Niyə İranın ballistik raket buraxılışları azalır? (ANALİZ)

2026/03/1772781184.jpg
Oxunub: 757     11:12     06 Mart 2026    
ABŞ Mərkəzi Komandanlığının yaydığı görüntüdən bir kadr ABŞ qüvvələrinin İranın mobil raket buraxılış qurğusunu hədəfə aldığını göstərir.

ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı döyüş əməliyyatlarına başladıqdan sonra Tehran qonşularına yüzlərlə raket və pilotsuz uçuş aparatı ilə hücum edib. İlkin hücumların miqyasına və amerikalılara, israillilərə və ərəblərə vurduğu ziyana baxmayaraq, İranın gündəlik ballistik raket hücumlarının sayı zaman keçdikcə azalır.

Bu azalma ehtimal ki, bir neçə amilin birləşməsi ilə izah olunur. Bunlara ABŞ və İsrailin İranın ballistik raket ehtiyatlarına, buraxılış qurğularına və obyektlərinə qarşı davam edən zərbə kampaniyasının effektivliyi, İran operatorlarının ABŞ və İsrail təyyarələri tərəfindən aşkar edilərək məhv edilmə riski, Tehran rejiminin uzunmüddətli münaqişə üçün raketləri qorumaq və müharibə bitdikdən sonra etibarlı çəkindiricilik imkanını saxlamaq məqsədilə ehtiyatlı istifadə siyasəti yürütməsi, eləcə də ötən ilin iyununda İsraillə baş verən 12 günlük müharibədə İranın əvvəlcədən sərf etdiyi və itirdiyi raketlər daxildir.

Şübhəsiz ki, İranın son raket və pilotsuz uçuş aparatı hücumlarının təsiri böyük olub. Tehran region boyunca hərbi obyektlərə və mülki hədəflərə 500-dən çox ballistik raket və 2000-dən artıq pilotsuz uçuş aparatı atıb. Hücumlar Bəhreyn, İordaniya, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Türkiyə və İsraildəki hədəfləri əhatə edib. ABŞ və tərəfdaşlarının geniş hava və raket müdafiə səylərinə baxmayaraq, İran raketləri və pilotsuz uçuş aparatları Yaxın Şərqdə, o cümlədən ABŞ hərbi bazalarında hədəfləri vurub. Martın 2-si günortaya qədər İranın cavab hücumları nəticəsində altı ABŞ hərbçisi həlak olub, ən azı 18 nəfər yaralanıb.

2024-cü ilin aprelindən etibarən baş verən münaqişələrdə İranın istifadə etdiyi ballistik raketlərin sayı artıb. Rejim hava hücumundan müdafiə sistemlərini daha çox yükləmək üçün təcrübə toplayıb və taktikasını dəyişib. 2024-cü ilin aprelində İsraillə münaqişə zamanı İran təxminən 120 raket buraxmışdı. 2024-cü ilin oktyabrındakı münaqişədə isə 200-dən çox ballistik raket istifadə edilmişdi. Bu rəqəmlərin hər ikisi 24 saatdan az müddətdə qeydə alınmışdı. 2025-ci ilin iyununda İranla İsrail arasında baş verən 12 günlük müharibə zamanı isə Tehran təxminən 550 ballistik raket buraxmışdı.

Başqa sözlə, hazırkı müharibənin ilk dörd günündə buraxılan raketlərin sayı əvvəlki münaqişənin 12 günü ərzində atılan raketlərin sayına yaxın olub. Buna baxmayaraq, rejimin bu müharibəni mövcudluğu üçün təhlükə kimi gördüyü ehtimal olunsa da, İranın ballistik raket buraxılışlarının tempi gözləniləndən aşağıdır.

Lakin bu ümumi rəqəmlər başqa bir reallığı gizlətməməlidir. Bu münaqişədə istifadə olunan ümumi raket sayı artıq 12 günlük müharibədəki göstəricini keçib və ya qısa müddətdə keçəcək. Bununla belə ilkin məlumatlar göstərir ki, döyüşlərin başlanmasından sonra İranın gündəlik ballistik raket buraxılışlarının həcmi sürətlə azalıb.

“İranın bizi və tərəfdaşlarımızı vurmaq qabiliyyəti azalır,”, - deyə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper martın 3-ü axşam yayılan açıqlamada bildirib. Ertəsi səhər Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn mətbuat konfransında jurnalistlərə deyib ki, münaqişənin ilk günündən etibarən İranın teatr ballistik raket buraxılışları 86 faiz azalıb və son 24 saatda kəskin şəkildə aşağı düşüb. Məsələn, BƏƏ Müdafiə Nazirliyi bildirib ki, fevralın 28-də Əmirliklərə qarşı 137 İran ballistik raketi atılıb. Martın 1-də bu rəqəm 28, martın 2-də 9, martın 3-də 12, martın 4-də isə 3 olub.

İranın ballistik raket buraxılışlarının azalmasının bir neçə ehtimal olunan səbəbi var. Birincisi, 12 günlük müharibə zamanı İsrailin İranın ballistik raket imkanlarına vurduğu əvvəlki zərbələrin təsiridir. Həmin zərbələr İranın raket istehsalı və saxlama obyektlərinə ciddi ziyan vurmuşdu, baxmayaraq ki, Tehran bu imkanların bir hissəsini bərpa etməyə çalışıb.

Ən vacibi isə ABŞ və İsrail qüvvələrinin şənbə günündən etibarən İranın raket buraxılış qurğularını və obyektlərini geniş şəkildə hədəfə almasıdır. İsrail Hərbi Hava Qüvvələri martın 3-nə qədər təxminən 300 buraxılış qurğusunun məhv edildiyini və ya sıradan çıxarıldığını bildirib. ABŞ qüvvələri də onları geniş şəkildə hədəfə alıb.

Admiral Kuper qalan təhlükəni “qalıq buraxılış qabiliyyəti” kimi xarakterizə edib. Bu zərbələr İranın imkanlarını azaltmaqla yanaşı, Tehran hələ raket ehtiyatlarına malik olsa belə, onların faktiki olaraq buraxılmasını da çətinləşdirir. ABŞ və İsrail təyyarələri tərəfindən aşkar edilərək məhv edilməzdən əvvəl buraxılış qurğularından raket atmaq belə məhdud sayda olan bu sistemlər üçün ciddi risk yaradır.

Tehranın hərbi gücü və çəkindiricilik strategiyası üçün mühüm olan sistemlərin itirilməsi İran hərbi planlaşdırıcılarının qalan imkanları nə vaxt və necə istifadə etməsi ilə bağlı risk hesablamasına təsir edir. Əgər İran münaqişənin əvvəlində çox sayda raket və buraxılış qurğusu itirsə, uzunmüddətli müharibədə qarşı tərəfə zərər vurmaq imkanları azalacaq.

İran planlaşdırıcıları münaqişədən sonra etibarlı çəkindiricilik üçün kifayət qədər raket imkanını qorumağın vacibliyini də nəzərə alırlar. Xüsusilə raketlərin Tehranın uzunmüddətli çəkindiricilik strategiyasında mərkəzi rol oynaması bu hesablamanı daha da əhəmiyyətli edir. Lakin bu yanaşma İranın mərkəzi komandanlıq və idarəetmə sisteminin hələ də raket bölmələri ilə əlaqə saxlaya bilməsi ehtimalına əsaslanır. Müxtəlif qərargahların məhv edilməsi və komandanlıq, idarəetmə və rabitə imkanlarının zəifləməsi nəzərə alınsa, bu fərziyyə doğru olmaya bilər. Bir çox əməliyyat və taktiki bölmələr yuxarı komandanlığın təlimatları olmadan qərar vermək məcburiyyətində qala bilər.

Bundan əlavə, davamlı “hava-yer” zərbə kampaniyası fərdi buraxılış qurğusu operatorlarını da çəkindirə bilər. ABŞ Mərkəzi Komandanlığının yaydığı videolar bəzi hallarda tərk edilmiş buraxılış qurğularına zərbələr endirildiyini göstərir.

Raketlərin buraxılmadan əvvəl məhv edilməsinə yönəlmiş hücumlarla yanaşı, ABŞ və regiondakı tərəfdaşlarının ballistik raket müdafiə səyləri də münaqişənin ilkin mərhələlərində nisbətən uğurlu görünür. BƏƏ və Qətərin açıqladığı ilkin statistikaya görə, münaqişənin ilk günlərində ballistik raketlərin bloklanma göstəricisi 90 faizdən çox olub. Bu rəqəmlər doğru olarsa, İranın hücumlarının miqyasını nəzərə alsaq, müdafiə səylərinin nisbətən uğurlu olduğunu göstərir.

Bununla belə, bir neçə İran ballistik raketi və pilotsuz uçuş aparatı hücumu hədəflərinə çataraq faciəvi nəticələrə səbəb olub. ABŞ və regiondakı tərəfdaşları münaqişəyə artıq müəyyən dərəcədə gərginlik altında olan raket müdafiə ehtiyatları ilə daxil olmuşdular. Lakin indiyədək görünür ki, bu ehtiyatlar Tehranın böyük həcmdə buraxılışları davam etdirmək imkanları ilə müqayisədə kifayət edib.

ABŞ və İsrail hazırda İranın ballistik raket buraxmaq imkanlarını tükəndirmək üçün yarış aparır. Məqsəd Tehran bunu edə bilməzdən əvvəl ABŞ və tərəfdaşlarının hava hücumundan müdafiə ehtiyatlarının təhlükəli səviyyədə azalmasının qarşısını almaqdır. Yuxarıda qeyd olunan amilləri nəzərə alsaq və gözlənilməz hadisələr baş verməzsə, ABŞ-nin yaxın müddətdə İranla bu münaqişədə ballistik raket müdafiə ehtiyatlarının tam tükənməsi ehtimalı azdır. Bununla belə, ABŞ-nin məhdud hava hücumundan müdafiə ehtiyatları istifadə olunur və qarşıdakı həftələrdə bu xərcləmə tempi davam edərsə, bu vəziyyət ABŞ-ni başqa bölgələrdə eyni vaxtda və ya sonradan baş verə biləcək böyük müharibələrə kifayət qədər hazır olmamaq riski ilə üz-üzə qoya bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Ballistik-raket  


Bizi "telegram"da izləyin