“Dimona”: İsrailin nüvə obyektləri barədə bilinməli olanlar

2026/03/1772907004.jpg
Oxunub: 880     22:07     07 Mart 2026    
ABŞ və İsrailin İrana hücumları nəticəsində ölənlərin sayının 1000-i keçdiyi bildirilən və artıq bölgənin “qırmızı xətlərini” yenidən müəyyən edən müharibə fonunda Tehran Yaxın Şərqin ən həssas strateji obyektlərindən birini gərginlik tənliyinə daxil edib: İsrailin “Dimona” nüvə obyekti.

İranın yüksək rütbəli hərbi rəsmisi İranın “Iran Nuances” adlı saytına bildirib, daha sonra bu məlumat İranın yarı rəsmi ISNA xəbər agentliyi tərəfindən də yayılıb ki, əgər ABŞ və İsrail praktikada “rejim dəyişikliyi” ssenarisini həyata keçirsə, Tehranın “son təsirli raketləri “Dimona” nüvə reaktorunu və bölgədəki bütün enerji infrastrukturunu hədəfə alacaq”. O qeyd edib: “Bu, artıq hazırlaşdığımız bir ssenaridir”.

İran buna cavab olaraq İsraili və ABŞ hərbi obyektlərinin yerləşdiyi Körfəz ölkələrini hədəfə alan pilotsuz aparat və raket hücumlarının dalğaları ilə qarşılıq verib. Bu isə daha geniş regional müharibə ehtimalları ilə bağlı narahatlıqları artırıb.

Bu xəbərdarlıq regional böhranlar zamanı çox vaxt səssiz qalan bir sıra sualları yenidən gündəmə gətirib: “Dimona” nədir, niyə İsrailin nüvə imkanlarının əsas dayağı hesab olunur və onun gizli saxlanması artıq müharibə ilə əhatə olunmuş bir bölgədə çəkindirmə siyasətinin formalaşmasına necə təsir edir?

İsrailin ən ciddi qorunan obyekti

Rəsmi adı Şimon Peres Negev Nüvə Tədqiqat Mərkəzi olan və media ilə ictimai müzakirələrdə adətən “Dimona” reaktoru kimi tanınan bu obyekt İsrailin nüvə proqramının ən mühüm dayağı hesab olunur.

O, İsrailin cənubunda yerləşən Negev səhrasının dərinliyində, böyük yaşayış məntəqələrindən uzaqda yerləşir. Obyekt “Dimona” şəhərindən təxminən 13 kilometr, Qüdsdən isə təxminən 90 kilometr məsafədədir.

İsrail 2018-ci ildə bu obyekti keçmiş Baş nazir Şimon Peresin şərəfinə yenidən adlandırıb. İsraildə geniş şəkildə hesab olunur ki, Şimon Peres ölkənin nüvə proqramının inkişafında mühüm rol oynayıb.

Obyektin plan quruluşu onun ciddi şəkildə qorunduğunu göstərir.

Mövcud məlumatlara görə, obyekt təxminən 36 kvadrat kilometr ərazidə yerləşən 10 binadan ibarətdir və elektrikləşdirilmiş hasarlar, patrul yolları və zenit-raket sistemləri ilə əhatə olunub.

Burada həmçinin onilliklər əvvəldən qalan səkkiz yeraltı laboratoriya mövcuddur, təxminən 2700 alim və texnikin burada çalışdığı güman edilir.

“Tədqiqat”dan silah səviyyəli imkanlara

İsrailin “Dimona” istiqamətində addımları dövlətin ilk illərinə gedib çıxır.

1948-ci il hadisələrindən sonra İsrail 1950-ci illərdə nüvə proqramının əsasını qoymağa başlayıb və 1952-ci ildə İsrail Atom Enerjisi Komissiyasını yaradıb.

1957-ci ildə Fransa İsrailə dəstək və razılıq verərək ona ağır su ilə işləyən, təzyiq altında fəaliyyət göstərən reaktor təqdim edib. “Dimona” reaktoru təxminən 1963-cü ildə fəaliyyətə başlayıb və onun gücünün 26 meqavat olduğu bildirilir.

Obyektin əhəmiyyətinin mərkəzində nüvə yanacağı ilə işləmə rolu dayanır.

“Dimona”da istifadə olunmuş nüvə yanacağı emal edilir və bu proses atom bombasının hazırlanmasının ilk mərhələsi kimi təsvir olunur. Daha sonra bu yanacaq başqa yerlərə daşınaraq saxlanılır və ya raketlərə yerləşdirilir.

1967-ci ilə qədər ABŞ Dövlət Departamentinin Kəşfiyyat və Araşdırmalar Bürosuna istinad edilən məlumatlarda uranın yenidən emalı və silah üçün istifadə oluna bilən plutonium istehsalı ilə bağlı obyektin mövcudluğu göstərilirdi və nəticə olaraq İsrailin artıq nüvə bombasına sahib olduğu qənaətinə gəlinmişdi.

Vanunu və gizlilik mexanizmi

“Dimona” reaktorunun beynəlxalq səviyyədə tanınması 1986-cı ilin oktyabr ayında israilli nüvə texniki Mordexay Vanununun bu reaktor barədə məlumatları ictimaiyyətə açıqlaması ilə kəskin şəkildə dəyişdi.

Obyektdə çalışmış keçmiş texnik olan Vanunu burada işlədiyi dövrdə gizli şəkildə çəkdiyi fotoşəkilləri, sənədləri və ətraflı məlumatları “Sunday Times” qəzetinə təqdim etmişdi və bununla da İsrailin nüvə imkanları ilə bağlı uzun illərdir mövcud olan beynəlxalq şübhələri daha da gücləndirmişdi.

Onilliklər boyu davam edən fərziyyələrə baxmayaraq, İsrail qeyri-müəyyənlik siyasətini qoruyub saxlayıb.

İsrail 1960-cı ilə qədər nüvə silahına sahib olub-olmaması ilə bağlı ictimai açıqlama verməmişdi. Həmin ildə İsrail parlamenti “Dimona” reaktorunun mövcudluğunu təsdiqləsə də, onun yalnız sülh məqsədli tədqiqatlar üçün tikildiyini bildirmişdi.

1960-cı illərdə ABŞ müfəttişləri obyekti ziyarət etmiş, Beynəlxalq Atom Enerjisi Agentliyi də yoxlamalar aparmışdı. Lakin məlumatlara görə, müfəttişlər İsrailin gizlətdiyi iddia olunan aşağı səviyyəli yeraltı bölmələri aşkar etməmişdilər. Daha sonra isə yoxlamalar tamamilə dayandırılmışdı.

Davam edən fəaliyyət əlamətləri

“Dimona”da baş verən proseslər gizli qalsa da, son illərdə obyekt yenidən diqqət mərkəzinə düşüb.

2021-ci ildə yayımlanan xəbərlər və peyk görüntüləri reaktorun hələ də aktiv olduğunu göstərmiş və obyektin daxilində və ətrafında geniş tikinti və qazıntı işlərinin aparıldığını ortaya qoymuşdu.

Bu məlumatlarda həmçinin beton əsaslı iki düzbucaqlı çuxurda yerləşdirilmiş qutuların görüldüyü və bunun nüvə tullantılarının basdırılması üçün istifadə oluna biləcəyi ehtimalı qeyd olunmuşdu.

“Dimona” nüvə materiallarının istehsal dövrü ilə də əlaqələndirilir.

Reaktorun hər il təxminən 9 kiloqram plutonium istehsal edə bildiyi bildirilir. Bu miqdar təxminən 20 kiloton partlayış gücünə malik bir nüvə bombasının hazırlanması üçün kifayət hesab olunur.

İstifadə olunmuş yanacaqdan ayrılan plutonium xüsusi obyektlərdə ayrılır və daha sonra saxlanıla və ya raketlərlə daşınmaq üçün nüvə başlıqlarında istifadə oluna bilər.

İsrailin malik olduğu ehtimal edilən arsenal

“Dimona”nın gizli saxlanılması İsrailin beynəlxalq nüvə rejimlərinə münasibəti ilə də sıx bağlıdır.

İsrail Nüvə Silahlarının Qadağan Edilməsi Müqaviləsini imzalamaqdan imtina edir və bir çox digər ölkələrə tətbiq olunan əsas nüvə silahlarının yayılmaması çərçivələrindən kənarda qalır. Bu isə bölgədə selektiv yanaşma ilə bağlı mübahisələri tez-tez yenidən gündəmə gətirir.

1996-cı ildə İsrail Nüvə Sınaqlarının Tam Qadağan Edilməsi Müqaviləsini imzalasa da, onu heç vaxt ratifikasiya etməyib.

1979-cu ildə isə Cənubi Atlantik okeanı üzərində qeydə alınan sirli “ikiqat işıq parıltısı” gizli nüvə sınağı şübhələrini doğurmuşdu və bunun İsrail ilə aparteid dövründəki Cənubi Afrika arasında həyata keçirildiyi iddia edilmişdi. Bu hadisə heç vaxt təsdiqlənməyib və İsrail də bunu təkzib etməyib.

Rəsmi təsdiq olmadığından İsrailin nüvə arsenalı ilə bağlı məlumatlar əsasən təxminlərə əsaslanır.

Bununla belə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu 2025-ci ilin iyun ayında İsraili nüvə silahına malik dövlətlər siyahısına daxil edib və ölkənin 80-dən çox nüvə başlığına sahib olduğunu qiymətləndirib.

İnstitutun illik hesabatına görə, bunların təxminən 30-u F-15 və F-16 təyyarələri ilə daşına bilən hava bombalarıdır. Bundan əlavə, İsrailin təxminən 50 ədəd uzun mənzilli Jericho-2 ballistik raketi olduğu bildirilir. Hesabatda həmçinin qeyd olunur ki, İsrailin ehtiyatında 200-ə qədər nüvə başlığı hazırlamaq üçün kifayət qədər bölünə bilən nüvə materialı mövcuddur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dimona   İsrail  


Bizi "telegram"da izləyin