məktəbinə PUA göndərən dövlətin dilindən səsləndikdə, diplomatik nəzakət deyil, açıq istehzadır, ya da daha pis halda, strateji ikili standartdır. Dövlət ya dostdur və onun mülki infrastrukturunu vurmursan, ya da hərbi hədəfdir və o zaman “dostluq” ritorikasını kənara qoyursan. Hər ikisini eyni anda etmək, həm PUA göndərmək, həm “dost” adlandırmaq yalnız ziddiyyətin dərinliyini göstərir.

Üçüncüsü və bəlkə də ən əhəmiyyətlisi bəyanatın verildiyi zamandır. İran ABŞ və İsraillə döyüşdə olduğu, hava müdafiə sistemi zərbələr aldığı, ölkənin hərbi potensialının ciddi sınağa çəkildiyi bir anda niyə Azərbaycana üz tutur? Cavab sadədir: diqqət yayındırma. Hərbi-informasiya əməliyyatlarında klassik üsullardan biri, əsas cəbhədəki uğursuzluqları ikinci dərəcəli istiqamətdə yaranan “təhdidlər” ilə örtməkdir. Daxili auditoriyaya “biz hər tərəfdən düşmənlə əhatə olunmuşuq, Azərbaycan da sionistlərlə əməkdaşlıq edir” mesajı vermək ABŞ və İsrailin zərbələri altında artan ictimai narazılığı xarici düşmən obrazı ilə neytrallaşdırmaq cəhdidir.

Azərbaycanın bu bəyanata cavabı isə artıq əməli müstəvidədir. Ordunun tam döyüş hazırlığına gətirilməsi, Prezidentin hadisəni terror aktı kimi tövsif etməsi və Təhlükəsizlik Şurasının fövqəladə iclası, bunlar ritorik deyil, hərbi-siyasi tədbirlərdir. Azərbaycanın son illərdə həyata keçirdiyi hərbi modernizasiya proqramı, İsrail və Türkiyə ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə olunan müasir silah sistemləri, PUA texnologiyaları, radioelektron mübarizə vasitələri və çoxtəbəqəli hava hücumundan müdafiə arxitekturası, bütün bunlar konkret döyüş qabiliyyətidir, söz deyil. Bundan əlavə, İran-Azərbaycan sərhədi boyunca uzanan dağlıq relyef genişmiqyaslı quru əməliyyatları üçün ciddi maneə yaradır. Hücum edən tərəf üçün təchizat xətlərinin qorunması, qoşunların manevri və logistik təminat bu ərazidə son dərəcə çətindir. İranın artıq üç istiqamətdə döyüş apardığı şəraitdə dördüncü, özü də coğrafi cəhətdən ən mürəkkəb istiqamətdə əməliyyata başlamağı intihar ssenarisi olardı.

Nəticə olaraq, SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahının Azərbaycana ünvanladığı bəyanat hərbi güc proyeksiyası deyil, hərbi güc çatışmazlığının kompensasiya cəhdidir. Real raketlər ABŞ və İsrailə cavab vermək üçün xərclənir, real hava hücumundan müdafiə resursları üç cəbhəni eyni anda örtməyə çalışır, real logistik imkanlar həddindən artıq gərilib. Belə bir anda Azərbaycana ultimatum vermək, güc deyil, acizlikdir. Əsgər meydanda vuruşa bilmədikdə qışqırır. Bu bəyanat da, SEPAH-ın qışqırığıdır. Azərbaycan isə qışqırığa deyil, əməli təhdidə cavab verən, sərhədlərini qoruyan və ordusunu hazır saxlayan dövlətdir. Fərq, məhz bundadır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Xatəmül-Ənbiya   Azərbaycan   İran  


Bizi "telegram"da izləyin